Marneulidə tanınmış aşıq
və sazbəndin yubileyi
Gürcüstanın Marneuli rayonunda ustad aşıq Bafəli Adıgözəlovun 60 illik yubileyi qeyd olunub.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan Parlamentinin deputatları Mahir Dərziyev, Ruslan Hacıyev, aşıqlar və ziyalılar iştirak ediblər.
Tədbirdə professor Mahmud Kamaloğlu çıxış edərək Gürcüstanda aşıq sənətinin tarixindən, inkişaf perspektivlərindən danışıb, B.Adıgözəlovun yaradıcılığı barədə məlumat verib. Bildirilib ki, B.Adıgözəlov sazda ifa etməklə yanaşı, sazbəndlik sənətini də mənimsəyib, Gürcüstanda sazbəndlikdə yeganə sənətkardır. Aşıq, həmçinin Gürcüstanda nəfəs alətlərinin, xüsusən də zurna və ney ifaçısı kimi də tanınır.
Səfir Dursun Həsənov çıxış edərək aşığı yubileyi münasibətilə təbrik edib. Gürcüstanda aşıq sənətinin inkişafı və təbliğində xidmətlərinə görə təşəkkürünü bildirib.
Deputat R.Hacıyev çıxışında saz alətinin Gürcüstan azərbaycanlıları arasında çox müqəddəs olduğunu vurğulayıb. Bildirib ki, saz azərbaycanlıların keçmişi, bu günü və gələcəyidir.
Yubiley tədbirində Gürcüstanın azərbaycanlılar yaşayan müxtəlif bölgələrini təmsil edən aşıqlar iştirak ediblər.
Çıxış edənlər Gürcüstanda aşıq və sazbəndlik sənətinin yaşadılması, inkişaf etdirilməsi barədə fikirlərini bölüşüb, aşıqların qurultayının keçirilməsi və s. təkliflər irəli sürüblər.
Tədbir aşıq ifaları ilə davam etdirilib.
Mədəniyyət.- 2020.- 31
yanvar.- S.5.