Operadan ekrana aparan yolun
yolçuları
Musiqili teatr səhnəsi
ulduzlarının kino yaradıcılığı barədə
II yazı
Böyük Vətən müharibəsinin iqtisadiyyata
vurduğu yaralar sağaldıqca, dağıntılar bərpa
edildikcə, ölkədə, yəni o zamankı SSRİ-də
həyat öz məcrasına düşür, insanlar daha
maraqlı, daha dolğun həyat yaşamağa
başlayırdılar. Təbii ki, bu coşqu,
yaşayıb-yaratmaq həvəsi, XXI əsrdən baxarkən
nə qədər qəribə görünsə də, hətta
siyasiləşdirilərək Amerikanı ötüb
keçmək, sosializmi bütün dünyada yaymaq istəyi
həyatın bütün cəhətlərində öz bəhrəsini
verirdi. Nəhəng ölkənin bir parçası olan
Azərbaycanda da bu vüsət qabarıq hiss olunurdu.
Bu gün
Azərbaycanın iri sənaye şəhərləri olan
Sumqayıtın, Mingəçevirin sürətlə
böyüməsi, dünyada su üzərində ilk şəhər
– Neft Daşlarının salınması, dənizdən neftin
hasil edilməsi də iyirminci yüzilliyin qırx-əllinci
illərində baş verdi. Yenə
də, təbii ki, bütün bu yeniliklər Azərbaycan bədii
kinosunun diqqətindən yan keçmədi. Üstəlik, dövlət rəhbərliyi və
hakim Kommunist Partiyası da ölkədəki müsbət dəyişiklikləri,
dinc quruculuq işlərini ədəbiyyatda, teatrda, kinoda,
musiqi və təsviri sənətdə göstərməyi tələb
edirdi.
Əllinci
illərin ikinci yarısında Azərbaycan kinosundakı
canlanmaya Moskvada Kinematoqrafiya İnstitutunda ali
təhsil almış rejissor, operator və rəssamların
yaradıcılığa başlaması da öz töhfəsini
verirdi. Artıq aktyor qıtlığı da aradan
qalxmışdı. Amma bununla belə… çəkilən
filmlərdə biz teatr aktyorları ilə yanaşı opera və
balet artistlərini, vokal və estrada
müğənnilərini də görürük. Lap məşhur
ifadədə deyildiyi kimi, əgər insan bir sahədə
istedadlıdırsa, deməli, başqa sahədə də istedadını
göstərə bilər...
Yusifi məşhur
edən Faiq
Əllinci
illərin ikinci yarısı “Azərbaycanfilm”
kinostudiyasında bir-birinin ardınca çəkilən “O
olmasın, bu olsun”, “Qara daşlar”, “Qızmar günəş
altında” və “Bəxtiyar” filmlərində bir cavan
oğlan da rol almışdı. Gur qara saçlı, iri, mənalı
gözləri, idmançı kimi enlikürək bu oğlan ali vokal təhsili almış Faiq Mustafayev idi.
“O olmasın, bu olsun” filmində cəmi 4 epizodda görünən
və filmin sənədlərində Sərvərin
dostlarından biri kimi adı qeyd edilən Faiq Mustafayev
1923-cü ildə Bakıda anadan olub. Azərbaycan
Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi
Akademiyası) bitirib. Bariton səsli
vokalçı 1952-ci ildən Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrında çalışıb.
1959-cu ildə Azərbaycan SSR-in Əməkdar artisti fəxri adına layiq görülüb. Azərbaycan
milli internet resurslarında opera artisti-kino aktyoru Faiq Mustafayev
barədə məlumat bazası onun teatrda ifa etdiyi bir
neçə partiyanın adının çəkilməsi, səhnədə
canlı və təbii görünməsi, səsini
obrazın xarakterinə uyğun idarə etmək
bacarığının olduğu fikri ilə bitir. Hətta onun “Qara daşlar” filmində çəkilməsi
də çox qısa məqalədə göstərilməyib.
“O
olmasın, bu olsun” filmində sözsüz rol oynayan Faiq
Mustafayev istər Rüstəm bəyin evinin
qarşısında digər dost – gənc Müxlis Cənizadə
Molla Pənah Vaqifin şeirini Sərvərin dilindən
Gülnaz üçün söyləyəndə də,
“Molla Nəsrəddin” jurnalının redaksiyasındakı
qısa görüşdə də, jandarm kimi fit çalmaqla
Məşədi İbadın yığıb gətirdiyi
qoçu dəstəsini hürküdəndə heç nə
söyləmir. Amma o dövrün gənc və sonradan məşhurlaşacaq
aktyorları – Lütfi Məmmədbəyov, Müxlis Cənizadə
və Əfrasiyab Məmmədov kimi məharətlə öz
münasibətini mimikası, jestləri ilə
çatdırır, ikinci planda qalsa da,
tamaşaçının diqqətini çəkə bilir. Düzdür, sözsüz epizodik rola çəkilən
gənc aktyorun ssenariyə belə nüfuzu həm də
quruluşçu rejissorun, aktyorla işləyən heyət
üzvünün də uğurudur.
Faiq Mustafayevi kino aktyoru kimi məşhurlaşdıran
iki rolu var – “Qızmar günəş altında” filmindəki
mühəndis Cəlal, bir də “Bəxtiyar” filmindəki
Yusif. Nə qədər
qəribə olsa da, öz xeyrini güdmək xasiyyəti
özü ilə birlikdə böyüyən xudpəsənd
Yusif filmin ilk epizodlarından sona doğru islah olan, səhvini
başa düşüb kənd camaatının su tapmaq
uğrunda mübarizəsində əsas simaya çevrilən
Cəlaldan daha populyar qəhrəmandır. Artıq
zərb-məsələ çevrilmiş “Sizin alma
bağınızı öz meyvə bazamız hesab etdiyimiz
günlərdə, Teymur Əliyeviç...”, “Bəli, bibi
Yusifi sevir, Yusif də bibini” ifadələrini söyləyən
ticarətçi Yusif rolunda gənc aktyor daha sanballı, bir qədər
də yaşlı görünür. Halbuki filmlərin dördü də
1955-1957-ci illərin məhsuludur.
Faiq Mustafayev “Qara daşlar” filmində fədakar dəniz
neftçisi, fəhlə Teymur rolunda çəkilib. Teymuru onun
filmdə oynadığı dörd obrazdan ən müsbəti,
ən səmimisi hesab etmək olar. Qara
daşlarda işləyən kəşfiyyat briqadası tufana
düşür. İşi saxlamaq istədikdə
qazılan quyunun baltası Temurun əlindən çıxaraq
Tahiri yaralayır. Bu hadisədən sonra
Teymur uzun müddət özünə gələ bilmir, hətta
həkimlər Tahiri müayinə edərkən uşaq kimi
ağlayır, ona bir şey olarsa, bundan sonra necə
yaşayacağının narahatlığını
yaşayır.
Bu filmlərdən sonra Faiq Mustafayev bir də kinoya
çəkilmir. Onu daha filmə dəvət etmirlər,
yaxud Yusif rolundakı “çoxmənalı” uğurundan sonra
aldığı təklifləri bəyənmir, ya da opera səhnəsindəki
işinin çoxluğundan kinoya çəkilmək istəmir.
Təəssüf ki, bu sualların
cavabını tapmadıq.
Azərbaycanın əməkdar artisti Faiq Mustafayev 1977-ci
ildə teatr Leninqradda (indiki Sankt-Peterburq) qastrol səfərində
olarkən qəflətən vəfat edib.
Özünü
görmək üçün “Kölgələr
sürünür”, səsini eşitmək üçün
“Sevil”
Bizim
haqsız olaraq unudulmuş, özü kimi səsi də yaddan
çıxmış bir çox opera sənətçilərimiz
var. Hərdən fikirləşirsən ki, nə yaxşı
onlar, lap xırda epizodda da olsa, filmə çəkiliblər,
kiçik də olsa, rol oynayıblar. Yoxsa
simalarını da unudardıq. Onlardan biri
də Rəhilə Cabbarovadır.
Vokalçı-aktrisa,
müğənni, pedaqoq Rəhilə Muxtar qızı
Cabbarova 1922-ci il noyabrın 24-də Tiflisdə
anadan olub. Müharibə zamanı doğma şəhərdə
hərbi hospitalda, sonralar xalq yaradıcılığı
evində işləyib. 1947-ci ildə ailəsi
ilə birlikdə Bakıya köçməli olan Rəhilə
artıq o zaman gözəl və güclü səsə malik
idi, Gürcüstan Dövlət Mahnı və Rəqs
Ansamblının solisti olaraq fəaliyyət göstərirdi.
Bakıda isə konservatoriyada təhsil alaraq
ifaçılıq qabiliyyətini cilalayır. Hələ üçüncü kurs tələbəsi
ikən Azərbaycan vokal məktəbinin inkişafında
misilsiz xidmətləri olan SSRİ Xalq artisti Şövkət
Məmmədovanın təklifi ilə Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrına solist
götürülür. Rəhilə
Cabbarovanın gur və təmiz metso-soprano səsi vardı.
Teatrda tamaşaya qoyulan Azərbaycan və
dünya operalarında metso-soprano partiyalarını ifa edib.
1958-ci ildə respublikanın Əməkdar artisti adına layiq görülür. 1971-1997-ci
illərdə Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində Vokal kafedrasının
müdiri vəzifəsində çalışıb. Lakin bütün
bunlardan əvvəl, Rəhilə xanım hələ
çox gənc ikən “Kölgələr sürünür”
(1958) filmində kiçik bir rola çəkilib. İlk baxışda deyə bilərsiniz ki, opera
müğənnisinin kinoda çəkilməsində qəribə
nə var ki? Məsələ ondadır ki,
filmdə qayğıkeş ana, sədaqətli həyat
yoldaşı, özünü unudub ərinin,
qızının həyatı ilə, onların
uğurları ilə yaşayan Cahan obrazı yaşca Rəhilə
xanımdan xeyli böyükdür. 36
yaşlı Rəhilə Cabbarova yaşlı professor Sərdarlının
(Ələsgər Ələkbərov) həyat yoldaşı
rolunda çəkilib. Onun qızı Leyla
rolundasa aktrisadan iki yaş böyük Leyla Bədirbəyli
oynayır.
Cahan cəmi üç-dörd epizodda
görünür. Kürəkəni Cavadovun saxtakarlıqla
dolu namizədlik dissertasiyasının müdafiəsinə
getmək istəməyən ərini dilə tutarkən, bu
üzdən ata-qız arasında başlayan və tez keçən
konfliktdə övladının tərəfini saxlayarkən,
bir də bu əhvalatın davamı olan epizodlarda. Aktrisa
nə qədər qrim etsə də, onun yaşının
öz qəhrəmanından xeyli az
olması diqqətə çarpır. Üstəlik,
“Kölgələr sürünür” filminin çəkildiyi
zaman belə tendensiya var idi ki, bütün dünya kinosunda
yaşlı qadın roluna çəkilən cavan aktrisalar
ahıllıq qrimindən qaçır, yalnız
saçlarını bəyaz tellərlə boyalamaqla kifayətlənirdilər.
Yeri gəlmişkən, bu meyil
“Yeşilçam” və “Bollivud” lentlərində ta
doxsanıncı illərədək davam etdi.
Bununla belə, Rəhilə Cabbarova Cahan rolunda öz
obrazı ilə xarici uyarsızlığı daxili
narahatlığını daha qabarıq büruzə verməyə
çalışır, kamera ilə üzbəüz
qaldığı iri planlarda özünü itirmir, kino dili ilə
desək, kameraya oynamağı bacarır.
“Kölgələr sürünür” filmindən sonra Rəhilə
xanım ekranda bir daha aktrisa kimi görünmür. Lakin… 1970-ci
ildə Fikrət Əmirovun “Sevil” operası film-opera olaraq lentə
alınanda Gülüşü səsləndirmək illər
uzunu teatrda Gülüş partiyasını ifa etmiş Rəhilə
Cabbarovaya həvalə edilir.
Doğrudan
da, sənətçi taleyi qəribədir: gənc
yaşında filmə çəkiləndə onun
güclü vokal səsinə ehtiyac yox idi, sevimli operası
ekranlaşdırarkən də görkəmcə
Gülüşdən xeyli yaşlı olduğundan yalnız
səsi kadr arxasından gəlir…
***
Əllinci
illərin ikinci yarısında “Azərbaycanfilm”
kinostudiyasında vokalçıların, müğənnilərin
iştirakı ilə başqa filmlər də çəkildi
ki, onlar barədə söhbətimiz qalsın növbəti
yazıya…
P.S. Bu
yazıda SSRİ Xalq artisti, “Arşın mal alan”
filmindən sonra Azərbaycan tamaşaçısının qəlbini
ömürlük fəth etmiş Rəşid Behbudov barədə
qəsdən söz açmadıq. Sənətə estrada müğənnisi kimi gəlib kino
artisti kimi tanınan, opera müğənnisi kimi də
şöhrət tapan Rəşid Behbudovun kino taleyi barədə
ayrıca söhbət açacağıq.
Gülcahan MİRMƏMMƏD
Mədəniyyət.- 2020.- 24
yanvar.- S.5.