Elvin Hoca Qəniyev Türkiyədə mükafata layiq görülüb

 

 

 

Tanınmış gənc violin ifaçısı, Azərbaycanın Əməkdar artisti Elvin Hoca Qəniyev Türkiyənin 2019-cu il üçün “Aydın Gün Təşviq Mükafatı”na layiq görülüb. İstanbul Mədəniyyət və Sənət Vəqfinin (İMSV) mədəniyyət və sənət sahəsinə, eləcə də gələcəyin sənətçilərinin yetişməsinə dəstək məqsədilə 2012-ci ildə təsis etdiyi mükafat Elvinə bu ilin iyun ayında 48-ci İstanbul Musiqi Festivalının açılış mərasimində təqdim ediləcək.

1997-ci ildə musiqiçi ailəsində dünyaya gələn Elvin 5 yaşından skripka ifa etməyə başlayıb. Səkkiz yaşında babası – Xalq artisti, skripkaçı və dirijor Sərvər Qəniyevlə birlikdə ilk konsertini verib. Həmin il İsveçrənin Sürix Konservatoriyasının “Gənc sənətçi” proqramına daxil edilib. 10 yaşında Vladimir Spivakovun rəhbərliyi ilə “Moskva virtuozları” ilə birlikdə Kreml Sarayında ilk konsertini təqdim edib.

İspaniyanın paytaxtı Madriddə Reina Sofia İncəsənət Mərkəzinin Ali Musiqi Məktəbini bitirən gənc ifaçı hazırda Almaniyada Hannover Musiqi, TeatrMedia Universitetində təhsilini davam etdirir. Elvin Hoca Qəniyev bir çox müsabiqə və festivallarda uğur qazanıb. O, gənc violin ifaçılarının K.LipinskiQ.Venyavski adına, P.İ.Çaykovski adına, D.Oystrax adına və digər nüfuzlu beynəlxalq müsabiqələrin laureatıdır.

Qeyd edək ki, Aydın Gün (1917-2007) İstanbulAnkara operalarının banisi olmaqla yanaşı, İstanbul Mədəniyyət və Sənət Vəqfinin də yaradıcısıdır. O, 1974-1993-cü illərdə İMSV-nin baş meneceri olaraq fondun bir çox layihələrinə rəhbərlik edib. A.Gün 1988-ci ildə Türkiyənin “Dövlət sənətçisi” fəxri adına layiq görülüb, “Avropa Şurası Mədəniyyət Mükafatı”nın sahibidir. 90-cı illərin sonunda ailəsi ilə Berlinə köçən opera ifaçısı sənətini orada davam etdirib, Almaniyada vəfat edib.

 

Mədəniyyət.- 2020.- 15 yanvar.- S.3.