Şəmkirdəki “Azərbaycan toyu” “Ginnesin rekordlar kitabı”na düşə bilər

 

 

Şəmkir Rayon Tarix-Diyarşünaslıq Muzeyinin foyesindəki divara çəkilmiş miniatür tipli rəsmlər “Ginnesin rekordlar kitabı”na daxil edilə bilər.

Bu təsvirlər 73 kvadratmetr sahəni əhatə etməklə, dünyada indiyədək çəkilmiş miniatür tipli ən irihəcmli rəsm əsəridir.

“Azərbaycan toyuadlananvahid süjet əsasında işlənmiş divar rəsmlərinin müəllifi Azərbaycan Rəssamlar İttifaqının üzvü Fərman Hüseynovdur. Tempera boyası ilə işlənmiş rəsmlər divara 2016-cı ildə çəkilib.

Təsvirlərin mərkəzində ilin gözəl fəslində – yaz çağında saz-söz, şeir məclisi qurulub. Ətrafdakı hər şey – aydın səma, yaşıla bürünmüş dağlar, çəmənlər, coşub-daşan çaylar, çiçəkləyən ağaclar, durna qatarı, yuva quran qaranquşlar, cəh-cəh vuran bülbüllər, bir sözlə, ətraf aləm yazın gəlişindən, təbiətin oyanışından xəbər verir.

Rəsmin süjet xəttinə əsasən, bir ozan bir-birlərini ülvi məhəbbətlə sevən iki aşiqin eşq dastanını danışır. Əsərin sağında oğlan evi, solunda isə qız evi təsvir edilib. Arxa fonda qədim Şəmkir qalası məşhur sütun, öndə isə elçilik üçün yola düşən dəvə karvanı görünür. Bir az sonra qız evində elçilik hər iki gəncin söhbətləşən ataları təsvir olunur. Nəhayət, valideynlər xeyir, duaları ilə öz qızlarını bəzənmiş kəcavədə oğlan evinə yola salırlar. Uzun yolçuluqdan sonra karvan şəhərə çatır, xoş xəbər hər yana yayılır. Oğlan evində el adəti ilə böyük toy məclisi qurulur, gənclər sevinir, oynayır, şadlıq edirlər.

Azərbaycan toyudivar rəsmlərində rəssam Fərman Hüseynov, demək olar ki, ölkəmizin maddi-mənəvi irsini, onun adət-ənənələrini, el sənəti nümunələrini bir rəssam peşəkarlığı ilə təsvir etməyi bacarıb.

Ginnesin rekordlar kitabı”na daxil edilməsi üçün təqdim olunmuş “Azərbaycan toyuiki mərhələni uğurla keçib. Hazırda proses növbəti sənədləşmə mərhələsindədir.

 

Mədəniyyət.- 2020.- 24 yanvar.- S.4.