Uşaq balet əsərlərinin
tərbiyəvi rolu
Böyük inkişaf yolu keçən balet sənəti olduqca çətin, incə, zərif hərəkətlər, plastika tələb edən bir sənətdir. Baletdə hadisələri, əsərin ideyasını musiqinin müşayiəti ilə sözlər deyil, hərəkətlər, jestlər, rəqs elementləri tamaşaçıya çatdırır. Bu baxımdan uşaqların klassik musiqi zövqünün formalaşmasında onlar üçün yazılmış balet tamaşalarının da rolu danılmazdır.
“Qız qalası” ilə nəinki Azərbaycanda, eləcə də Orta və Yaxın Şərqdə baletin ilk nümunəsini yaratmış görkəmli bəstəkar, dirijor, Xalq artisti Əfrasiyab Bədəlbəyli, həmçinin Azərbaycan musiqisi tarixində uşaqlara həsr edilmiş ilk milli balet əsərinin müəllifidir. Bəstəkar 1939-cu ildə Bakı Xoreoqrafiya Məktəbinin buraxılışı münasibətilə uşaqlar üçün birpərdəli “Tərlan” baletini yazır. Əsər Azərbaycanın ilk balerinası, baletmeyster Qəmər Almaszadənin quruluşunda məktəb məzunlarının iştirakı ilə tamaşaçılara təqdim olunur. Əsərin süjet xəttini balaca qızın yuxuda qorxulu, əcaib varlıqlar tərəfindən təqib olunması təşkil edir. Xeyir və Şər qüvvələri savaşının sonunda həmişə Xeyir qüvvənin qələbə çaldığı kimi, burada da cəsarətli oğlan qalib gələrək qızı xilas edir.
Azərbaycan musiqisində uşaq melodik səhnə əsərləri 60-cı illərdə öz çiçəklənmə dövrünü yaşayıb. Məhz həmin illərdə opera-təmsil, radio-opera, opera-balet, həmçinin uşaq opera-nağılları, uşaq baletləri yazılmış və bu səpkidə əsərlərin yaranması sonrakı illərdə davam etdirilmişdir.
1961-ci ildə bəstəkar İbrahim Məmmədov uşaqlar üçün eyniadlı təmsil əsasında “Tülkü və Alabaş” opera-baletini yazır. Premyerası 1964-cü ildə olan əsərdə vokal və xoreoqrafiya nümunələri bir-birini mahiranə şəkildə tamamlayır. Üçpərdəli opera-baletin librettosunu yazıçı Soltan Dadaşov yazmışdı. Tamaşada personajların müxtəlif heyvanların surətlərində ifadə edilməsi uşaqlar tərəfindən böyük maraqla qarşılanmışdır.
Növbəti illərdə milli musiqidə uşaq janrının intensiv inkişafı yeni-yeni uşaq balet əsərlərinin meydana çıxmasına zəmin yaradır. Bəstəkar Əşrəf Abbasovun yaradıcılığının zirvəsində uşaqlar üçün yazdığı “Qaraca qız” baleti durur. Bu, uşaqlar üçün yazılmış ilk irihəcmli səhnə əsəridir. 1965-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulan əsər yazıçı S.S.Axundovun eyniadlı hekayəsi əsasında yazılmışdır. Baletin libretto müəllifi və tamaşanın ilk dirijoru Ə.Bədəlbəyli olmuşdur.
“Qaraca qız” klassik balet ənənələrinin ən gözəl nümunələrindən biridir. Bəstəkar burada Azərbaycan xalqına məxsus milli keyfiyyətləri musiqi dili vasitəsilə məharətlə verə bilmişdisə, baletmeyster Q.Almaszadə də öz növbəsində bir xoreoqraf kimi əsərə yüksək bədii zövqlə quruluş verməyə nail olmuşdur. “Qaraca qız” 1969-cu ildə Parisdə “Şan Elize” teatrının səhnəsində beynəlxalq rəqs festivalı zamanı nümayiş etdirilmiş və Azərbaycan balet artistləri Paris Rəqs Akademiyasının diplomuna layiq görülmüşlər.
Son illər Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulan Azərbaycan bəstəkarlarının uşaq balet əsərləri sırasında Oqtay Zülfüqarovun “Əlibaba və qırx quldur” baleti özünəməxsus yer tutur. Balet 1990-cı ildə yazılmış və librettosu da bəstəkarın özünə məxsusdur. Növbəti illərdə Oqtay Zülfüqarov “Məlikməmməd” xalq nağılı əsasında ikipərdəli “Sehrli alma” baletini (librettosu müəllifin özünə məxsusdur) yazır.
Azərbaycan bəstəkarları milli xoreoqrafiya ilə klassik balet ənənələrinin dramatizmini, obrazların psixoloji səciyyəsini parlaq harmonik ahəng və tembr rəngarəngliyi ilə, xalq musiqisinin intonasiyalarından istifadə etməklə uşaqlar üçün gözəl balet nümunələri yaratmağa nail olmuşlar. Onlar bu səhnə əsərlərini təkcə uşaqlara deyil, böyüklərə də sevdirməyi bacarmışlar.
“Xeyir və Şər” – bəstəkar, Xalq artisti Tofiq Bakıxanovun Nizami Gəncəvinin “Xəmsə”si əsasında yazdığı birpərdəli, üçeskizli baleti dahi Azərbaycan şairi Nizaminin 850 illiyinə həsr olunmuş müsabiqədə mükafata layiq görülmüşdür. Baletin libretto müəllifi Rəşid Əhmədov, xoreoqrafı Xalq artisti Tamilla Şirəliyevadır.
Hazırda Akademik Opera və Balet Teatrının səhnəsində uşaqlar üçün Azərbaycan bəstəkarları tərəfindən yazılmış milli balet əsərləri səhnəyə qoyulur. Lakin o əsərlər əsasən 20-25 il və daha öncə yazılmış nümunələrdir. Son illərdə uşaqlara həsr edilmiş böyük musiqili səhnə əsərlərinin yaranmasında bir durğunluq dövrü yaşanır. Uşaqlar üçün yazılmış balet əsərlərinə nadir halda rast gəlmək olar. Hətta uşaqlar üçün mahnılar da təsadüfi hallarda bəstələnir.
Azərbaycanın tanınmış musiqişünasları müasir dövrdə gənc bəstəkarlar tərəfindən uşaq balet əsərlərinin yazılmamasının bir problem olduğunu dəfələrlə gündəmə gətiriblər. Onlar bunun səbəbini bəstəkarların ya yazılacaq əsərlərinin səhnəyə qoyulmayacağından ehtiyat etmələrində, ya da daha çox mənfəət məqsədilə yaradıcılıqlarında mahnı janrına üstünlük vermələrində görürlər.
Bəstəkarlarımızın bu gün müasir uşaqların həyat və düşüncə tərzinə yaxından bələd olaraq, onların zövq və dünyagörüşü ilə ayaqlaşan yeni balet əsərləri ərsəyə gətirmələri uşaqlar üçün də çox sevindirici hal olardı. Əlbəttə ki, sovet dönəmindəki uşaqlarla müasir uşaqların maraq dairəsi, düşüncə və yaşam tərzini eyni tutmaq qətiyyən mümkün deyil. Əgər bundan 30 il və daha öncə uşaqlar oyuncaqlarla oynayırdılarsa, bugünkü uşaqlar daha intellektual səviyyəli olub, müasir dövrün tələblərindən irəli gələrək, kompüter və internetdən istifadə etmək bacarığına malikdirlər. Onlara sovet dövrünün ədəbiyyat motivləri olan – tülkünü çoxbilmiş, dovşanı qorxaq, canavarı adamyeyən, aslanı meşənin şahı və s. kimi qəbul etdirmək mümkün deyil. Çünki onlar artıq hər şeyə realist nöqteyi-nəzərdən yanaşırlar.
Sovet uşağı obrazı bu gün də ədəbiyyatımızda özünü göstərir. Sovet metodu uşaq ədəbiyyatına elə hopub ki, istər şeir və hekayələrdə, istərsə də uşaq melodik səhnə əsərlərində uşaqların hamısı dərslərindən “beş” alan və s. qəhrəmanlardır. Problem də orasındadır ki, uşaq ədəbiyyatı bu məngənədən kənara çıxa bilmir – eyni motiv, eyni süjet xətti, eyni üslub özünü göstərir. Uşaq ədəbiyyatında milli obrazların yaradılması Azərbaycan uşaqlarının böyüməsində, bir vətəndaş kimi yetişməsində çox böyük rolu ola bilər. Əslində, uşaqlar üçün yazmaq böyüklər üçün yazmaqdan daha çətindir. Çünki uşaq ədəbiyyatında yetişmə dövrü var ki, uşaqlarda yaşdan-yaşa psixologiya, dünyagörüşü, hadisələrə münasibət dəyişir. Nədənsə, uşaq ədəbiyyatı ciddiyə alınmadığından həmişə ikincidərəcəli hesab edilib.
Hazırda Azərbaycan balet səhnəsində də əsasən xarici bəstəkarların uşaq balet əsərləri tamaşaya qoyulur. Düzdür, milli uşaq balet tamaşalarına da quruluş verilir, lakin onların sayı elə də çoxluq təşkil etmir.
Akademik Opera və Balet Teatrının tamaşaya qoyulan Pyotr Çaykovskinin “Şelkunçik”, Boris Zeydmanın “Qızıl açar”, İohann Ştrausun “Düyməcik”, Frans Şubertin “Dahi hekayəçi”, Sergey Prokofyevin “Zoluşka” və s. balet əsərləri uşaqların zövqünü oxşamaqla onları sevindirir. B.Zeydmanın Bakıda yaşayıb-çalışarkən yazdığı “Qızıl açar” baletinin librettosunu görkəmli Azərbaycan bəstəkarı Ə.Bədəlbəyli qələmə almış və əsər 1957-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulmuşdur. Qeyd edək ki, gənc tamaşaçılar üçün nəzərdə tutulmuş bu dördpərdəli balet əsəri Azərbaycan səhnəsində bu gün də nümayiş etdirilir.
Balet mürəkkəb janr olduğu kimi, həm də ecazkar qüvvəyə malikdir. Məhz bu janrda musiqi və hərəkət vasitəsilə emosional təcrübənin ən mürəkkəb çalarlarını çatdırmaq mümkündür. Dövr, nəsil dəyişikliyinə baxmayaraq, bu janrda yazılmış əsərlər heç zaman öz aktuallığını və təravətini itirmir.
Balet – tamaşaçının duyğularına birbaşa təsir edə bilən sintetik sənət növüdür. Böyüməkdə olan nəslin musiqi tərbiyəsində və şəxsiyyətin formalaşmasında uşaq baletlərinin rolu böyük əhəmiyyətə malikdir.
Vəfa
GÖVHƏR
Bakı
Xoreoqrafiya Akademiyasının mətbuat katibi
Mədəniyyət.- 2020.- 29
yanvar.- S.7.