Tilova gəlmədi, səhnədə “toradüşdü

 

 

Yəqin hər birimizin öz sevimli nağılı, hekayəsi var. Və həm də çox yəqin ki, onun qəhrəmanı haqqında arzuları. Elə o kədərli hekayə qəhrəmanının arzuları kimi...

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı uşaqlar üçün yazılıb, lakin böyüklər üçün də əngin amalları ehtiva edən “Balaca qara balıq” hekayəsini səhnəyə daşıyır.

Səməd Behrənginin nağıl-hekayəsini səhnələşdirən Həmidə Rüstəmova, tamaşanın quruluşçu rejissoru Namiq Ağayev, quruluşçu rəssamı İqbal Əliyevdir. Tamaşa üç aktyorun kuklalarlaparalel olaraq canlı planda oyunu ilə fərqlənəcək. Aygül Ağayeva, Cavid TelmanGünay Əhmədin canlandıracaqları obrazlarda əsərin ideya tələbinə uyğun olaraq müəyyən texniki həll və mətn dəyişiklikləri aparılıb.

Səhnə məşqlərinə start verilən tamaşanın hazırlıq prosesini izləyərkən rejissorun əsərə fərqli rakursdan baxdığını və onun ümumi ideyasını yüngülləşdirməklə, həm də istənilən yaş kateqoriyası üçün baxımlı edəcək vizual keyfiyyətləri ön planda təqdim etdiyini gördük.

Bildiyiniz kimi, Cənubi Azərbaycanın tanınmış yazıçısı Səməd Behrənginin əsərlərində xalqımızın azadlıq, birlik, bərabərlik arzuları özünün mükəmməl bədii inikasını tapıb. Onun siyasi alleqoriya janrındakı qeyd etdiyimiz hekayəsi bu mənada müəllifin ən məşhur əsəridir. Burada öz ideyalarını balaca balığın dili ilə ifadə edən müəllif əzm və hüzn notlu hekayə vasitəsilə oxucunu amal uğrunda ölməyin belə gözəlliyi ilə tanış edir.

Əsərə məhz bütün mübarizələrin nəticəsindən asılı olmayaraq, mübariz qalibdir düşüncəsi ilə yanaşan kuklaçılar tamaşaçılara cəsarətli balığın yeni sular kəşfini maraqlı boyalarla təqdim edəcək.

Tamaşanın quruluş müəllifi Namiq Ağayev hər kəsə bəlli balıq-insan dramını tamaşaçılar üçün baxımlı edəcəyini deyir: “Balaca Qara balıq mövcud həyat tərzi ilə barışmır. O, arxdan çıxmaq, böyük dünyaya qovuşmaq istəyir. Ətrafdakı mühafizəkar balıqlar isə onun bu istəyini əsla anlamır və bir ağızdan deyirlər: – Başqa dünya yoxdur! Dünya elə gördüyün bu dünyadan ibarətdir. Balaca Qara balıq anasının yalvarışlarına, qonşularının tənələrinə məhəl qoymayaraq özündə ətalət mühitini tərk etmək gücü tapır. Onun bu hərəkəti digər balaca balıqları da cəsarətləndirir. Beləcə, üzdüyü hər suda özünün mübarizlik toxumlarını səpən balaca qəhrəmanımız çoxillik rejissor fəaliyyətimdə mənim də ideal obrazlarım sırasındadır”.

Rejissor bildirir ki, uşaqlar üçün tamaşa hazırlamağa hər zaman maraq göstərib: “Çünki fəaliyyət istiqamətimdən biri də rəssamlıqdır. Uşaqlıqdan mənimlə bərabər böyüyən bu maraq kukla teatrı rejissoru kimi mənə çox şeydə yardımçı oldu. Həyatımı kukla teatrı sənətinə bağladım. Düzdür, sonra yaradıcılıq istiqamətim dəyişdi və zaman elə gətirdi ki, mən yenidən bu teatra qayıtdım. Teatrın direktoru Rəşad Əhmədzadə mənə yenidən burada tamaşa hazırlamaq təklifini edəndə çox sevindim. Ümid edirəm ki, böyük sənət enerjimi sərf edəcəyim tamaşa balaca tamaşaçılar üçün də maraqlı olacaq”.

Daha çox kiçik yaş qrupu üçün səhnələşdirmə etdiklərini deyən rejissor bunu özünəməxsus şəkildə əsaslandırdı: “İdeyası və məramı tam başqa olan bu əsərə kiçik yaş qrupunun, balacaların gözündən baxıb göstərməyin öz mənası var. Balacalar üçün qoyulan əsərə böyüklər də maraqla baxdığı halda ona yaxşı tamaşa demək olar. Ancaq uşaqlar baxır və böyüklər üçün maraqsızdısa, deməli bu, uşaqların, belə deyək, başını qatmaq üçündür. Burada isə müəllif siyasi motivi qabartsa da, şəxsi psixoloji-emosional gedişlər xüsusilə nəzərə çarpır. Behrəngi əsəri yazarkən onun məğzində həsrəti önə çəkib. Təbii ki, bizbu həsrəti, onun vüsalını qabardacağıq. Bizim Balaca Qara balığımız özündən balaca balığı xilas etməklə qırılan həyatını əbədiyyətlə tamamlayacaq. Axı o, fədakardır, mübarizdir, xilaskardır və əbədi qalibdir”.

Nağılçı, Kərtənkələ, Balıqudan, NaqqaBalaca Qara balıq obrazlarının səhnədə canlandırılmasında iştirak edən aktyor heyəti də səhnə işini maraqla məşq etdiklərini deyirlər. Onlar fərqli kukla texnikalarını ümumi konsepsiya daxilində məşq prosesinə qoşan rejissorla işi zəhmətli və həm də maraqlı hesab edirlər.

Məşq prosesində tamaşanın tərtibatının da maraqlı olduğunu gördük. Üç nağılçının mini xoru ilə başlayan tamaşada canlı plan, sürətlə dəyişən oyun keçidi, kukla və kuklalaşdırılmış elementlərlə dinamik həll, eləcə də musiqi və işıq həlli ilə ümumi atmosferi qabardan rəssam işi də baxımlı tamaşa vəd edir.

Tamaşa martın sonlarında teatrsevərlərin ixtiyarına veriləcək.

 

H.NİZAMİQIZI

 

Mədəniyyət.- 2020.- 29 yanvar.- S.5.