Azərbaycan və Özbəkistan arasında elmi-ədəbi əlaqələr genişlənir

 

 

Özbəkistan Milli Elmlər Akademiyasının Nəvai adına Ədəbiyyat, DilFolklor İnstitutunda Azərbaycan və Özbəkistan arasında elmi-ədəbi əlaqələrə dair tədbir keçirilib. Tədbir Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə birgə təşkil olunub.

İnstitutun direktoru, professor Nizaməddin Mahmudov iki ölkə arasında elmi-ədəbi əlaqələr haqqında məlumat verib, bu istiqamətdə AMM tərəfindən çoxsaylı layihələr həyata keçirildiyini deyib. Mərkəzin fəaliyyətini təqdir edən Nizaməddin Mahmudov AMM-in direktoru Samir Abbasova Azərbaycan ilə Özbəkistan arasında elmi-ədəbi əlaqələrin inkişafında xidmətlərinə görə Özbəkistan Milli Elmlər Akademiyasının fəxri diplomunu təqdim edib.

Samir Abbasov iki ölkə arasında elmi-ədəbi əlaqələrin əməkdaşlıqda mühüm rol oynadığını deyib, görülən işlərə diqqət və dəstəyə görə Özbəkistan Milli Elmlər Akademiyasına təşəkkürünü bildirib. 2019-cu ildə Azərbaycan Respublikasında “Nəsimi ili” ilə əlaqədar dünya ölkələrində, o cümlədən Özbəkistanda görülən işlər haqqında məlumat verib.

Qeyd olunub ki, ötən illər ərzində Azərbaycan ədəbiyyatı klassiklərinin, şair və yazıçılarının əsərləri özbək dilində nəşr olunub. İlk dəfə olaraq dahi Nizami Gəncəvinin “Xəmsə”si özbək dilində çap edilib, “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğəti” işıq üzü görüb. AMM bu il Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabirin əsərlərinin özbək dilinə tərcümə layihəsini həyata keçirəcək.

S.Abbasov Özbəkistanın gənc tədqiqatçıları üçün Azərbaycanın elmi müəssisələri, ali məktəblərinin elan etdiyi beynəlxalq təhsil və qrant proqramları haqqında məlumat verib, onları bu proqramlarda yaxından iştiraka dəvət edib.

Tədbirdə gənc tədqiqatçıların Azərbaycan-Özbəkistan elmi-ədəbi əlaqələrinə dair birgə layihələrdə, təhsil və mübadilə proqramlarında iştirakına dair fikir mübadiləsi aparılıb.

 

Mədəniyyət.- 2020.- 31 yanvar.- S.2.