Rəsulzadənin anadan olmasının 136-cı ildönümü ilə bağlı beynəlxalq konfrans

 

 

Yanvarın 30-da Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 136-cı ildönümü ilə bağlı beynəlxalq konfrans işə başlayıb.

Tədbirdə çıxış edən təşkilat komitəsinin üzvü, tarix elmləri doktoru Solmaz Tohidi-Rüstəmova Rəsulzadənin həyat və fəaliyyəti barədə danışıb, onun doğum günü münasibətilə keçirilən beynəlxalq konfransın əhəmiyyətindən bəhs edib.

Türk ocaqları” İstanbul şöbəsinin rəhbəri Cezmi Bayram Rəsulzadənin böyük şəxsiyyət, siyasətçi, eyni zamanda fikir adamı olmasından, Türkiyədəki fəaliyyətindən bəhs edib.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib ki, türk dövlətlərindən biri çətinliyə düşəndə digəri ona əl uzadıb, qardaşlıq edib, bu, bundan sonra da belə davam edəcək: “XX əsrin ilk yarısında yaşadığımız hadisələr bizim üçün böyük dərsdir. Bu dərsi almağımızda Məhəmməd Əmin Rəsulzadənin çox böyük yeri var. O, Azərbaycan dövlətinin qurulmasında əməyi keçənlər arasında ilk sıralarda yer alanlardan biridir. Biz Rəsulzadə və çağdaşlarının etdiklərinin nəticəsində bu günlərə gəlib çıxa bilmişik”.

Tədbir çıxışlarla davam edib. Qeyd edək ki, konfransa Fransa, Türkiyə, Polşa, İranGürcüstandan tanınmış alimlər qatılıb.

Konfrans yanvarın 31-də  Milli Azərbaycan Tarixi Muzeyində elmi məruzələrlə davam edəcək.

 

Mədəniyyət.- 2020.- 31 yanvar.- S.2.