Qobustan qoruğunda
xatirə mərasimi
Yanvarın 18-də Qobustan Milli Tarix-Bədii Qoruğunda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş xatirə mərasimi keçirilib.
Mərasimdə çıxış edən qoruğun direktoru Vüqar İsayev bildirib ki, bu dəhşətli hadisə yaxın tariximizin ən faciəvi günlərindən biri olmaqla bərabər xalqımızın yaddaşına qəhrəmanlıq səhifəsi kimi həkk olunub: “Ölkəmizin azadlığı uğrunda canlarını qurban verən şəhidlər bu günü öz qanları ilə həm də Azərbaycan xalqının milli oyanış və qəhrəmanlıq salnaməsi kimi müasir tariximizə yazıblar. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecədə həlak olan vətən oğulları xalqımızın milli azadlığı, müstəqilliyi üçün yol açdılar”.
Vüqar İsayev diqqətə çatdırıb ki, xalqımızın azadlıq uğrunda mübarizəsinin rəmzinə çevrilən bu tarixi hadisəyə ilk dəfə siyasi qiyməti ümummilli lider Heydər Əliyev verib.
Sonra 20 Yanvar hadisələrindən bəhs edən videoçarx göstərilib, Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən 321 saylı tam orta məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim edilib.
Həmçinin Dövlət Təhlükəsizlik
Xidmətinin Mədəniyyət mərkəzinin rəssamlıq
kursu şagirdlərinin əl işlərindən
ibarət sərgi, 20 Yanvar hadisələrini
əks etdirən fotostend nümayiş
olunub.
Mədəniyyət.- 2020.- 22
yanvar.- S.4.