Bir ömür sənətin fövqündə

 

 

 

Sənət adamlarının istedad və peşəkarlıqla bərabər yüksək mənəvi dəyərlərə malik olması, nümunəvi fərdi keyfiyyətləri də yaradıcılıq meydanındakı mövqeyini müəyyənləşdirir, onlara minlərlə insanın sevgisini qazandırır. Azərbaycanın görkəmli kinooperatoru, Əməkdar incəsənət xadimi Teyyub Axundov (1920-1991) da ustalıqla çəkdiyi filmlərdə istər kadr tutumunda, istərsə də personajların (müxtəlif planlı) təqdimatında fikir və duyğularını ifadə etməyə nail olub. İlk baxışda asan görünən, lakin çətin və məsuliyyətli işin öhdəsindən bacarıqla gələn sənətkar Azərbaycan kinosunda özünəməxsus dəst-xətti ilə seçilib, məşhurlaşıb, sevilib. Teyyub müəllim 50-yə yaxın filmə (sənədli, bədii filmlər, “Mozalan” kinosüjetləri) peşəkarlıqla (operator kimi) quruluş verib. Onun həyata baxışı, insanları duyma, anlama qabiliyyəti çəkdiyi filmlərin kadrlarında əksini tapıb, işinə həssaslıqla yanaşması isə kino estetikasının gerçəkliyini, tamlığını təmin edib.

Kiçik yaşlarından fotoqrafiyakinoya böyük həvəs göstərən istedadlı gənc 14 yaşından kinostudiyada əmək fəaliyyətinə (“Almazfilminin operator assistenti kimi) başlayıb. Böyük Vətən müharibəsi başlayanda (1941) o da cəbhəyə gedib. Müharibədə əlinə fotoaparat keçən Teyyub Axundov ön cəbhədə gördüyü dəhşətli mənzərələri fotolentə köçürməklə həm döyüşçü, həm də fotoqraf kimi müharibənin salnaməsini yaradıb.

“Ən böyük tərbiyəçi çətinlikdir” deyirlər. Ağ-qara zolaqlı ömür payını şərəflə yaşamaq, uğura çatmaq üçün həyatın kələ-kötür yollarından keçmək taleyinə yazılan gənc operatorun müharibədə iştirakı ona həyat və sənət təcrübəsi qazandırıb. 1946-cı ildə ordudan tərxis olunaraq vətənə qayıdan gənc kinematoqrafçı elə həmin ildə kinostudiyanın bir neçə işçisi ilə birlikdə Moskvaya, Ümumittifaq Kinematoqrafiya İnstitutuna təhsil almağa göndərilib. Kinostudiyanın rəhbərliyi tərəfindən atılan bu təqdirəlayiq addımı Teyyub müəllimin həyat uğurunun başlanğıcı da adlandırmaq olar.

İnsan aid olduğu yerdə dəyərlidir. Teyyub Axundovun düzgün istiqamətləndirilmiş  sənət təlimatı onun vətəninə, xalqına, cəmiyyətə lazımlı vətəndaş kimi yetişməsinə, örnək timsallı ömür yaşamasına səbəb olub. O, ali məktəbdə kino sənətinin sirlərinə dərindən bələd olmaqla peşə bilgisini yaradıcılığında tətbiq etməklə Azərbaycan kinosunda operatorluq sənətinin peşəkar məktəbini yaradanlardan birinə çevrildi. Moskvada məşhur Rusiya kinooperatorları Anatoli Qolovnya Mark Magitsondan operator sənətinin sirlərini öyrənən gənc Bakıya qayıtdıqdan sonra arzularını, sözün əsl mənasında, yaradıcılıq uğuruna çevirdi.

Teyyub müəllim filmlərin kadrlarını dəqiq effektiv planlarda məsuliyyətlə işləyəndə bəlkə məşhurlaşacağını fikirləşməyib, sadəcə olaraq həyatda gördüyü, müşahidə etdiyi vacib nüansları qabartmağa göstərməyə çalışıb. Onun eyni zamanda yaradıcılıq mühitinin məhsuldar qaynar olması isə təcrübəsinin artmasına, zənginləşməsinə səbəb olub.

Yaradıcılığı təzadlı, böhranlı, ağrılı illərə təsadüf edən operator ona tapşırılan hər bir işə diqqətlə yanaşaraq mövzuları həyatın inikasına çevirib, məsləyinə olan sevgisi, məsuliyyəti sayəsində filmlərin ümumi kompozisiyasının tamlığını təmin edib. Elə buna görə peşəkar kinorejissorlar onunla işləməkdən zövq alıb, janr mövzusuna görə seçilən, milyonların rəğbətini qazanan filmlərdə işləməsinə imkan yaradıb. İl-ildən sənətini püxtələşdirən Teyyub Axundov operator kimi 11 sənədli, rejissor kimi 12 sənədli, operator kimi 17 bədii film 8 “Mozalankinosüjeti çəkib.

Rəngin kinoda mövcud olduğu bir vaxtda ağ-qara çəkilən filmlərdəki işıq effektindən dəqiq istifadə etmə bacarığı, müxtəlif rakurslu çəkilişlərin hədəfli görüntüləri operatorun yaradıcılıq prinsipini bəyan edib. Cəbhəyə getməzdən əvvəl kinostudiyada işıqçı kimi çalışan operatorun bu sahədəki təcrübəsi sonralar ona operatorluq sənətində işıq effektindən ustalıqla işləməsinə kömək edib. “Dağlarda döyüşhərbi-vətənpərvərlik, “Şərikli çörəkdramatik-lirik-psixoloji, “Tütək səsidramatik-lirik-psixoloji, “Mahnı belə yaranır” (operator Cavanşir Məmmədovla birgə) tarixi-bioqrafik, “Onu bağışlamaq olarmı?” lirik-psixoloji, “Qatır Məmməd” (operator Şərif Şərifovla birgə) tarixi-inqilabi, “Görüş” (operator Cavanşir Məmmədovla birgə) komediya-məhəbbət, “Sehrli xalatfantastik-macəra digər janrlı filmləri xatırlamaq kifayət edir ki, operatorun işıq effektindən bacarıqla istifadə etdiyi maraqlı, məzmunlu kino planlarını xatırlayaq.

Yuxarıda adları çəkilən filmlərin kadrları həmçinin onu sübut edir ki, Teyyub müəllim kinokamera ilə mövzunun ahənginə uyğun ritm yaratmağı bacaran, iri planlı portret çəkilişləri ilə aktyor ifasını qabardan, ümumi planları (natura yaxud pavilyon çəkilişləri) mövzunun mahiyyətinə çevirən, fikir tamlığını, ideya bütövlüyünü çatdıran operator idi. Bu mənada onun təcrübəsi həmin illərdə kinostudiyaya gələn gənc kinematoqrafçılar üçün nümunəvi sənət məktəbi idi.

Əməkdar incəsənət xadimi, tanınmış kinooperator Kənan Məmmədov ustad sənətkarla 1971-ci ildə tanış olduğunu deyir: “Onda mən Ümumittifaq  Kinematoqrafiya İnstitutuna daxil olmağa hazırlaşırdım. İmtahandan əvvəl fotomüsabiqə keçirilirdi. Bu müsabiqədən keçdikdən sonra qəbul imtahanına buraxıla bilərdik. Mən 30 ədəd fotoşəkli yazıçı-dramaturq, kinossenarist İmran Qasımova göstərdim.

O, şəkillərə baxdı, bəyəndi dedi ki, bu şəkillərə Həsən Seyidbəyli baxsın. Dəstəyi qaldırıb Həsən Seyidbəyliyə zəng etdi. Həsən müəllim onun yanına, Kinematoqrafçılar İttifaqına getməyimi bildirdi. Mən şəkilləri götürüb Həsən müəllimin yanına getdim. Otağa daxil olanda yanında iki nəfər gördüm. Bunların biri kino rəssamı Məmməd Hüseynov, digəri isə kinooperator Teyyub Axundov idi. Onlar çəkdiyim şəkillərə baxdılar, çox bəyəndilər. Teyyub müəllim müsabiqəni mütləq keçməli olduğumu tapşırdı. Hətta gülümsəyərək əlavə etdi ki, kinooperatorluq sənəti fotodan başlayır.

Şəkillərdən birini İçərişəhərdə, formal üslubda çəkmişdim. Onu daha çox bəyəndilər. Hətta Məmməd müəllim dedi ki, “olar bu şəkil məndə qalsın?”. Dedim, buyurun, məndə neqativi var, özüm üçün nüsxəsini çıxardaram. Beləcə, səmimi söhbət əsnasında onlar işlərimdən razılıq edərək sanki mənə xeyir-dua verdilər. Mən şəkilləri müsabiqəyə göndərdim, on gündən sonra Moskvadan yazılı xəbər gəldi ki, fotomüsabiqəni keçmişəm, iyun ayında sənəd qəbuluna dəvət olunuram. Mənim Teyyub müəllimlə ilk görüşüm belə oldu.

Kinematoqrafiya İnstitutunu bitirdikdən sonra kinostudiyada işləyəndə Teyyub müəllimlə tez-tez görüşüb söhbətləşirdik. Onunla bir məkanda çalışmaq mənim üçün fəxr idi. Biz ona klassik üslubda çalışan peşəkar operator kimi çox hörmət edirdik. Onunla vaxtsa bir filmdə işləyəcəyimi isə ağlıma belə gətirmirdim. Həmin vaxtlarda kinorejissor Arif BabayevBirisigün, gecəyarısıfilmini (1981) çəkirdi. Filmin quruluşçu operatoru Teyyub  Axundov idi. Bir gün kinostudiyaya girəndə mənə dedilər ki, Arif Babayev səni görmək istəyir. Getdim Arif müəllimin otağına. Görüşdükdən sonra mənə dedi ki, təcili bir çəkilişimiz olmalıdır, amma Teyyub müəllim xəstələnib, çəkilişlərə gələ bilmir: “Onunla məsləhətləşdim ki, hansı operator lazım olan kadrları çəkə bilər, Teyyub müəllim səni məsləhət gördü”. Mən əvvəl tərəddüd etdim ki, axı Teyyub müəllimin öz üslubu, dəst-xətti var. Arif müəllim dedi ki, sən heç narahat olma, bircə mənə de görüm sənə lazımdır. Dedim mənə montajı göstərin, bilim ki, çəkəcəyim epizoddan əvvəl hansı epizod olacaq çəkdiyim epizoddan sonra olacaq. Materiallara baxmaq istəyirəm. Rejissor icazə verdi, montaj otağına getdim çəkəcəyim kadrlardan əvvəlki sonrakı səhnələrə baxdım. Ertəsi günü çəkiliş qrupu ilə Şirvanşahlar sarayına yola düşüb lazımlı kadrları çəkdim. Arif müəllim çəkdiyim materialları çox bəyənmişdi. Teyyub müəllim işə çıxanda materiallara baxdı mənə təşəkkür etdi. Bildirdi ki, “Kənan, çox sağ ol, sən mənim üslubumu elə həssaslıqla hiss etmisən ki, baxıram elə bil o epizodları mən çəkmişəm”. Beləliklə, o filmdə balaca bir əməyim oldu Teyyub müəllimin işimdən razılığını da ikinci xeyir-duası kimi qəbul etdim.

Teyyub Axundov klassik operator sənətinin üslublarını öyrənib. Onun operator kimi quruluş verdiyi dörd (“Şərikli çörək”, “Onu bağışlamaq olarmı?”, “Birisigün, gecəyarısı”, “Tütək səsi”) filmin çəkilişini operatorluq sənətinin mahiyyətini göstərən məktəb hesab etmək olar. Bu filmlərdəki çəkilişlər vasitəsilə o, yaradıcılığının üslub zənginliyini, dəst-xəttini, təsvirə olan münasibətini, kadrı işıqlandırma bacarığını göstərib. Filmlərdəki personajlara yanaşma tərzi həssas, hadisələrin şərhi dəqiq, ələlxüsus daŞərikli çörəkfilmində uşaqların iri planda olan təsvirləri çox təsirlidir. Ümumiyyətlə, Teyyub müəllimin operator kimi çəkdiyi filmlərə baxanda onun dəst-xətti hiss olunur”.

Onu da əlavə edək ki, Teyyub Axundovun işıq effektini, kadrın planını dəqiq qurma bacarığı ekran əsərlərinin kompozisiyasının tamlığını təmin edib, filmlərin emosionallığını, baxımlılığını artırıb. Məsələn, “Tütək səsifilmində istər ümumi, iri, istərsə fon natura (taxıl yığımı, Cəbrayılın torpağı şumlaması kadrları) çəkilişlərinin məzmunla uzlaşması kadrların dinamikliyini artırıb, məntiqini çoxaldıb. Beləcə, bir ömür sənətin fövqündə duran görkəmli operator ekran qəhrəmanlarının hiss həyəcanlarını dəqiq, dolğun planlarda təqdim etməklə, ekran personajlarının daxili iztirablarını, məqsəd məramlarını həssaslıqla göstərməklə əsl sənətkarlıq nümayiş etdirib, işıqlı düşüncəsini, həssas duyğularını yaradıcılıq məhsuluna çevirməklə sənətini həyatının mənasına çevirib.   

 

Şəhla ƏMİRLİ

Kinoşünas

 

Mədəniyyət.- 2020.- 31 yanvar.- S.7.