Vyanada Çingiz
Babayevin xalçalardan
ibarət sərgisi
Yanvarın 15-də Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində tanınmış rəssam və heykəltəraş Çingiz Babayevin xalçaçılıq əsərlərindən ibarət sərgisi açılıb.
Mərkəzin direktoru Leyla Qasımova qonaqlara Çingiz Babayevin yaradıcılığı haqqında məlumat verib. Qeyd edilib ki, o, rəssam və heykəltəraş olmaqla yanaşı, xalça dizayneri, zərgər, mum fiqurları ustası kimi uğurlu əsərlərin müəllifidir. Müxtəlif materiallarla işləməyi sevən incəsənət xadiminin xalçalar üçün naxış və eskizləri diqqəti cəlb etdiyinə görə, onun Vyanada ilk xalça sərgisini təşkil etmək ideyası meydana gəlib.
L.Qasımova onu da diqqətə çatdırıb ki, qədim Azərbaycan xalçaçılıq sənətinə müasir yanaşma üslubu maraqla qarşılanır və müəllifin xalçaları Azərbaycan Milli Xalça Muzeyinin eksponatları sırasına daxil edilib.
Çingiz Babayev sərginin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkür edib. O, sərgidə nümayiş olunan əsərlər haqqında məlumat verərkən bildirib ki, müəllifi olduğu xalçalar ilk baxışda izləyicidə qədim xalçalarla oxşarlıq təsəvvürü yaradır. Lakin onun xalçaları məzmun və ideyaca fərqlənir, müasir dünyamızın aktual mövzuları, gündəlik həyatın problemlərinə müəllif baxışı onlarda əksini tapır.
Tədbirdə Çingiz Babayevin yaradıcılığına həsr
olunmuş film nümayiş olunub. Sərgidə
müəllifin dizayn verdiyi
xalçalarla yanaşı, eskizlər, gümüş məmulatlar da
nümayiş olunur.
Mədəniyyət.- 2020.- 17
yanvar.- S.8.