Vaşinqtonda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

 

ABŞ-ın paytaxtı Vaşinqtonda “Bakıda 20 Yanvar faciəsi və Azərbaycanın müstəqilliyinin üç onilliyi” adlı tədbir keçirilib.

Vaşinqtonda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, yerli rəsmilər, ictimaiyyət və Azərbaycan icmasının nümayəndələrinin qatıldığı tədbirdə çıxış edən ölkəmizin ABŞ-dakı səfirliyinin müşaviri Vüqar Qurbanov 20 Yanvar faciəsinin xalqımıza qarşı cinayət olduğunu xatırladıb, faciə nəticəsində müxtəlif dinlərə və xalqlara məxsus günahsız insanların qətlə yetirildiyini bildirib.

Qeyd edilib ki, 20 Yanvar şəhidləri arasında müxtəlif dinlərin və xalqların nümayəndələrinin olması Azərbaycan xalqının birliyini və həmrəyliyini, xarici qüvvələrə qarşı birgə mübarizə aparmasını nümayiş etdirir. Hazırda Prezident İlham Əliyevin siyasətinin əsasını dövlətçiliyimiz və müstəqilliyimizin qorunması, daha da möhkəmləndirilməsi təşkil edir.

Sonra çıxış edən tanınmış alim Frederik Star Azərbaycan xalqına qarşı törədilmiş cinayəti tarixi kontekstdən izah edib, 20 Yanvar faciəsi ilə yanaşı, ölkəmizə qarşı yönəlmiş digər təxribatlar barədə söz açıb. Bildirib ki, 20 Yanvar faciəsindən sonra sovet hakimiyyəti mənəvi əsasını və legitimliyini itirib. Regiondakı proseslər sovet hakimiyyətinin sonunu gətirib, bölgədə, o cümlədən Azərbaycanda yeni dövrün əsasını qoyub.

Tədbirin bədii hissəsində tanınmış pianoçu Nərgiz Əliyarova və istedadlı skripkaçı Azər Dəmirov 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər. Konsertdə Azərbaycan musiqisidünya klassiklərinin əsərləri ifa olunub.

 

Mədəniyyət.- 2020.- 17 yanvar.- S.2.