Ağlamaq sərbəstdir...

 

 

“Mən, nənəm, İlikoİllarionMusiqili Teatrın səhnəsinə çıxacaq

 

- Sakit, bəsdirin. Ayıbdır, uşağın yanında belə dava eləmək olmaz. Əcəb nümunə göstərirsiniz gənclərə...

Əməkdar artist Almaz Ələsgərlinin hamımıza tanış cingiltili səsi dəhlizi bürüdü. Düzü, bir az narahat olduq. Hətta “məşqdə dava düşüb” deyə düşündük. Amma kiçik səhnə zalına keçincə bu narahatlıq aradan qalxdı. Məşq başlamışdı və az öncə eşitdiklərimiz də əsərdən bir parça idi.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Nodar Dumbadzenin “Mən, nənəm, İlikoİllarion” əsərinin məşqləri gedir. Tamaşanın quruluşçu rejissoru Əhəd Hacıyev, rejissoru Zaur Əliyev, quruluşçu baletmeysterləri əməkdar artistlər ZakirYelena Ağayevlər, musiqi tərtibatçısı Səməd Süleymanlıdır.

Rolları Əmrah Dadaşov, Ruslan Mürsəlov (Zuriko), Əməkdar artist Almaz Ələsgərli və Gülnarə Abdullayeva (Olqa nənə), Əməkdar artist Ələkbər Əliyev və Əliməmməd Novruzov (İliko), Əməkdar artist Əzizağa Əzizov (İllarion), Nərmin Əliyeva və Zinyət Qurbanova (Meri), Zaur Əliyev (Romuli), Elxan İsmayılov və Elçin İmanov (kənd həkimi), Əməkdar artist Nahidə Orucova  Gülcahan Salamova (Marta xala), Fərid RzayevŞaban Cəfərov (Otar), Gültac Əlili və Eleonora Mustafayeva (Tsira), Əməkdar artist Çingiz Əhmədov və Ağaxan Şərifov (göz həkimi), Rauf BabayevHüseyn Əlili (kənd müəllimi), Elnur Zeynalov (kəndli oğlan) ifa edirlər. Xorbalet artistlərinin də iştirak edəcəyi səhnə işində əsərin ana ideyasının müasir zamanla inikasına nail olunacaq. Ən azı rejissorun quruluş həllində bu istəyi görünür.

“Mən, nənəm, İlikoİllarion” romanı Dumbadzenin avtobioqrafik əsərlərindən sayılır. Yetim uşaq Zuriko kənddə nənəsi və qonşuları İlikoİllarionla birlikdə yaşayır. Böyük Vətən müharibəsi illərində öz yaxınlarını cəbhədə itirmələrinə, çətin və ağır şəraitdə yaşamalarına baxmayaraq, bu insanlar hələ də gülməyi, sevinməyi və həyata ironiya ilə baxmağı bacarırlar.

Təsadüfi deyil ki, gürcü tənqidçiləri müəllifin yaradıcılığını analiz edərkən təxmini bu fikri ifadə edirlər: “Biz gürcülər gülməyi yadırğamışdıq. Nodar Dumbadze gəldi və hər şey yoluna düşdü”. Təbii ki, onun ümumilikdə bütün yaradıcılığını nəzərə alan şərhdə ilk olaraq “Mən, nənəm, İlikoİllarion” romanı nəzərdə tutulur. Çap olunduqdan qısa müddət sonra onlarla dilə tərcümə olunan bu əsər keçmiş SSRİ-nin bütün böyük teatrlarında səhnələşdirildi, eyniadlı məşhur film də çəkildi. Yəni ən müxtəlif səhnə üslublarında təqdim olunmuş əsərə hər yozum rejissordan müəyyən mənada yeni baxış və onu realizə bacarığı tələb edir.

Acı, kədərli, ironiyalı olsa da, daha çox reallığı, həm də  bioqrafiyasını yazan müəllif əsərində yetim uşaqlığına qayıdıb və bu ağır dönəmi onunla birgə keçirən nənəsi və qonşularına sevgisini məhz bu cür ifadə etməyə çalışıb.

Dumbadzenin ümumilikdə insan, onun düşdüyü mühitə münasibəti və xarakterini formalaşdıran xüsusiyyətlərə üsyanını fərqli və həm də real boyalarla əks etdirdiyi əsərinə Musiqili teatrın səhnəsində rejissor Əhəd Hadıyevin hansı rakursdan baxmağa çalışdığını, bir neçə hissəsini izlədiyimiz məşq prosesində sezdik.

Məşq zamanı daha çox əsərin yaşlı qəhrəmanlarının ifa manevrləri, obrazdan çıxış texnikalarına bələd olmaları nəzərə çarpırdı. Təbii ki, fərdi maneralar, ümumi mizanlar üzərində gedən müstəqil , aktyorlara sərbəst oyun-nümayiş imkanları hələ cilalanacaq.

Fasilədə fürsət tapıb quruluş müəllifinin fikrini də öyrəndik. Çağdaş insanın şəhərləşmə, keçmişindən qopma, mühitə təslim və unutqanlıq kimi məqamlardakı ruhi sıxıntılarını əsərdən sıçrayan məqamlarla necə sintez edib tamaşaçıya çatdıracağını xəbər aldıq: “Tamaşanın bir ana xətti olub: cavanların şəhərə gedib qayıtmamağı və kənddə uşaq və qocaların qalması. Biz isə nənə ilə Zurikonun məhəbbətinə, gəncin nənəsinin timsalında onun uşaqlığına sevgisinə və böyük şəhərin rəngli maraqlarının onun bu hisslərinə toxunmamasına diqqət çəkəcəyik”.

Rejissor bu tamaşada Almaz Ələsgərlini tam fərqli səpkidə görəcəyimizi, Əzizağa Əzizov və digər aktyorları da oynayacağı obrazlarla yeni biçimində izləyə biləcəyimizi deyir.

Əsərin tragik finalı – nənənin ölümü və nəvəsinin ona yetişməmə nisgilitamaşada təsirli boyalarla əks olunacaq. Quruluş müəllifi tamaşanın ümumi musiqi həllini gürcü xoru, a kapella ifalar, baletdən nömrələr, gürcü xalq mahnı və rəqslərindən istifadə ilə verməyə çalışacaqlarını da əlavə etdi.

Bəli, musiqili, daha çox komediya nümunələri izlədiyimiz teatrın səhnəsində bu dəfə rahatca qəhərlənə, hətta ağlaya bilərsiniz. Quruluş müəllifləri və aktyorlargöz yaşı içində gülüşünüzü yoxlayacaqlar. Elə siz də onların. Odur ki, teatrın repertuarını izləyin...

 

Həmidə NİZAMİQIZI

 

Mədəniyyət.- 2020.- 24 yanvar.- S.4.