Operadan ekrana aparan yolun yolçuları

 

Musiqili teatr səhnəsi ulduzlarının kino yaradıcılığı barədə

 

I yazı

 

Kino, film, ekran sənəti anlayışı aktyor ifası üzərində qurulan yaradıcılıq sahəsinə ən sonda gəldi. Gəldi və teatr sənətinin, hətta musiqili teatrın “yetişdirdiyi” kadrlardan öz şöhrəti naminə istifadə etdi. Gerçəkdən də əgər kino yaranırsa, teatrın ən mühüm əyləncə və istirahət növü kimi hakimi-mütləq olduğu dövranda meydana çıxırsa, deməli, mütləq özünü sevdirmək üçün formalaşmış sənətsevər auditoriyasının tanıyıb bəyəndiyi, bəyənib sevdiyi isimləri seçməli idi. Buna görə də yenicə ayaq tutub yeriyən, amma hələ danışmayan (səssiz kino) kinematoqraf dramatik, hətta musiqili teatrın tanınmış simalarını kamera qarşısına gətirdi.

İlk kino rejissorlarının, operatorlarının bəxti onda gətirdi ki, həmin simalar kamera qarşısında bir səhnəni dəfələrlə təkrar etmək, ya da çəkiliş prosesinin bir sıra texniki səbəbləri üzündən öz rolunu teatrdakı tək əvvəldən axıra deyil, axırdan əvvələ oynamaq kimi sınaqlardan üzüağ çıxdılar. Dünya kino tarixində dediklərimizə onlarla nümunə çəkə bilərik. Amma söhbətimiz Azərbaycan kinematoqrafından və filmlərimizdə çəkilən opera müğənnilərindən gedir...

 

Sarabski ilə Hüseynzadənin açdıqları cığır...

 

Azərbaycan kinematoqrafında opera müğənnisinin debütünü çox da gözləmək lazım gəlməyib. 1916-cı ildə ilk dəfə lentə alınan “Arşın mal alan” filmində bu əsərin səhnə variantında çıxış edən xanəndə-aktyorlar təkcə kişi rollarını deyil, hətta operettanın 4 qadın qəhrəmanını da oynamışdılar. Rejissor Boris Svetlov tamaşaçı kütləsinin tacir Əsgər rolunda Hüseynqulu Sarabskidən başqa kimsəni qəbul etmədiyini bildiyi üçün onu baş rola çəkmişdisə, Əhməd Ağdamski və Yunis Nərimanovu Gülçöhrə və Cahan xala rollarına bu obrazları gərəkli koloritdə çatdıracaq aktrisaların qıtlığı üzündən təsdiq etmişdi. Hər necə olsa, film səssiz idi və bu rolları Aleksandra və Yeva Olenskayalar (Asya və Telli) kimi başqa, hətta Azərbaycan dilini bilməyən az-çox aktyorluq qabiliyyətinə malik qadınlar da oynaya bilərdilər. Çox təəssüf ki, həmin kinolent itib, ya da məhv edilib deyə, adını çəkdiyimiz teatr fədailərinin ilk dəfə kamera qarşısında özlərini necə hiss etdikləri, teatr səhnəsində sevdirə bildikləri obrazları ekranda necə canlandırdıqları barədə fikir söyləmək çətindir. Amma xoşbəxtlikdən, bir istisnamız var: Ələkbər Hüseynzadə!..

26 yaşında “Arşın mal alan” operettasının ilk tamaşasında Soltan bəy rolunda səhnəyə çıxmış Ələkbər Hüseynzadəni 1945-ci ilin “Arşın mal alan” filmində də bu rolda gördüyümüzdən onun gənc olmasına rəğmən öz rolunu hansı həvəs və şövqlə oynadığını təsəvvür edə bilərik. Üstəlik, komediya aktyoru kimi tanınan Ə.Hüseynzadə “O olmasın, bu olsun”, “Ər və arvad” kimi klassik komediyalarda əsas rollarda çıxış etmiş, öz aktyorluq karyerası boyunca opera və musiqili teatrların səhnəsində 600 dəfədən çox Soltan bəy rolunda səhnəyə çıxmışdı. Ələkbər Hüseynzadə yaradıcılıq karyerası boyunca daha 11 filmdə çəkilib. Əsasən epizodik, ya da ikincidərəcəli rollar oynasa da, onun “Almaz” filmindəki Hacı Əhmədi, “Qara daşlar”dakı Ağaneməti, “Mahnı belə yaranır”dakı Molla Hacımədi, “Ögey ana” filmindəki Qoca Çobanı, “Kölgələr sürünür”dəki Murtuzu öz koloriti ilə yadda qalır. “Sehrli xalat” filmindəki Qoca obrazı isə ən azından “Ya cin, ya piyanar oğlan” xitabı ilə bu filmi bir kərə seyr edən tamaşaçının yaddaşına ömürlük həkk olunur.

Hüseynqulu Sarabskiyə gəlincə, onu bir də kino lentində 1941-ci ildə böyük ekrana çıxan “Səbuhi” filmində görürük. Filmin ilk epizodundan sonunadək Mirzə Fətəlinin yanında olan, onun xalqın maariflənməsi naminə bütün işlərini dəstəkləyən, hətta onu qaragüruhçulardan qorumaq naminə həyatını qurban verən Aşıq Səttar rolu erkən qocalmış Sarabskiyə çox yaraşırdı. Ömrü boyu əməl etdiyi prinsiplərdən əl çəkmədən yaşayan Aşıq Səttar Mirzə Fətəlinin evində qurulan şeir məclisində gürcü qonağın “bəs sən niyə şərab içmirsən” sualına “Mən müsəlmanam” cavabına qarşılıq olaraq Mirzə Şəfiyə işarə ilə eşitdiyi “Mirzə də müsəlmandır, amma o içir” iradına “O cavandır, qoy mənim əvəzimə də içsin” cavabını verərkən də, Puşkinin şeirini dinləyib “bizim dərdimizi hardan bilir” deyə heyrətlənərkən də xanəndə-aktyor səmimiyyətilə öz obrazına rəğbət yaradır. Müsəlmanlıq ilə cahillik arasında bərabərlik işarəsi qoymayan aşığın Tiflisə gedərkən yolda tanış olduğu gənc Fətəliyə, sonradan da onun arvadı Tubuya ata rəğbəti, kazakların qazamata apardığı qaçaq Adıgözəli sazla vəsf edərkən qanun qulluqçusunun qəzəbinə tuş gəlməkdən qorxmaması, ölümünə fitva verilən Mirzə Fətəlini müdafiə etməsi Aşıq Səttarı filmin ən yaddaqalan qəhrəmanlarından birinə çevirir. Maraqlıdır ki, film boyu Aşıq Səttarın oxuduğu mahnılar qocaman xanəndə, opera səhnəmizin ilk və ən yaxşı Məcnunlarından biri Hüseynqulu Sarabskinin səsində deyil, digər bir xanəndə –  Zülfü Adıgözəlovun səsində lentə alınıb. Lakin Sarabskinin və filmin montajçılarının məharəti sayəsində bu ifaların fonoqram, səsləndirmə yox, məhz canlı ifa olduğunu zənn edirsən.

 

Ögey anadan “Ögey ana”yadək

 

Əgər Boris Svetlov 1916-cı ildə “Arşın mal alan”ı çəkərkən aktrisa qəhətliyi ilə qarşılaşırdısa, təəssüf ki, bu vəziyyət hələ 30-cu illərdə də qismən davam edirdi. 1927-ci ildən öz həyatını opera teatrına və filarmoniya səhnəsinə bağlamaq qərarına gələn 20 yaşlı gənc Həqiqətin bəxti onda gətirmişdi ki, sənətdə qarşısına Müslüm Maqomayev, Üzeyir Hacıbəyli kimi istedad qədri bilən hamilər, həyatda da rejissor, sənət sevdalı Hüseyn Rzayev kimi ömür-gün yoldaşı çıxmışdı. Milli opera tamaşalarında kişi solistlərin canını qadın rolları oynamaqdan qurtaran ucaboy, yaraşıqlı, ən başlıcası, güclü səs və böyük aktyorluq qabiliyyəti olan Həqiqət gənc yaşından Bakı kinostudiyasında çəkilən təkəm-seyrək filmlərin quruluşçu rejissorlarının nəzərindən yayınmır. İşə bax ki, opera səhnəsinin gur səsli ulduzu səssiz kinonun kəşf etdiyi mükəmməl simalardan birinə çevrilir.

Azərbaycan kinematoqrafının səssiz film mərhələsinin şedevri sayılan “Lətif” (1930) filmində Həqiqət Rzayeva yeganə qadın obrazını canlandırır. 7 yaşlı Lətifin Ögey anası rolunda çəkilən aktrisa cəmi iki epizodda görünür. Bir dəfə evdə, ikinci dəfə də Lətifin xəyalında canlandırdığı bir dəqiqədən az çəkən kadrlarda uşağı kötəkləyərkən. Amma elə bircə epizod da kifayətdir ki, gənc aktrisa öz məharətini göstərə bilsin.

...Hacı Səmədin qapısında bütün günü acqarına nökərçilik etmiş Lətif evə gəlir. Nənnidə yatmış körpədən başqa evdə kimsə yoxdur. Lətif taxçadakı qara çörəkdən kəsib yeyir, həm sevimli xoruzuna, həm də pişiyə çörək verir. Körpə oyanıb ağlayır. Lətif onu sakitləşdirmək üçün qucağına alır. Bu zaman Ögey ana içəri girir. Qadın hirslə körpəni uşağın qucağından alıb bağrına basır. Elə bu məqamda Həqiqət xanım bütün aktyorluq məharətini bir-iki mimik jestlə tam ortaya qoyur. Lətifi az qala cinayət işləmiş cani kimi kinli nəzərlərlə süzən qadın baxışlarını körpəyə çevirərkən üzünə təbəssüm yayılır, gözlərindən sevgi yağır. Hacı Səməddən zəhmət haqqını almadan evə gəlib çörək yemiş Lətifi isə daha ağır cəza gözləyir: sevimli xoruzu ilə birlikdə evdən qovulmaq! Həqiqət xanım bir neçə dəqiqənin içində bitkin Ögey ana obrazı yarada bilir.

Həqiqət Rzayevanın çəkildiyi ikinci filmin adı “İsmət”dir. 1934-cü ildə lentə alınmış bədii lent Həqiqətin (obraz öz ifaçısı ilə adaşdır) Mollaya öz həyatından şikayətlənməsi ilə başlayır. On ildən bəri ailə qursa da, övlad sahibi olmayan Həqiqət əri Səmədin işgəncəsinə, qayınanasının tənəsinə daha dözə bilmir. Lakin Molla ona dözməyi məsləhət bilir. Üzünə çarəsizlik dumanı çökmüş Həqiqət əlacsız oranı tərk edir. Növbəti səhnədə Həqiqəti qayınanası ilə birlikdə el hamamında, geyinib-soyunma səkisində görürük. Qayınana ondan azacıq arxada oturmuş gəlinini saymadan hamam ocaqçısının qızı gözəl İsmətlə dilxoşluq edir, qızın könlünü almağa, özünü ona sevdirməyə çalışır. Bu məqamda kamera qayınanası ilə İsmətin söhbətini izləyən Həqiqətə tuşlanır. Təzə qurulan bu münasibətin onun üçün heç də yaxşı qurtarmayacağını hiss edən Həqiqət aramla soyunur, donunun düymələrini yavaş-yavaş, lakin hirslə açır. Hiss etdirir ki, o, qayınanasını da, İsməti də eyni hirslə didməyə hazırdır. Növbəti epizodda Səmədin evi təsvir edilir. Qayınana ortada durub göstəriş verir. Bu gün Səməd ikinci dəfə evlənir, İsmət Həqiqətin üstünə günü gəlir. Qayınana qanı qaralmış, çarşabına bürünüb bir küncə sığınmış Həqiqəti iş görməyə, gəlin otağını bəzəməyə vadar edir. Nəhayət, Həqiqət qayınanasının növbəti tapşırığını yerinə yetirməkdən imtina edərək otaqdan çıxır... Bir qədər sonra özünü yandıraraq intihar edir.

Belə görünür ki, Həqiqət Rzayevanı özünün quruluş verdiyi iki filmdə –  “Lətif”də və “İsmət”də epizodik də olsa, tam fərqli rollara çəkmiş rejissor Mikayıl Mikayılov onun potensialına yaxşı bələdmiş. 1934-cü ildə Həqiqət Rzayeva qısametrajlı “Dostlar” (quruluşçu rejissor Ağarza Quliyev) filmində çəkilir və bundan sonra onun kino yaradıcılığında çoxillik fasilə yaranır.

Düzü, “Dostlar” filmi barədə heç bir məlumatımız olmadığı üçün bu lent barədə deyiləcək sözümüz yoxdur.

Həqiqət Rzayevanın ötən əsrin 30-40-cı illərində çox dolğun teatr-konsert fəaliyyəti olub. Filarmoniyada davamlı konsertlərdə çıxış edib, qastrol səfərlərinə gedib, opera səhnəsində, demək olar ki, bütün muğam operalarında əsas qadın partiyalarını ifa edib. Təkcə Leyli rolunda 500 dəfədən artıq səhnəyə çıxan Həqiqət Rzayeva 1953-cü ildə teatr səhnəsindən gedir. Leylidən sonra Leylinin, ya da Məcnunun anası kimi səhnəyə çıxmağı özünə yaraşdırmır. Opera teatrında məsləhətçi pedaqoq kimi çalışır, Asəf Zeynallı adına məktəbdə muğamdan dərs deyir. Elə bu illərdə tanınmış kino rejissoru Həbib İsmayılov Həqiqət xanımı ona yaraşan bir rola dəvət edir. “Ögey ana” filmində Qəmər xala roluna.

Bu film haqqında hamı hər şeyi bilir, Həqiqət xanımın və digər aktyorların, hətta balaca aktyorlar Ceyhun Mirzəyev və Sevinc Axundovanın hansı məharətlə öz rollarını sevdirməsi də hər kəsə bəllidir. Ölkə telekanallarında müntəzəm nümayiş etdirilən “Ögey ana” filmi ən sevimli bədii lentlərdəndir. Odur ki, biz Həqiqət xanımın Qəmərilə bağlı kadr arxasında qalan məqamlara toxunmaq istəyirik.

İllər öncə Həqiqət xanım barədə xatirə yazısı yazmaq üçün oğlu, Xalq artisti, görkəmli bəstəkar Azər Rzayevlə, onun ailə üzvləri ilə görüşmüşdüm. Azər müəllim anasının zahirən çox sərt qadın təsiri bağışladığını deyəndə, təsadüfən “dəmir ledi” ifadəsi ağzımdan çıxmışdı. Bu məqamda bəstəkar gülərək “Mirzə İbrahimov anama həmişə “Vassa Jeleznova” (Maksim Qorkinin eyniadlı əsərinin sərt xarakterli qəhrəmanı) adlandırırmış. Lakin Həqiqət xanımı bir qədər yaxından tanımaq gərəkmiş ki, onun zahiri sərtliyinin içində hansı mülayimliyin gizləndiyini görə biləsən. Onun Qəmər xalası da məhz bu cür idi. Dilarəni cavan vəfat etmiş qızının yerində görmək ona nə qədər ağır olsa da, onu sərtləşdirsə də, Dilarə tufanda, dağa, qoyun yatağına gedərkən bir ana kimi onun gedişinə etiraz edir, həkimi yoldan saxlaya bilməyəndəsə İsmayıl kimi nigaran qalıb gecəni yatmır. Həqiqət xanım filmdə iki dəfə möhkəm ağlayır. Birinci dəfə Arif İsmayılın gözyaşına baxmadan onu özü ilə yol çəkməyə aparmayanda, ikinci dəfə İsmayıl zərbə dalğasının şokundan ayılmayanda.

Mərhum Azər müəllim danışırdı ki, anam İsmayıllıda filmə çəkilən günlərdə nənəm vəfat etdi. Teleqram vurduq, anam elə Qəmərin geyimində özünü dəfnə yetirdi. Anasının tabutu başında ağlayıb oxşadı, ürəyini boşaltdı. Ertəsi gün... yığışıb rayona qayıtdı. Dedi ki, ana da mənimdir, iş də. O qədər adamı öz dərdimə görə günlərlə gözlədə bilmərəm. Bəlkə də filmdə Qəmər xalanın çox təbii görünən bala itkisindən dolayı göz yaşları, ağısı anasızlığın qövrü idi...

Film ekranlara çıxandan sonra Həqiqət xanımın öləziyən opera sənətçisi şöhrəti mahir aktrisa şöhrəti ilə yenidən alovlanır. Ətrafındakı hər kəs bundan məmnun idi, bircə nəfərdən başqa. “Ögey ana” filmindən sonra Ceyhun Mirzəyevlə Həqiqət xanımın arasında əsl nənə-nəvə məhəbbəti yaranır. Hətta Ceyhun tez-tez Həqiqət xanımı yoluxmağa gələrmiş. Azər müəllimin yeganə qızı, o vaxt 4-5 yaşı olan Ülviyyə isə onu hər kəsdən çox əzizləyən nənəsini Ceyhuna qısqanar, balaca qonaq gedəndən sonra “nənə mənimdir, heç kimə vermərəm” deyib dalaşarmış...

***

1950-60-cı illərdə “Azərbaycanfilm”də istehsal olunan digər filmlərdə də opera müğənniləri, vokalçılar çəkiliblər ki, onlar haqqında növbəti yazımızda söhbət açacağıq.

 

Gülcahan MİRMƏMMƏD

 

Mədəniyyət.- 2020.- 17 yanvar.- S.5.