“İrəvan xanlığı” alman dilində
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun nəşri olan “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabı alman dilinə tərcümə olunub. İnstitutun Elmi şurasında nəşrin təqdimat mərasimi keçirilib.
İnstitutun direktoru, akademik Yaqub Mahmudov çıxış edərək Prezident İlham Əliyevin təşəbbüsü ilə yazılan “İrəvan xanlığı” kitabının bundan öncə türk, ingilis, rus, rumın, italyan, ərəb və ispan dillərinə də tərcümə olunduğunu diqqətə çatdırıb.
Akademik qeyd edib ki, müasir Ermənistan Respublikasının ərazisi XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları olub. Cənubi Qafqazda erməni dövləti ilk dəfə 1918-ci ildə yaradılıb. Erməni vandalları İrəvan xanlığının torpaqlarında, o cümlədən İrəvan şəhərində 300-dən çox məscidi yerlə yeksan ediblər.
Vurğulanıb ki, nəşrin İtaliyada, Rumıniyada, Misirdə və digər ölkələrdə təqdimatı keçirilib. Azərbaycan tarixçilərinin İrəvan xanlığına, Qarabağ və Naxçıvan tarixinə həsr olunmuş fundamental əsərləri erməni saxtakarlarına qarşı tutarlı cavabdır.
Tədbirdə çıxış edən alimlər müasir Ermənistan dövlətinin ərazisinin qədim Azərbaycan torpağı olduğu barədə tarixi gerçəkliklərin dünya ictimaiyyətinə daha ətraflı çatdırılmasının vacibliyindən söz açaraq kitabın əhəmiyyətindən bəhs ediblər.
Kitabda İrəvan xanlığının əhalisi, sosial-iqtisadi həyatı, sərhədləri, inzibati bölgüsü, idarəçilik sistemi, çar Rusiyasının işğalçılıq planları, işğal olunmuş xanlıq ərazisinə İrandan və Osmanlı imperiyasından ermənilərin kütləvi surətdə köçürülməsi, bölgənin mədəni irsi və İrəvan xanlığı ərazisindəki azərbaycanlılara məxsus yer adlarının kütləvi şəkildə dəyişdirilməsindən bəhs edilir.
Kitabın elmi redaktoru və layihə rəhbəri akademik Yaqub Mahmudov, alman dilinə tərcüməçisi
və redaktoru filologiya
elmləri doktoru, professor,
Aleksandr fon Humboldt Fondunun laureatı Səadət
Zeynalovadır. Yaqub Mahmudov
kitaba “Ermənilərin XIX əsrdə Şimali Azərbaycan torpaqlarına
köçürülməsi tarixi həqiqətdir”
adlı geniş ön
söz yazıb.
Mədəniyyət.- 2020.- 15
yanvar.- S.6.