Vəfatından 60 il
sonra akademik olan şair
XIX əsr rumın
ədəbiyyatının görkəmli
nümayəndələrindən biri şair, nasir, jurnalist Mixay Emineskudur. Bu il şairin anadan olmasının 170 illiyi tamam olur.
Mixay Eminesku
(Eminoviç) 15 yanvar
1850-ci ildə Rumıniyanın
Botoşani şəhərində
anadan olub. Erkən çağlardan
ədəbiyyata maraq göstərir. Onun uşaq
təxəyyülünün inkişafına atasının
çox da zəngin olmayan kitabxanasının təsiri
olub. İbtidai məktəbin ilk iki sinfini evdə
keçən Mixay səkkiz yaşında Çernova liseyinin üçüncü sinfinə
qəbul olunur. Sevimli müəllimi,
1848-ci il inqilabının iştirakçısı,
filoloq Aron Pumnul (1818-1866) onda bədii yaradıcılığa
maraq oyadır.
Bir gün A.Pumnul Mixayı evinə dəvət edir, kitabxanasını ona göstərir və istədiyi vaxt yararlana biləcəyini deyir. O, bir müddət müəlliminin
evində qalır, burada dünya ədəbiyyatı nümunələrini
mütaliə edir. 1866-cı ildə A.Pumnul vəfat edir. Mixay bu ağır
itkidən çox təsirlənir və ilk şeirlərini qələmə
alır. Şagirdlərin
görkəmli maarifçinin
xatirəsinə ithaf etdikləri şeirlərdən
ibarət “Gimnaziya tələbələrinin göz
yaşları” adlı
broşürdə 16 yaşlı
Mixayın da ilk dəfə şeiri işıq üzü görür. Şeir “M.Eminoviç” imzası
ilə dərc olunmuşdu.
Müəllifin əsərlərini Azərbaycan
dilinə çevirən
Fəridə Hacıyeva
araşdırmasında yazır
ki, şairin ilk qələm təcrübəsi
olan “Kaş mən də” şeiri Transilvaniyalı publisist İosif Vulkanın redaktorluğu ilə nəşr olunan “Familiya” (“Ailə”) jurnalında dərc edilib. Redaktor şairin soyadını səhvən “Eminesku” kimi yazıb. Bundan sonra nəinki
şairin özü, bütün Eminoviçlər
nəsli bu soyadı daşıyıb...
F.Hacıyeva onu da qeyd edir
ki, “Familiya” jurnalında şairin “Yad ellərdən”, “Bunovinaya”, “Ümid”, “Gecənin sirləri”, “Eliadaya”, “Aktrisaya” və s. şeirləri işıq üzü görüb. Şairin ilk nəsr əsəri
– “Vəhşiləşmiş ruh” romanı isə 1868-1869-cu illərdə
qələmə alınsa
da, müəllifin ölümündən sonra
– 1904-cü ildə işıq
üzü görüb.
M.Eminesku orta məktəbi
1866-cı ildə bitirir
və gimnaziyaya qəbul olunur. Lakin o, gimnaziya
təhsilini başa çatdıra bilmir.
Atasının təkidi ilə
gənc şair 1872-ci
ildə Almaniyaya gedir. 1874-cü ilə kimi Berlində
yaşayır və universitetdə çoxsaylı
mühazirələrin dinləyicisi
olur.
Şair yaradıcılığının ilk vaxtlarında təbiət
təsvirlərinə, məhəbbət
mövzusuna geniş yer verir. Ancaq yaradıcılığının
ikinci mərhələsində
onun əsərlərində
insanın mənəvi
aləminin tərənnümü
əsas yer tutur. O, 1872-ci ildə
Veronika Mikle adlı xanımla tanış olur. Bu onun yaradıcılığında dönüş yaradır.
Şair Veronikanı ömrünün
sonuna kimi sevir. Onu həyatının ən maraqlı əsəri hesab edir. Bu sevgisini “Meşə haqqında nağıl”, “Göl”, “Arzu” şeirlərində poetik bir dillə
ifadə edir:
Gecə
yarı, ağcaqovaq,
Pəncərəmi qamçılayır.
Sevgilimi
yada salıb
Ürəyimi parçalayır...
Şair bir-birinin ardınca “İmperator və proletarlar”, “Mələk və İblis” adlı poemalarını yazır. O daha sonra “Venera və Madonna”, şah əsəri hesab etdiyi “Lucçferul”
poemasını ərsəyə
gətirir.
M.Eminesku 1874-cü ilin sentyabrında işləmək üçün
Yassı şəhərinə
köçür. Burada o, “Kelin”
adlı poemasını
qələmə alır.
Yassıda şair gimnaziya
müəllimi, kitabxanaçı,
məktəb inspektoru
vəzifələrində çalışır.
Ədəbi aləmdə
artıq yaxşı tanınan
şair 1877-ci ildə
“Timpul” qəzetindən
təklif alır. Buna
görə də həmin il
Buxarestə köçür.
Bu illər ərzində
müəllif sosial-fəlsəfi
xarakter daşıyan
“Məktub” əsərini
yazır. Sonra üzərində
8 ildən çox işlədiyi “Gecə ulduzu” poemasını tamamlayır.
Fasiləsiz işləmək, güzəranın
ağırlığı və
sabaha ümidsizlik onu mənən yorur. Şair 1883-cü ilin iyun
ayında bərk xəstələnir. Həmin
il onun
yeni şeirlər kitabı çap olunur. Qəzetlərdə haqqında məqalələr
dərc edilir. Ancaq bütün bunlar şair üçün elə bir əhəmiyyət
kəsb etmir. O öz uğuruna etinasız yanaşır. Çünki ağır xəstəlik
yavaş-yavaş şairi
əldən salırdı.
Bununla belə, şair ən çətin durumda da işləmək
məcburiyyətində idi.
Mixay Eminesku
15 iyun 1889-cu ildə vəfat edib. Ədəbi tənqidçi
Titu Maioresku 1902-ci ildə şairin 14 min səhifədən ibarət
əlyazmalarını Rumıniya
Elmlər Akademiyasına
təqdim edib. 1949-cu ildə (ölümündən
sonra) Mixay Emineskuya Rumıniya EA-nın akademiki adı verilib.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2020.- 15
yanvar.- S.6.