Səhnəyə can atan 30-cu “20 Yanvar”...
Bu yaxınlarda virtual da
olsa, gürcü teatrlarından birinin müharibə ilə bağlı sənədli
teatr üslubunda hazırlanmış tamaşasına
baxdım. Zaman və məkan anlayışlarını kağız
parçası kimi əzik-əzik edən rejissor sadə bir həqiqətə söykənmişdi: müharibədə
qalib olmur. Təsirləndim. Həm tamaşada
bütün insanlığın
əzabının görünməsindən,
həm də kiçik, alaqaranlıq bir səhnənin o boyda emosiyanı verməsindən...
Çağdaş Azərbaycan dramaturgiyasının
səhnə təcəssümündə
də tarixi dərdlərimiz, o cümlədən
20 Yanvar faciəsi əksini tapıb. Hələ
1991-ci ildə, 20 Yanvarın
birinci ildönümündə
Xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması
Gənc Tamaşaçılar
Teatrında Xalq artisti Ağakişi Kazımovun quruluşunda səhnələşdirilib. Yazıçı-dramaturq
Tamara Vəliyevanın teatrın
hazırda repertuarında
olan “Mənim ağ göyərçinim”
tamaşasının süjeti
azadlıq və müstəqillik uğrunda
canlarını qurban vermiş gənclərin nakam həyat hekayəsi əsasında qurulub. Gəncə teatrının “Alın
yazısı”, Mingəçevir
teatrının “Ağla,
qərənfil, ağla”
tamaşaları da bu mövzudadır. Sevinc Elsevərin “Arzu və Murad”, İftixarın “Qalx ayağa, Azərbaycan!” tamaşalarında bu faciədən doğan ağrı əksini tapıb.
Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrında görkəmli
bəstəkar, Xalq artisti Firəngiz Əlizadənin “İntizar”
operası da mövzuya həsr olunan sənət nümunəsidir. Yuğ teatrında
hazırlanan “Yad.Daş”ı,
Lənkəran teatrının
“Yeddi şam”ını
da unutmaq olmaz.
Bununla belə,
mövzu ilə bağlı araşdırma
apardıqda poeziya və nəsr nümunələrinə nisbətdə
dram əsərlərinin azlığı,
üstəlik, müasir
teatrın estetik tələblərinə nə
dərəcədə cavab
verməsi üzərində
düşünüləsi əsas məqamdır. Təbii ki,
müəyyən obyektiv
səbəblər, daha
doğrusu, məsələnin
mahiyyətindən kənar
nüanslar da yox deyil.
Gəncə Dövlət Dram Teatrının
baş rejissoru, bir sıra tamaşaları
ilə beynəlxalq festivalların iştirakçısı
və qalibi olan İradə Gözəlova 20 Yanvar mövzusunun uğurlu səhnə həlli üçün yaxşı
əsərin yoxluğundan
gileylənir. Deyir ki, hadisənin
bədii estetikası fərdi xarakter daşıyır və hər rejissor bu məsələni fərqli hiss edib səhnələşdirə bilər.
Əlavə edir ki, tarixi həqiqətləri
müasir insanlara yalnız bədii vasitələrlə çatdırmaq
mümkündür. Çünki çağdaş insanlara
mütləq bədii
vasitələrlə təsir
etmək lazımdır.
İradə xanımın gənc
həmkarı, Akademik
Milli Dram Teatrının
maraqlı zövqü
ilə seçilən
rejissoru Emil Əsgərov
isə məsələnin
daim aktual saxlanılmasına diqqət
çəkir: “Cəmiyyətin
bu baş verən olaylara münasibəti bizim mənəvi, əxlaqi dəyərlərimizin güzgüsüdür
və təbii ki, incəsənət kontekstində də öz əksini tapmalıdır. Konkret olaraq teatr sənətindən danışırıqsa,
bu işlərin ortaya çıxması üçün, dramaturji
material sənət insanlarını
maraqlandırmalıdır. Fərqli rejissor yanaşması da olmalıdır. Bu gün səhnəmizdə
bu kimi əsərlərə
yanaşma isə statikdir. Yalnız tarixi faktları
səhnəyə gətirməklə
tamaşa qurmaq olmaz. Təqdim olunan səhnə
əsərləri öz
bədii, elmi, konseptual tərəfləri
ilə sənət hadisəsinə çevrilməlidir”.
Amma bu cür yanaşma,
dram əsərləri sarıdan
kasadlıq fikri ilə razılaşmayanlar
da var. Yazdığı
maraqlı əsərlər
ilə son illər populyarlıq qazanan yazıçı-dramaturq İlqar
Fəhmi deyir ki, ümumilikdə ədəbiyyata münasibətdə
bir ikiləşmə
var və bu tarixən də belə olub: “Bir qisim
yazarlar hesab edir ki, ədəbiyyatın
məqsədi həyatın
gerçəkliyini, xalqın
ağrı-acılarını, sosial mühitdəki problemləri əks etdirməkdir. Ədəbiyyatı həyatın güzgüsü
sayanlardan fərqli düşünənlər isə
hesab edir ki, əsl sənət
əsəri real həyatın
problemindən çıxaraq
bədii dəyər yaratmağa xidmət etməlidir. Bu zaman isə, təbii ki, real hadisələr o yaranan dəyər üçün
bir vasitə rolunu oynaya bilər.
Yəni reallığın məqsəddən
vasitəyə keçidi
kimi də realizə oluna bilər. Mən ikinci qəbil
müəlliflərdənəm. Mənə görə, reallıqda baş verən hadisələr daha çox bədii
dəyər yaratmaq üçün vasitədir.
20 Yanvar mənim
gözümün qarşısında
baş verən hadisədir. Niyə yazmadığıma
gəlincə, mövzunun
spesifik bədii həll formasını tapmayınca, yazmaram.
Doğrudur, mövzu ilə bağlı eksperiment tipli materiallarım var. Yəqin
ki,
müəyyən vaxtdan sonra onları
ərsəyə gətirəcəyəm.
Məsələn, fakt ilə
bağlı qərənfil
mövzusu mənim üçün çox əhəmiyyətlidir. Yəni bədii
dəyər, fərqli
bir forma tapmasam, mən özümü ona vadar edə
bilmərəm. Mövzu özü
sadə bir formada yazmağı da qəbul etmir”.
Gənc
yazar Ülviyyə Heydərovanın öz əsaslandırması var:
“Ssenarinin ekrana gəlməsi, pyesin səhnəyə qoyulması
müəllifdən asılı
olan iş deyil. Son illər
Yuğ teatrında “Sükut” hekayəmin motivləri əsasında
“Yad.Daş” tamaşası
hazırlandı. Əminəm ki, neçə-neçə
gənc yazarın müharibə ilə bağlı səhnə əsərləri var və öz səhnə-ekran yolunun açılmasını gözləyir”.
Teatrşünas, sənətşünaslıq üzrə
fəlsəfə doktoru
Elçin Cəfərov
isə deyir ki, tarixi həqiqətlərlə
bağlı tamaşaların
yaranması vacibdir. Konkret olaraq
20 Yanvar faciəsi ilə bağlı mövzu Azərbaycan teatrları tərəfindən
yetərincə işlənməyib.
Müasir dramaturgiya bu
mövzulara həvəsli
görünmür. Yazılan
pyeslərin və tamaşaların sayı da deməyə əsas verir ki, biz 30 illik tarixi gerçəyin səhnə təcəssümünə
hələ də səthi yanaşırıq:
“Belə mövzularda əsərlər göstərişlə
yazıla bilməz. Həm də tarixi həqiqətlər zaman məsafəsindən daha aydın görünür.
30 illik zaman
ərzində kifayət
qədər zaman məsafəsi yaranıb və bu müddətdə
yetəri qədər
parlaq, sənət hadisəsinə çevriləcək
tamaşalar yarana bilərdi. Vacib deyil ki, dramatik tamaşalar hazırlansın. Alternativ teatr
formalarından da istifadə etməklə maraqlı işlər ərsəyə gətirmək
olar. Dünyada belə təcrübə
kifayət qədərdir”.
AMEA-nın Nizami adına Ədəbiyyat
İnstitutunun şöbə
müdiri, filologiya elmləri doktoru Elnarə Akimova da mövzu ilə
bağlı dram nümunələrinin
azlığından danışdı.
Bu tematikada müəyyən
boşluq olmasını
etiraf edən ədəbiyyatşünas hər
zaman aktual olan mövzuya səhnə estetikasında
baxış yoxsulluğunun
təəssüf doğurduğunu
dedi. O, bunu daha çox 90-cı illər ədəbiyyatında
vətənpərvərlik, ictimai-siyasi tematikadan perik salınma ilə bağlayır:
“Buna görə də
bizdə nəinki 20 Yanvar, ümumilikdə Qarabağ, müharibə ilə bağlı hadisələri dolğun ifadə edən, onu mətn kimi
içində əridib
bədii-estetik təcəssümünü
verə bilən əsər yoxdur”.
Sonda onu da qeyd edim ki, 20 Yanvarın 30-cu ildönümü ilə bağlı yenə də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni səhnə işi hazırlayıb. Xalq yazıçısı Anarın “Şəhərin qış gecələri” əsərinə Əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verib. Tamaşanın premyerası 18-19 yanvar tarixində olacaq.
HƏMİDƏ
Mədəniyyət.- 2020.- 17
yanvar.- S.1;3.