İSESCO-nun
İcraiyyə Şurasının 40-cı sessiyası
keçirilib
Sessiyada təşkilatın
yeni adı, loqosu təsdiqlənib, yeni strukturu müəyyənləşib
29-30
yanvar tarixində Birləşmiş Ərəb Əmirliklərinin
(BƏƏ) Əbu-Dabi şəhərində İSESCO-nun
İcraiyyə Şurasının 40-cı sessiyası
keçirilib.
Sessiya
təşkilatın ali orqanı olan Baş Konfransın səlahiyyətləri
səviyyəsində gerçəkləşib. Xatırladaq
ki, İSESCO-nun İcraiyyə Şurasının 36-cı
sessiyası və təşkilatın
Baş Konfransının 12-ci sessiyası 2015-ci ilin
noyabrında Bakıda keçirilmişdi.
Qurumun
Əbu-Dabi sessiyasında İSESCO-nun ümumi fəaliyyəti,
strukturu ilə bağlı mühüm qərarlar qəbul
edilib.
Sessiyada
ölkəmizi Azərbaycan Respublikasının İSESCO
üzrə Milli Komissiyasının katibi, Mədəniyyət
Nazirliyi Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq
və innovativ inkişaf şöbəsinin müdiri Vasif
Eyvazzadə təmsil edib.
Sessiyanı giriş sözü ilə açan BƏƏ-nin Mədəniyyət və Biliklərin İnkişafı naziri xanım Nura bint Məhəmməd əl-Kəabi İSESCO-nun fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, İslam dünyasında həyatın bir çox sahəsində baş verən transformasiyalar təşkilatlardan yeni baxış, strategiya tələb edir, daha yaxşı gələcək yaratmaq naminə innovativ həll yollarını axtarıb tapmağa sövq edir. Bu baxımdan burada müzakirə olunan məsələlər böyük əhəmiyyət daşıyır.
İSESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik təşkilatın yeni strategiyası haqqında danışıb, onun fəaliyyətini gücləndirmək, çağırışlara daha çevik cavab verməsini təmin etmək məqsədilə bir sıra təkliflər irəli sürüb.
Sessiyanın ilk günü çıxışlardan sonra gündəlikdə duran mövzular, o cümlədən İSESCO-nun 2020-2030-cu illər üzrə strateji planı, 2020-2021-ci illər üzrə fəaliyyət planı, təşkilatın yeni struktur layihəsi, İnkişaf Fondunun, Məşvərət Şurasının yaradılması layihələri ətrafında müzakirələr aparılıb. Həmçinin İSESCO-nun son illərdəki fəaliyyətinə dair hesabatı, eləcə də maliyyə hesabatı dinlənilib.
Azərbaycan nümayəndəsi Vasif Eyvazzadə müzakirələrdə fəal iştirak edib, gündəlikdə duran məsələlər barədə fikir və təkliflərini bildirib.
İslam
Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı
Sessiyada təşkilatın yeni adı və loqosu səsə qoyularaq yekdilliklə qəbul edilib. İSESCO-nun yeni strategiyasına uyğun gəlməyən, fəaliyyət çərçivəsini daraldan əvvəlki adı dəyişdirilərək İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı olub. Xatırladaq ki, bunadək İSESCO Təhsil, Elm və Mədəniyyət üzrə İslam Təşkilatı adlanırdı.
İkinci iş günündə digər məsələlərlə yanaşı İSESCO-nun Maliyyə Nəzarəti Komitəsinin yeni tərkibi də müəyyənləşib. Azərbaycan komitəyə üzv seçilib.
Sessiyada İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının yeni strukturu müəyyənləşib.
Struktur islahatları təşkilatın fəaliyyətini gücləndirmək, çağırışlara daha çevik cavab vermək və dinamikliyini təmin etməyi hədəfləyən yeni strategiyaya uyğun həyata keçirilib.
İSESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik bildirib ki, təşkilatın strukturunun yenilənməsi idarəetmə sistemində paralelliyin və təkrarçılığın aradan qaldırılmasına, təkmilləşməyə, daha operativ idarəçilik mexanizminin yaradılmasına xidmət edəcək. Qeyd olunub ki, struktur layihəsi Səudiyyə Ərəbistanı Krallığının İdarəçilik üzrə Tədqiqatlar və Məşvərət İnstitutunda yaradılmış birgə işçi qrupu tərəfindən araşdırılıb. Son layihənin ərsəyə gəlməsində qrupun rəy və təklifləri, eləcə də bir sıra beynəlxalq təşkilatların təcrübələri nəzərə alınıb.
Qəbul edilmiş dəyişikliyə əsasən, baş direktorun müavini və köməkçisi vəzifələri təsis edilib. İSESCO-nun əsas sektorlarının (təhsil, mədəniyyət, elm) işi baş direktorun müavininin səlahiyyətlərinə aid edilib. Baş direktorun köməkçisi müştərək xidmət sahələrinin, o cümlədən idarələrin (Yardımçı xidmətlər, İnformasiya texnologiyaları, Nəşr və yayım), tərcümə mərkəzinin fəaliyyətinə cavabdehdir.
İSESCO-nun İnkişaf Fondu təsis
edilib
Sessiyada
İSESCO-nun İnkişaf Fondunun təsis edilməsi barədə
qərar qəbul olunub.
Fond təşkilatın
fəaliyyət sahələri çərçivəsində
irəli sürəcəyi proqramların və layihələrin
davamlı maliyyələşməsini təmin edəcək.
Baş
direktor Salim bin Məhəmməd əl-Malik
çıxışında bildirib ki, İnkişaf Fondu
qurumun yeni strategiyasını həyata keçirərkən
qarşıya çıxacaq maliyyə problemlərini həll
etməyə imkan verəcək. Qeyd edib ki, bir neçə tərəf
fonda ianə verməyə hazır olduqlarını artıq
bildirib. Baş direktor onu da diqqətə çatdırıb
ki, bu vasitələr ianə verən üzv dövlətlərin
faydalanacağı proqram və layihələrin yerinə
yetirilməsində istifadə ediləcək.
Bildirilib
ki, fond müstəqil təsisat olacaq, özünün
xüsusi nəzarət orqanı tərəfindən idarə
ediləcək. İSESCO-nun baş direktoru yalnız fond
şurasının üzvü olacaq.
Fondun
büdcəsinin 2025-ci ilədək 500 milyon dollara
çatacağı nəzərdə tutulur. Cari və sabit
aktivlər ianələr, üzv dövlətlərin, özəl
sektorun, xeyriyyə fondlarının, biznesmenlərin
bağışlayacaqları ianələr və yardımlar
hesabına formalaşacaq.
Mədəniyyət.- 2020.- 31 yanvar.-
S. 1; 3.