“Xatırlayın! Yaşadın! Unutmayın!”

 

 

İstiqlal Muzeyində 20 Yanvar faciəsinə həsr olunan sərgi

 

Yanvarın 18-də Azərbaycan İstiqlal Muzeyində Qanlı Yanvar faciəsinə həsr olunan “Xatırlayın! Yaşadın! Unutmayın!” adlı tədbir-sərgi keçirilib. Mədəniyyət nazirinin müavini Rafiq Bayramov anım mərasimində iştirak edib.

Sərgidə Xalq rəssamı Əşrəf Heybətovun və Əməkdar incəsənət xadimi Sara Namitokova-Manafovanın rəsm əsərləri, 1990-cı ilin 20 yanvar gecəsi sovet ordusu tərəfindən dinc əhaliyə qarşı törədilən vəhşilikləri, qırğınları əks etdirən fotoşəkillər nümayiş olunub. Ekspozisiyada Tahir Cəfərov, Sənan Ələsgərov, Rauf Umud, Oleq Litvin, Asim Talıbov kimi tanınmış fotoqrafların çəkdikləri fotolardan da istifadə edilib.

Tədbir iştirakçıları İstiqlal Muzeyinin fondlarında qorunub saxlanılan 20 Yanvar şəhidlərinin 60-a yaxın şəxsi əşyası ilə də tanış olublar.

Həmçinin İstiqlal Muzeyinin kolleksiyasındakı eksponatlar əsasında tərtib edilən, layihə rəhbəri Mədəniyyət naziri Əbülfəs Qarayev olan “Xatırlayın! Yaşadın! Unutmayın!” adlı albomun təqdimatı olub.

Mərasimdə Mədəniyyət nazirinin müavini Rafiq Bayramov, İstiqlal Muzeyinin müvəqqəti icraçı direktoru Sədi Mirseyibli, 20 Yanvar şəhidi Ağabəy Novruzovun atası Oqtay Novruzov, 20 Yanvar şəhidi Azər Ələkbərovun bacısı Səda Ələkbərova, 20 Yanvar şəhidi İlham Allahverdiyevin bacısı oğlu Emil Əliyev və başqaları Qara Yanvar hadisələri haqqında danışıblar. Çıxışlarda vurğulanıb ki, milli azadlıq və respublikamızın ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı həyata keçirilən bu qanlı təcavüz Azərbaycan tarixinin faciəli, eyni zamanda şanlı səhifəsidir. Ölkəmizin müstəqilliyi, suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsi xalqımızın yaddaşına əbədi olaraq həkk olunub.

 

Mədəniyyət.- 2020.- 22 yanvar.- S.4.