Malayziyanın elmi
jurnalında aşıq sənətimizdən bəhs edən
məqalə
Malayziyanın ilk ali təhsil ocağı olan Malaya Universitetinin “SARE” (Southeast Asian Review of English) elmi tədqiqat jurnalında Azərbaycan saz-söz sənətinin nümayəndələrindən Aşıq Bəsti haqqında məqalə dərc edilib.
“Sazım yardan ötrü fəryad edir” adlı məqalə Azərbaycan Dillər Universitetinin dosenti Şəhla Nağıyeva, Malayziya İslam İncəsənəti Muzeyinin əməkdaşı, Azərbaycan mənşəli tədqiqatçı Əmin Əmirdabbaqyan və Malaya Universitetinin professoru, elmlər doktoru Krişnavanie Şunmugam tərəfindən ingilis dilində qələmə alınıb.
Elmi nəşrin 56-cı cildinin 2-ci nömrəsində dərc olunan məqalədə, əvvəlcə Azərbaycan folklorunun məhək daşı, Dədə Qorqud yadigarı olan aşıq sənətinin əsas xüsusiyyətləri barədə geniş məlumat verilir. Sonra XIX əsr Azərbaycan qadın aşıqlarının görkəmli təmsilçilərindən Aşıq Bəstinin həyat və yaradıcılığından, ifaçılıq və poetik istedadından bəhs edilir. Yazıda Aşıq Bəstinin hələ XIX əsrdə Azərbaycandakı qadın emansipasiyasını nümayiş etdirən yaradıcı şəxsiyyət olduğu və həmin dövrdə bunun müsəlman Şərqi üçün mütərəqqi göstərici sayıldığı vurğulanır.
Məqalədə Aşıq Bəstinin şeirlərindən ingilis dilinə tərcümə edilmiş seçmələr də təqdim olunur.
Azərbaycanın Malayziyadakı
səfiri Qaley Allahverdiyev
milli aşıq sənətimizin
Malayziyanın elmi-publisistik nəşrlərində
təqdim olunmasını təqdirəlayiq addım kimi qiymətləndirərək müəlliflərə
nailiyyətlər arzulayıb. 2009-cu ildə aşıq sənətimizin
UNESCO-nun siyahısına daxil
edildiyini diqqətə çatdıran
səfir qeyd edib
ki, bu məqalə
vasitəsilə malayziyalı sənətsevərlər və
tədqiqatçılar Azərbaycanın əzəli
torpaqlarından olan Kəlbəcərin
qadın incəsənət ustadlarından Aşıq Bəsti
barədə məlumat öyrənir, eyni
zamanda hazırda işğal
altında olan torpaqlarımıza məxsus
böyük mədəni irsimizlə
tanış olmaq imkanı qazanırlar.
Mədəniyyət.- 2020.- 31
yanvar.- S.8.