Gənc rəssamların “Rəngli sabah”ı

 

 

Xətai Sənət Mərkəzində gənc rəssamların “Rəngli sabah” adlı rəsm sərgisi açılıb. Tədbir Xətai Sənət Mərkəzi, “Best art” studiyası, “Art school” və “Axın” təsviri sənət kurslarının birgə təşkilatçılığı ilə yanvarın 10-da gerçəkləşib.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov sərginin əhəmiyyətindən danışıb, uşaqların yaradıcılığına göstərdiyi diqqətə görə Xətai Sənət Mərkəzinin rəhbərliyinə təşəkkür edib.

Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov bildirib ki, təsviri sənətlə, eləcə də incəsənətin hər hansı bir sahəsi ilə məşğul olmaq uşaqların zövqünün formalaşmasında mühüm rol oynayır. Direktor bundan sonra da belə sərgilərin keçiriləcəyini vurğulayıb.

Art school” təsviri sənət kursunun rəhbəri Xalidə Tahirova  qeyd edib ki, rəssamlıq xüsusi istedad tələb edən bir sahədir. Bu sərginin təşkil edilməsində əsas məqsəd yeniyetmə və gənclərdə sənətə maraq oyatmaqdır.

Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev və “Best art” studiyasının müəllimi Sona Nəcəfova sərgidə iştirak etmiş rəssamları təbrik edib, onlara uğurlar arzulayıblar.

Sonda sərgidə əsərləri nümayiş olunan rəssamlar diplomlarla təltif edilib.

Qeyd edək ki, sərgidə 36 gənc müəllifin 40-dan çox əl işi nümayiş olunub.

 

NURƏDDİN

 

Mədəniyyət.- 2020.- 15 yanvar.- S.3.