20 Yanvar 30 yaşında

 

 

Şəhidlərimizin xatirəsini hüznqürurla anırıq

 

Tariximizin elə səhifələri var ki, illər, əsrlər ötsə də, heç vaxt unudulmur, nəsillərdən nəsillərə ötürülür. 1990-cı ilin 20 yanvarı tariximizə, xalqımızın qan yaddaşına əbədi həkk olunan belə səhifələrdəndir.

Ermənistanın Azərbaycana qarşı ərazi iddiasına etiraz edən, Azərbaycanın suveren hüquqlarının müdafiəsinə qalxan xalqımıza qarşı 30 il öncə – 20 yanvar gecəsi qırmızı imperiyanın “Qızıl ordusu”, sovet hərb maşını misli görünməmiş təcavüz törətdi, günahsız insanlar gülləbaran edildi.

Sovet qoşunlarının Bakıda həyata keçirdiyi qırğında 147 nəfər öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi.

20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, Vətən torpağı uğrunda mübarizliyini məhv etmək məqsədi daşıyırdı. Amma xalqımız həmin faciənin ağırlığı altında sınmadı, milli qürurunu itirmədi. Bakı küçələrini boyamış şəhid qanları bir anlamda milli məfkurəmizin oyanan günəşinin al şəfəqinin simvolu idi. Bugünkü müstəqil Azərbaycan vətən uğrunda canından keçən şəhidlərimizin ruhuna, xatirəsinə ən böyük abidədir.

20 Yanvar Azərbaycanın hüznqürur günüdür. Vətən torpağı şəhidləri ilə ucalır. Xalqımız qəhrəman övladlarının şəhidlik zirvəsinə baxıb başını dik tutmalıdır. Vətən sağ olsun.

 

Mədəniyyət.- 2020.- 17 yanvar.- S.1.