Rusiya ilə Azərbaycanı sıx
dostluq telləri bağlayır
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Moskva Hökuməti və Rusiyanın TASS İnformasiya Agentliyinin dəstəyi ilə keçirilən “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” adlı konfransla bağlı Rusiyadan gəlmiş nümayəndə heyətinin üzvləri yanvarın 24-də Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin məzarını ziyarət ediblər.
Mərasimdə Moskva Hökumətinin naziri, Moskva Şəhər Mədəniyyət Departamentinin rəhbəri Aleksandr Kibovski, Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Moskva Müzikl Teatrının bədii rəhbəri Mixail Şvıdkoy, TASS İnformasiya Agentliyi baş direktorunun birinci müavini Mixail Qusman, Rusiyadan gəlmiş digər qonaqlar iştirak ediblər.
Qonaqlar Fəxri xiyabanda dünya şöhrətli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin də xatirəsini yad ediblər.
Mixail Qusman jurnalistlərə müsahibəsində vurğulayıb ki, Rusiya ilə Azərbaycanı sıx dostluq telləri bağlayır. Onun sözlərinə görə, “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” kimi tədbirlərin keçirilməsi ölkələrimizin humanitar əməkdaşlığının möhkəmlənməsində mühüm rol oynayır.
Konfrans iştirakçıları Milli İncəsənət Muzeyində olublar
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının Rusiyadan gəlmiş iştirakçıları mədəni proqram çərçivəsində paytaxtın mədəniyyət ocaqları, muzeyləri ilə tanış olublar.
Qonaqlar yanvarın 25-də Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət ediblər. Tanışlıq zamanı məlumat verilib ki, Azərbaycan Milli İncəsənət Muzeyi milli dəyərlərimizin və ümumbəşəri mədəni irsin qorunub saxlandığı zəngin bir xəzinədir. Muzey 1936-cı ildə təşkil edilib, 1937-ci ildə ilk ekspozisiyanın açılışı olub.
Qeyd edilib ki, Azərbaycan Milli İncəsənət Muzeyi XIX əsrin sonlarında yanaşı inşa edilən iki tarixi binada yerləşir. 1891-1893-cü illərdə Bakının baş memarı Nikolay fon der Nonne tərəfindən inşa edilən binada ayrı-ayrı vaxtlarda müxtəlif idarə və təşkilatlar yerləşib. Prezident İlham Əliyevin sərəncamı ilə muzeydə əsaslı təmir və yenidənqurma işləri görülüb. Vaxtilə “Mariinski Qadın Gimnaziyası” adlanan birinci korpus 2009-cu ildə istifadəyə verilib. 2014-2018-ci illərdə isə muzeyin “De Burun malikanəsi” adlanan korpusunda İtaliya və Azərbaycan mütəxəssislərinin birgə səyləri ilə əsaslı təmir işləri həyata keçirilib.
Muzeyin iki tarixi memarlıq abidəsini birləşdirən müasir üçüncü (keçid) korpusu 2013-cü ildə istifadəyə verilib. Binanın memarlığı və qədimliyi saxlanılmaqla həm texniki, həm də texnoloji baxımdan lazım olan innovativ və yeni funksionallığı təmin edilib, ekspozisiya zalları genişləndirilib. 18 mindən çox eksponatın saxlanıldığı muzeydə rəngkarlıq, qrafika, heykəltəraşlıq və tətbiqi sənət nümunələri nümayiş olunur. Üçüncü korpusda 2 mindən çox eksponat saxlanılır. Vurğulanıb ki, ziyarətçilər burada dünya mədəniyyətinin bir sıra örnəkləri ilə də tanış olmaq imkanı əldə edirlər.
Qonaqlar muzeyə baxışı “Azərbaycan incəsənəti” bölməsindən başlayıblar, burada Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, Oqtay Sadıqzadə, Tahir Salahov və digər rəssamların əsərləri ilə tanış olublar. Sonra konfrans iştirakçıları “Azərbaycan incəsənəti minilliklər boyu” bölməsində olublar. Muzeyin ekspozisiyası, qədim Şərq və Azərbaycan, eləcə də Rusiya və Qərbi Avropa incəsənətinin müxtəlif dövrlərini əhatə edən sənət əsərləri ilə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb.
İçərişəhərlə tanışlıq xoş təəssürat doğurub
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları yanvarın 25-də İçərişəhərlə tanış olublar.
Gəzinti XII əsrə aid Qoşa Qala qapılarından başlayıb. Qonaqlara UNESCO-nun Dünya irs siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda aparılan abadlıq və bərpa işləri barədə məlumat verilib. Qonaqlar Orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar Sarayı kompleksi ilə də tanış olublar. Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.
Gəzinti zamanı qəzəlxan Əliağa Vahidin büstü qarşısında ayaq saxlayan qonaqlara şairin yaradıcılığı barədə məlumat verilib. Bildirilib ki, şairin büstü Natiq Əliyev, Rahib Həsənov və Sənan Salamzadə tərəfindən yaradılıb. Abidənin forma-biçim orijinallığı qəzəlxanın məşhur “Böyük Füzulimizin yadigarı mən özüməm” misrasından qaynaqlanır. Ağac gövdələrinin yerdən çıxaraq yuxarı yüksəlməsini müəlliflər Füzuli ənənələrinin Vahid tərəfindən yenidən “göyərdilməsi” – davam etdirilməsinə bədii işarə kimi düşünüblər.
Sonra qonaqlara Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə də ətraflı məlumat verilib. Qonaqlara Qız qalasında konservasiya işlərindən sonra yaradılan muzey ekspozisiyası barədə də məlumat verilib.
İçərişəhər qonaqlarda zəngin təəssürat
yaradıb.
Mədəniyyət.- 2020.- 29
yanvar.- S.4.