Klassik əlyazmalarımızın mahir bilicisi
Orta əsrlər ədəbiyyatımızın bir sıra nümayəndələrinin fars dilində əsərləri, habelə bəzi Şərq xalqlarının məşhur folklor nümunələri onun tərtib və tərcüməsində Azərbaycan oxucusuna çatdırılıb. Bu yazıda Əməkdar mədəniyyət işçisi, alim, şair, pedaqoq Məmmədağa Sultanovu anadan olmasının 110 illiyi ilə bağlı yad edəcəyik...
Məmmədağa Sultanməhəmməd oğlu Sultanov 5 yanvar 1910-cu ildə Cənubi Azərbaycanın Ərdəbil şəhərində dünyaya göz açıb. O, kiçik yaşlarında olarkən ailəsi Bakıya köçür. Məmmədağa Balaxanı kəndində fəhlə-kəndli məktəbində orta təhsilini başa vurur. Sabunçu qəsəbəsindəki Neft Texnikumunda təhsilini davam etdirsə də, sonradan fikrini dəyişir, müəllim olmaq istəyir. Sabunçu qəsəbəsindəki fəhlə klubunda müəllim kimi bədii-siyasi axşamlar təşkil edir. Fəhlələr, xüsusilə də qadınlar üçün gündəlik qəzetlər oxuyur. O, eyni zamanda klubun nəzdində təşkil edilən və görkəmli ədib Seyid Hüseynin rəhbərlik etdiyi ədəbiyyat dərnəyində yaxından iştirak edir.
Ədəbi və ictimai həyatda təzə-təzə tanınan Məmmədağa Sultanov qələmini ilk dəfə 1931-ci ildə bədii tərcümə sahəsində sınayır, həmçinin ara-sıra şeir və hekayələr yazır. Orta əsrlərin tanınmış şair və mütəfəkkirlərindən Rudəki, Cami, İbn Sina, Sədrəddin Ayni və başqaları haqqında mətbuatda yazılar dərc etdirir. Əsasən fars dilindən tərcümə ilə məşğul olur, tərcümələri işıq üzü görür. Heyran xanımın “Qəzəllər”i, Xaqani Şirvaninin “Seçilmiş əsərlər”i və “Töhfətül-İraqeyn” poeması, Sədi Şirazinin “Gülüstan”, Əssar Təbrizinin “Mehr və Müştəri”, Əmir Xosrov Dəhləvinin “Oğluma nəsihət” əsərləri, eyni zamanda məşhur “Kəlilə və Dimnə” kitabı və s. bu qəbildəndir.
M.Sultanov bir neçə rayonda mətbuat sahəsində çalışıb, “Gənc işçi” qəzetində məsul katib, “Kommunist” qəzeti redaksiyasında Elm və mədəniyyət şöbəsinin müdiri vəzifələrində işləyib. 1939-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsində fars dili müəllimi kimi işə götürülür. II Dünya müharibəsi başlayanda o da səfərbərliyə alınır. Sovet ordusunun tərkibində 1942-ci ildə İrana gedir. Təbriz şəhərində yerləşdirilən ordunun siyasi şöbəsində baş təlimatçı kimi çalışır. İşində peşəkarlıq nümayiş etdirdiyinə görə SSRİ-nin Tehrandakı səfirliyinin xüsusi təşəkkürünə layiq görülür. M.Sultanov 1945-ci ildə ordudan tərxis olunur və Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsinə müdir təyin edilir. Eyni zamanda universitetdə fars dili və İran ədəbiyyatı tarixindən dərs deyir.
Onu da qeyd edək ki, Dil və Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi 1950-ci ildə M.Sultanovun gərgin əməyi nəticəsində Respublika Əlyazmalar Fonduna çevrilir. O, 1972-ci ilə qədər fondun direktoru olur. Bu müddətdə fondda saxlanılan nadir əlyazmalar və mətbu nəşrlərin kataloqları tərtib edilərək çap olunur. Görülən işlərin əhatəsi genişləndiyinə və elmi səviyyəsi yüksəldiyinə görə fondun xüsusi instituta çevrilməsi ideyası irəli sürülür. Lakin müxtəlif səbəblərdən bu iş alınmır və M.Sultanov öz istəyi ilə vəzifəsindən gedir. Ancaq bir neçə il sonra respublikanın rəhbəri – ümummilli lider Heydər Əliyevin tapşırığı ilə Əlyazmalar Fondu indiki binasına köçürülür və institut statusu alır.
Görkəmli alimin Azərbaycan ədəbiyyatşünaslığının inkişafında mühüm xidmətləri olub. Araşdırmalarda göstərilir ki, o, Abbasqulu ağa Bakıxanovun itmiş hesab edilən “Divan”ının tapılmasında böyük səy göstərib. Eyni zamanda onun külliyyatının əlyazması tapılanda bir çox tədqiqatçılar əlyazmanın “Qüdsi“ təxəllüsü ilə yazan Mirzə Həsib Qüdsi, Mirzə Hüseyn Səbzvari Qüdsi və Şeyx İbrahim Gəncəviyə aid olduğunu bildiriblər. Ancaq alim bu külliyyatın məhz Bakıxanova məxsus olduğunu elmi dəlillərlə sübuta yetirib.
Əlyazma kitabların kamil bilicisi, klassik ədəbiyyatımızın istedadlı tərcüməçisi Məmmədağa Sultanov 22 yanvar 1991-ci ildə Bakıda vəfat edib.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2020.- 22
yanvar.- S.6.