Şəhərsalma tariximizdə iz qoyan mühəndis-memar
Ötən əsrin ikinci yarısı Azərbaycan memarlığında və
şəhərsalmada mühüm
mərhələ hesab
edilir. Bu dövrdə
diqqətəlayiq layihələri
ilə paytaxt Bakının və digər şəhərlərin
memarlıq baxımından
inkişafında xidmətləri
olan mühəndis-memarlardan
biri də Hənifə Ələsgərov
olub.
Hənifə Əlisgəndər oğlu
Ələsgərov 1 yanvar
1912-ci ildə Bakıda
anadan olub. Orta məktəbi
bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun Memarlıq fakültəsinə qəbul
olunur. 1936-cı ildə təhsilini başa vurub “Azərdövlətlayihə” İnstitutunun
Şəhərlərin baş
planları şöbəsində
memar kimi fəaliyyətə başlayır.
Gəncə, Yevlax, Şəki, Xaçmaz, Naxçıvan şəhərlərinin
baş planlarının
hazırlanmasında iştirak
edir. Üç ildən sonra
həmin şöbənin
rəhbəri təyin
edilir. O, hazırlanan
baş planlarda şəhərlərin gələcək
küçə və
meydanlarının bütöv
ansamblının həcm-məkan
həllini, memarlığını
daha aydın görürdü. Zaqatala şəhərinin
baş planı memarın fəaliyyətində
əsas yer tutur. Həmin plan bu gün də
şəhərin inkişafında
əsas sənəd olaraq qalmaqdadır.
Böyük Vətən müharibəsi
başlananda Hənifə
Ələsgərov da
cəbhəyə gedir. Şərəfli döyüş yolu keçən mühəndis-kapitan
ikincidərəcəli “Vətən
müharibəsi”, “Şərəf
nişanı” ordenləri
və medallarla vətənə dönür.
Sonra sevdiyi işinə qayıdır.
H.Ələsgərov 1948-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Memarlıq İdarəsinin
rəis müavini, sonra Dövlət Tikinti Komitəsinin sədri təyin olunur. Eyni zamanda layihələndirmə
və tikinti işlərini davam etdirir. 10 il
ərzində Azərbaycanda
şəhərsalma, tarixi
və memarlıq abidələrinin öyrənilməsi,
qorunması və bərpası işlərinə
rəhbərlik edir. Memarın səyi nəticəsində
bu sahədə bərpa emalatxanaları yaradılır. Mütəxəssisin ən maraqlı işlərindən biri paytaxtımızdakı Nizami
meydanının yenidən
qurulmasıdır. Bundan
əlavə, o, Gəncə
Toxuculuq kombinatının
(1956), Şuşada mehmanxana
və pansionatın
(1960), Bilgəhdə müalicə-məişət
korpusunun (1961), Bakıda
Azərbaycan Pedaqoji Rus Dili və
Ədəbiyyatı İnstitutu
tədris korpusunun
(1966) layihəsini işləyib
hazırlayır.
H.Ələsgərov 1965-ci ildə Bakı şəhərinin baş
memarı təyin edilib. Onun bu yüksək
vəzifədəki əsas
fəaliyyəti paytaxtın
yeni baş planının işlənib
hazırlanmasını, kiçik
formalı layihə və memarlıq tikililərinin bədii səviyyəsinin yüksəldilməsini,
onların inşaat strukturunda yerləşdirilməsini,
küçə və
meydanların gecə işıqlandırması və
digər məsələləri
əhatə edirdi.
1973-cü ilə qədər Bakı şəhərinin baş
memarı vəzifəsində
çalışan mütəxəssis
metronun “Qara Qarayev” stansiyasının
(1972, Ələsgər Hüseynovla
birgə) layihəsini
verib.
Fəaliyyəti hökumət tərəfindən
yüksək qiymətləndirilən
memar 1972-ci ildə
SSRİ Dövlət mükafatına,
1976-cı ildə isə
respublika Dövlət
mükafatına, Əməkdar
inşaatçı fəxri
adına layiq görülüb.
Uzun müddət
Azərbaycan Memarlar İttifaqının məsul
katibi, bu təşkilatın İdarə
heyətinin üzvü
olan H.Ələsgərov
SSRİ Memarlar İttifaqının
V qurultayında həmin
qurumun Rəyasət heyətinə üzv seçilib.
Görkəmli memar fəaliyyət göstərdiyi sahə üzrə araşdırmalar
aparıb, 50-dən çox
məqalə, kitab və kitabçanın müəllifi kimi tanınıb.
Hənifə Ələsgərov 29 aprel
1991-ci ildə vəfat
edib. Bakının mərkəzi küçələrindən
biri onun adını daşıyır.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2020.- 29
yanvar.- S.6.