Dublyaj sənətimizin Asif Əliyev səhifəsi
Dublyaj deyiləndə ilk olaraq gözlərimiz qarşısında ötən əsrin Bakısının kinoteatrları canlanır. Bu kinoteatrlarda izlədiyimiz hər bir xarici filmin sonunda mətn diktorunun dediyi son cümlə isə bu olurdu: “Dublyajın redaktoru Asif Əliyev”.
Elə bu son cümlə də filmlə bərabər yaddaşımıza tikilib qalar və Asif Əliyevin kimliyi bizi çox maraqlandırardı. Bəs kim idi bu ad-soyadını sonda eşitməyə adət etdiyimiz adam? Sonralar öyrəndik ki, həmin şəxs Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında aktyorların nazı ilə oynayan, dublyajın yükünü çəkən bir kino xadimidir. Qoy oxucularımız da onu yaxından tanısınlar.
Uzun illər “Azərbaycanfilm”in Dublyaj redaksiyasında redaktor və tərcüməçi işləmiş Asif Akif oğlu Əliyev 1940-cı ildə Şuşada dünyaya gəlib. İstedadlı qələm sahibi, tədqiqatçı kimi onlarla sənət adamı haqqında məqalələrin müəllifidir. Hüseyn Ərəblinski, Cahangir Zeynalov, Lətif Səfərov, Sidqi Ruhulla və digər görkəmli incəsənət xadimləri ilə bağlı yazıları ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Vaxtilə onunla birgə işləmiş sənət dostu, Əməkdar mədəniyyət işçisi, uzun illər dublyaj rejissoru kimi fəaliyyət göstərən Arif Həbibi Asif Əliyevi xoş xatirələrlə yada salır:
– Asif Əliyevi 1968-ci ildən tanıyırdım. Çox mədəni, tərbiyəli insan idi. Pedaqoji İnstitutu bitirmişdi. O, kinostudiyaya məndən qabaq gəlmişdi. O vaxt rejissor assistenti kimi fəaliyyət göstərirdi. Adil İsgəndərovun yerinə Cəmil Əlibəyovu kinostudiyaya rəhbər təyin etmişdilər. Həmin vaxt o, dublyaj şöbəsinə redaktor vəzifəsinə dəyişildi. Bir şöbədə çalışdığımız üçün filmləri birlikdə redaktə edir, hazırlıqlar görürdük. Müəyyən müddətdən sonra o, baş redaktor oldu. Çox zirək və savadlı insan idi. Həm də ailəcanlı idi. İki oğlu, bir qızı var idi. Biz 90-cı illərə kimi birlikdə çalışdıq. O vaxt ölkədə ictimai-siyasi vəziyyət dəyişəndə kinostudiyada filmlərin çəkilişi dayandı. Bədii-sənədli filmlər, az da olsa, çəkilirdi. Lakin bəzi şöbələr ki birbaşa Moskva ilə əlaqəli idi – o cümlədən bizim dublyaj şöbəsi – onlar fəaliyyətini dayandırdılar. Şöbə bağlandığı üçün Asifi o dövrdə yanğından mühafizə şöbəsinə təyin etdilər. O, yaxşı hekayə və povestlər yazırdı – gözəl qələmi vardı. Beş kitabı nəşr olunmuşdu. Sonuncu əsəri isə tanınmış aktyor Süleyman Tağızadəyə həsr etdiyi “Məhəbbət ölüncə var” kitabı idi. Ələviyyə Babayeva Asifin ilk hekayə kitabının nəşrində ona çox kömək etmişdi. Onu da qeyd edim ki, Asif rejissor assistenti işlədiyi müddətdə bir neçə filmdə epizodik rola çəkilmişdi.
***
Kino sənayesinin çətin illərində Mədəniyyət Nazirliyi tərəfindən sənədli filmlərin tərcüməsi ilə bağlı kiçik bir dublyaj studiyası yaradılır. Məqsəd ölkəmizlə bağlı lentə alınan sənədli ekran əsərlərinin daha geniş auditoriyalara çatdırılması idi. Arif Həbibi “Yaddaş” və “Salnaməfilm” studiyalarında lentə alınan filmləri burada ingilis və rus dillərinə tərcümə edir: “Mən onu bu işə dəvət etsəm də, Asif o vaxt kinostudiyadakı işini buraxıb gələ bilmədi. Daha sonralar o, bir müddət indiki Mədəniyyət və İncəsənət Universitetində kino ilə bağlı fakültədə dərs dedi. Sonra məni də dəvət etdilər həmin fakültəyə, 2-3 il də mən orada dublyaj sənətini tədris etdim”.
Həmsöhbətim Asif Əliyevin vəfatını belə xatırlayır: “2001-ci ilin 8 sentyabr tarixində iş otağımın telefonu zəng çaldı. Asifin həyat yoldaşı idi. Onun rəhmətə getdiyini xəbər verdi. Asifgil İçərişəhərdə – Qız qalasının arxasındakı küçədə yaşayırdı. Axır illərdə şəkərli diabetdən əziyyət çəkirdi...
Bu sənət ona çox doğma idi. Çünki atası
da aktyor idi, anası da. Atası Akif Əliyev
rejissor və aktyor kimi Salyanda
və Şuşada uzun illər fəaliyyət göstərmişdi.
Beləcə, əslən İçərişəhərdən
olan Asif Əliyevin taleyinə Qarabağda doğulmaq yazılmışdı. Bu
faktı mənə görkəmli aktyorumuz, Xalq artisti Əli
Zeynalov danışmışdı.
Atası
Salyanda Əli müəllimlə birgə
çalışmışdı. Anası isə Ağdam teatrında aktrisa imiş. Asifin atası ilə
anası elə Əli müəllimin evində tanış olmuşdular”.
***
Asif Əliyev
əmək fəaliyyətinə
Akademik Milli Dram Teatrında başlamışdı. Dövrün say-seçmə sənətkarlarını
görmüşdü bu
teatrda. Sonradan bir çox
görkəmli sənət
adamları haqqında
qələmə aldığı
yazılarında gənclik
illərində min bir
maraqla eşidib gördüklərini məharətlə
oxuculara çatdırardı.
Teatrda bir müddət çalışdıqdan
sonra kinostudiyaya gəlmişdi. O, dublyaj redaksiyasına təyin olunana qədər 9 filmdə rejissor assistenti, böyük redaktor, bədii filmlər üzrə məsul katib vəzifələrində çalışmışdı.
20 ildən artıq
isə dublyaja rəhbərlik etmişdi.
Bu müddətdə o, həmçinin çoxsaylı
filmlərin tərcüməçisi
olmuşdu. Dublyajda
çalışdığı müddətdə isə teatrda müəyyən səbəblərdən işi
az olan
və yaşlı aktyorların dadına çatmağı özünə
borc bilirmiş. Onları dublyaja dəvət etməklə həm mənəvi, həm də maddi cəhətdən
dəstək göstərirmiş.
Heç kəsin, xüsusilə də aktyorun inam hissinin
ölməsini qəbul
edə bilməzdi...
Lalə AZƏRİ
Mədəniyyət.- 2020.- 29
yanvar.- S.5.