Tanınmış yazıçı-publisistin
70 illiyi qeyd olundu
Yanvarın 29-da Beynəlxalq Muğam Mərkəzində tanınmış
nasir və publisist Xeyrəddin Qocanın 70 illik yubiley gecəsi keçirildi.
Tədbiri filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı
açaraq ədibin çağdaş həqiqətlərə
işıq tutan bədii və publisistik yaradıcılığından
söhbət açdı.
Bildirdi ki, Xeyrəddin Qoca Azərbaycan ictimai və ədəbi fikrində özünü
təsdiqləmiş şəxslərdəndir.
Satirik hekayə
ilə yaradıcılığa
başlayan yazıçı
çoxsaylı kitabların,
pyeslərin müəllifidir. Onun bir sıra əsərləri
“Kipri” jurnalında dərc edilib.
Yazıçı əsərlərində cəmiyyəti
narahat edən mühüm məsələlərə
toxunur, oxucusunu illüziyalar aləmindən
ayırır və
real həyata qaytarır. Nöqsanları vətəndaş mövqeyindən
tənqid edir.
Yubiley gecəsində diqqətə
çatdırıldı ki,
yazıçının “Filankəslər”,
“Hərə öz payını götürsün”,
“Marallar”, “Bu dünyadan
məktublar”, “Gərək
yazam”, “Pyeslər”, “Bu
da belə həyatdır”, “Biz bizə
bənzərik” kitabları
maraqla qarşılanıb.
“Hərənin öz payı” satirik komediyası Akademik Milli Dram Teatrında tamaşaya qoyulub, “Qonşulaşma, qohumlaşma,
kirvələşmə” komediyası
Azərbaycan Televiziyasında
ekranlaşdırılıb, “Düzü-düz, əyrini-əyri”,
“Bu bizim zəmanədir”,
“Toy olacaq” pyesləri əsasında Azərbaycan
Radiosunda radio-tamaşalar
hazırlanıb.
Azərbaycan Yazıçılar Birliyinin
(AYB) katibi, Xalq yazıçısı Çingiz
Abdullayev yubilyarın mənalı ömür yolundan və bədii yaradıcılığından
söz açdı. Bildirdi ki,
Xeyrəddin Qoca şərəfli bir ömür yaşayaraq cəmiyyətdə layiqli
nüfuz qazanıb. Ç.Abdullayev çıxışının
sonunda yubilyara cansağlığı və
yaradıcılıq uğurları
arzuladı.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclis Sədrinin müavini Bahar Muradova, sabiq Baş nazir Novruz Məmmədov,
Xalq artisti Möhlət Müslümov,
İrəvan Dövlət
Azərbaycan Dram Teatrının
direktoru İftixar Piriyev çıxış
edərək Xeyrəddin
Qocanın yaradıcılığından,
onun səmimiliyindən
söz açdılar.
Qeyd edildi ki, X.Qoca
jurnalistikada, bədii yaradıcılıqda və
həyatda öz sözü olan insandır. O, həmçinin
birinci çağırış
Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının
İstanbul şəhərində
baş konsulu olub. Çıxış edənlər yubilyarı
təbrik edərək
xoş arzularını
çatdırdılar.
Sonra Mədəniyyət
naziri Əbülfəs
Qarayevin yubilyara təbrik teleqramı oxundu. Daha sonra yazıçının əsərləri
əsasında vaxtilə
hazırlanan tamaşalardan
səhnələr, həyat
və yaradıcılığına
həsr edilən “Ömür belə keçir” filmindən fraqmentlər nümayiş
olundu.
Əməkdar artistlər Nuriyyə Hüseynova, Zakir Əliyev və gənc xanəndələrin
ifasında muğam və xalq mahnıları
təqdim edildi.
Sonda səhnəyə çıxan
Xeyrəddin Qoca gecənin təşkilində
zəhməti olan hər kəsə minnətdarlığını
bildirdi.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2020.- 31 yanvar.- S.1;3.