“Türk tarixinin görkəmli şəxsiyyətlərinə
ortaq nöqtədən baxmaq
lazımdır”
Türkdilli ölkələrin ortaq tarixi-mədəni irsinin öyrənilməsi və təbliği istiqamətində müxtəlif layihələr reallaşdırılır. Bu il nəşr edilməsi gözlənilən “Türk dünyası dövlətləri”, “Türk dünyasının ortaq şəxsiyyətləri” kitabları da bu qəbildəndir. Kitabların Türkiyə üzrə bölümünün redaktoru – Qazi Universitetinin professoru, tarixçi alim Selma Yel ilə söhbətimizdə bu layihələrə toxunduq. Selma xanım həm də AMEA-nın Tarix İnstitutunun fəxri doktoru, ölkəmizin tarixi ilə bağlı elmi araşdırmaların müəllifidir.
– Selma xanım, əvvəlcə söhbətə ondan başlayaq ki, Azərbaycan tarixinə marağınız necə və haradan başladı?
– Azərbaycana olan marağım doktorantura çalışmalarımdan başlayır. Elmi işimin mövzusu Yakup Şevki Paşanın hərbi fəaliyyəti ilə bağlı idi. Onun ordu qərargahı Qarsda olub. 1918-ci ilin Mudros sazişindən öncə (15 sentyabr 1918-ci ildə Qafqaz İslam Ordusu Bakını azad etdikdən sonra) Osmanlının digər cəbhələrdə də məğlub olacağı başa düşüldükdə və iqtidarda olanlar xaricə qaçdıqdan sonra geri çəkilən orduların başına Yakup Şefki Paşa təyin edilir. Mən onunla bağlı araşdırma apararkən Qafqaz İslam Ordusu, Azərbaycan Cümhuriyyətinin qurulması dönəmi, Güney Azərbaycan, Dağıstan hərəkatı kimi mövzuları da işləməli oldum. Beləliklə, 1982-ci ildən bəri mənim Azərbaycana çox böyük marağım başladı. Yəni bunlar elmi işimin ana xətləridir. Bir məqamı da qeyd etməliyəm ki, elmi işimi yazmazdan öncə də, məsələn, orta məktəb illərindən bəri Azərbaycanla bağlı məlumatımız var idi. Krım gerçəyini, Türküstan gerçəyini bilirdik. Yəni o zamanlarda bu mövzulara maraq göstərirdik. Doğrudur, sovet dönəmində məlum səbəblər üzündən çox xəbər ala bilmirdik. Amma ən azından Zeynəb Xanlarova kimi sənətçiləri dinləyirdik, Azərbaycan şeir və mahnıları (məsələn, “Çırpınırdı, Qara dəniz”, “Lalələr” və s.) Türkiyədə çox məşhur idi. Bir sözlə, Türkiyədə bizim üçün bir Azərbaycan həqiqəti, bilgisi var idi. Sonradan elmi işimin ana xətləri də yuxarıda saydığım mövzularla bağlı olduğu üçün bölgə ilə maraqlanmağa başladım və bu günə qədər davam etdi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Türkiyəyə çox sayda tələbə, həmçinin alimlər gəldi. Onlarla ünsiyyət də bu yaxınlığı daha da möhkəmlətdi.
– AMEA-nın Tarix İnstitutu ilə də Türkiyənin bir sıra elmi araşdırma qurumları arasında işbirliyi formalaşıb və davam edir. Sizin bu əməkdaşlığınız necə yarandı?
– Professor olduqdan
sonra Azərbaycana gedib-gəlməyə
başladım. Bu səfərlərimiz
zamanı Azərbaycan Milli Elmlər
Akademiyasının Tarix İnstitutunda
çalışanlarla tanış olduq. İlk dəfə 2006-cı ildə tarixçi, dosent İradə
Məmmədova ilə görüşdük.
O məni
Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudovla tanış
etdi. Mən Yaqub Mahmudovu Ankaraya dəvət etdim və Atatürk
Dil və Tarix Yüksək Qurumu Araşdırma Mərkəzinin o zamankı
direktoru, professor Cezmi Eraslanla tanış etdim. Sonra bu iki qurum arasında işbirliyi anlaşması
imzalandı. AMEA-nın Tarix İnstitutu tərəfindən
bu sahədə təşəbbüslərimə, Azərbaycan-Türkiyə əlaqələrinin
inkişafında töhfələrimə
görə mənə
fəxri doktor adı verildi. Bu ada layiq olmaq mənim üçün qürurverici
idi.
O dönəmdə belə bir fikir ortaya
çıxdı ki, ortaq türk tarixinin yazılması ilə bağlı bir müqavilə imzalansın. Bildiyimiz kimi, böyük
bir Türküstan coğrafiyası var və sovetlər zamanı orada dövlətlər qurub.
Hər birinə də qövm adları verilib – Qazaxıstan, Qırğızıstan, Özbəkistan,
Türkmənistan. Yəni böyük
bir Türküstan coğrafiyasının ortaq
türk tarixi yoxdur, dəyərlərimizə
ortaq baxış nöqtəmiz tam formalaşmayıb.
Elə götürək mətbəx
mədəniyyətimizi. Qazax, qırğız, Azərbaycan, Türkiyə
mətbəxləri arasında
fərq ola
bilər. Amma hamısını yuxarıya doğru birləşdirdikdə ümumi
türk mətbəxi
hesab olunur. Yaxud tarixi şəxsiyyətlərimiz.
Mete xan, Oğuz xan, Dədə Qorqud, Bilge xan, Tonyukuk, Gültigin türk dünyasının
ortaq şəxsiyyətləridir.
Qədimdən sonrakı dövrlərə
Teymur, İldırım
Bəyazid və digərlərini göstərə
bilərik. Bundan başqa,
türk dünyasında
baş verən örnək hadisələri
də göstərə
bilərik. 1920-ci illərdə Qazaxıstanda
Alaş Orda hərəkatı başlayanda
bütün türk dünyasına nümunə
olmadımı? Eləcə
də Azərbaycanda da Difai, Müsavat
hərəkatları... Bu hərəkatlar türk dünyasının ortaq istiqlal mücadiləsidir.
Ona görə
də “Türk dünyasının ortaq tarixi şəxsiyyətləri”
kitabının ideyası
ortaya çıxdı. Bir məqamı
da xüsusi vurğulayım ki, bu şəxsiyyətlərə
fərqli baxış
da var. Özbəkistan
Teymura dəyər verəndə, Bəyazidi düşmən kimi görür. Türkiyədə isə bunun əksinə. Halbuki onların
hamısı bizimdi.
O cümlədən Şah
İsmayıl və
Sultan Səlimlə bağlı
mübahisəni götürək.
Onların ikisi də türk hökmdarları, türk tarixinin görkəmli şəxsiyyətləridir.
Ona görə də hər ikisinə ortaq nöqtədən baxmaq lazımdır.
– Bu yöndə təklifləriniz nədir?
– Söz uçar, yazı qalar, deyirlər. Alimlərimiz ortaq dili istifadə edib bu mövzunu çalışarlarsa, əngəllər
ortadan qalxar. Əgər bütün türk millətləri bunu yazılı hala çevirsələr,
bizdən sonra gələn nəsillər
oxuyaraq deyəcəklər
ki, Teymur da bizimdir, İldırım
Bəyazid də bizimdir, Şah İsmayıl da, Yavuz Sultan Səlim də bizimdir. Burda maraqlı bir məqam var: Fatih Sultan Mehmetlə Uzun Həsən də savaşmadılarmı? Otluqbeli savaşı
da türkləri bölən savaş deyilmi? Amma orda fərqli
baxış yoxdur.
Amma Şah İsmayıl və Yavuz Sultan Səlimə gəldikdə
araya məzhəbçilik
gəlir. Bunun qədər türk dünyasını bölən,
nifaq salan, yanlış bir anlayış ola
bilməz. Şah İsmayıl da
türkdür, Sultan Səlim
də türkdür.
Bir səhvə görə qarşı-qarşıya gəliblər
və savaşıblar.
Mən “Ortaq türk tarixi” kitabında Sultan Səlim Yavuzu necə yazıramsa, Şah İsmayıl Xətaini də elə yazıram, azərbaycanlı tarixçi
də eynisini yazmalıdır. Eləcə də
mən Əmir Teymuru necə yazıramsa, özbək tarixçi də İldırım Bəyazidi
elə yazmalıdır.
Yəni bu kitabı yazarkən bu prinsiplər ilə yola çıxdıq:
bu hadisələr bir xəta üzündən
baş verib, olmamalı idi, oldu. Və biz o yaraları sarımalıyıq.
Bəhs etdiyim hər iki kitab türkcə,
azərbaycanca, eləcə
də qırğız,
qazax və özbəkcə eyni vaxtda nəşr ediləcək. Türkiyə tərəfindən hər
iki kitabın redaktoru mənəm.
– Bu kitabların ideyası kimə məxsusdur?
– Bu fikir, təklif AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudova aiddir. 2013-cü ildə Şəki şəhərində
“Ortaq türk tarixinin araşdırılması
problemləri” mövzusunda
beynəlxalq elmi konfrans keçirilirdi.
Konfransda Azərbaycan,
Türkiyə, Qazaxıstan,
Özbəkistan, Qırğızıstan
və Dağıstan Respublikasından (Rusiya) tarixçi alimlər iştirak edirdi. Biz də bu fikri dəstəklədik.
– Alim olaraq Azərbaycanın
tarixi şəxsiyyətlərindən
hansı diqqətinizi
daha çox cəlb edir və onları türk dünyasına daha yaxşı tanıtmaq üçün
hansı addımların
atılması faydalı
olardı?
– Belə şəxsiyyətlər
çoxdur. Məsələn, götürək Nəsimini. Onun adı sovet
dönəmində belə
Qazaxıstan, Qırğızıstanda,
Özbəkistanda tanınıb.
Əli bəy Hüseynzadəni oxuduqca ona heyranlığım
artır. Bundan başqa,
Azərbaycanda gənclərin
təhsillərini dəstəkləyən,
daim kömək edən Zeynalabdin Tağıyevi unutmaq heç mümkün deyil. Türk dünyası şəxsiyyətləri
ilə bağlı kitabın içində mütləq onun da adının keçməsini istəyirəm.
Əslində, bizim bu çalışmamız onların
röyasıdır. Daha doğrusu,
onların röyasındakı
bir damladır. Z.Tağıyev bunu xəyal
edib, bunu edə biləcək insanlara təhsil almaları üçün
təqaüd verib.
Günümüzdə Z.Tağıyev kimi
xeyriyyəçi-mesenat yoxdur.
O, bir örnəkdir və Türküstan coğrafiyası onu tanımalıdır. Atatürkü, Nuru Paşanı da, Nobel ödüllü
professor Əziz Sancarı
yazmaq və tanıtmaq istəyirəm.
Yəni onu demək istəyirəm ki, ümumiyyətlə, türk
mədəniyyətinə aid olan hər yerdə
biz işbirliyinə hazırıq.
Alparslanın bir sözü var: Nişabur mənimdir, çünki orda atamın məzarı var.
Bu gün mən Hindistana qədər sərhədlərimi genişləndirə
bilmərəm, istəmirəm
də. Ancaq istəyirəm ki,
türk mədəniyyəti
bütün Türküstan
tərəfindən bilinsin,
tanınsın. Yəni
Hindistandakı Tac Mahal da bir türk
abidəsidir. O halda bunların çox yaxşı yazılması
və anladılması
lazımdır.
Mehparə
SULTANOVA
Ankara
Mədəniyyət.- 2020.- 29
yanvar.- S.6.