Bütün şəhidlərimizin qisasını alana qədər vuruşacağam...”

 

İkinci Qarabağ savaşının ağır günləri idi. Hər gün cəbhədən zəfər xəbərləri ilə yanaşı, üçrəngli bayrağa bürünmüş şəhid tabutları da gəlirdi. İşğal alındakı torpaqlarımızın hər qarışı igid oğulların canı-qanı bahasına azad olunurdu. Bizim Faiq qardaş kimi tanıyıb hörmət etdiyimiz sakit, zəhmətkeş Azərbaycan kişisinin böyük sevgi ilə böyütdüyü oğlu da o fədailər sırasına qoşulmuşdu...

 

Sabir Əbdürrəhmanlı 9 mart 1998-ci ildə Sumqayıtda anadan olmuşdu. Hələ uşaqlıqdan qorxmazlığı ilə seçilirdi babasının adını daşıyan Sabir. Vətənə, torpağa, atasının doğulduğu Ağdama bir ayrı sevgisi var idi. Birinci Qarabağ müharibəsinin qəhrəmanlarından olan əmisi şəhid Famillə həmişə fəxr edirdi. Ən çox da ona bənzəməyə, onun kimi qəhrəman olmağa çalışırdı...

 

İdmanın müxtəlif növləri üzrə məşğul olur, fərqli yarışmalarda daim birincilik qazanırdı. Həqiqi hərbi xidmətdən sonra Daxili Qoşunların xüsusi təyinatlı çavuşu kimi xidmətini layiqincə davam etdirdi. Azərbaycan Televiziyasının bir verilişində səsləndirdiyi bu fikirlər qəhrəman oğullarımızın yenilməzliyindən, Vətən uğrunda sevə-sevə ölümə getməyə hazır olmalarından soraq verirdi: “Azərbaycan Respublikasının müstəqilliyinin qorunması üçün qüdrətli ordu əsas amildir. Biz xüsusi təyinatlılar olaraq qarşımıza qoyulan hər tapşırığı hər zaman və hər yerdə yerinə yetirməyə hazırıq”.

 

Sentyabrın 27-də başlanan Vətən müharibəsinin ilk günündən Sabir  də digər silahdaşları kimi ən gərgin döyüşlərdə sinəsini düşmənə sipər elədi. Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə əsl şücaət göstərdi. Özünə və yaxınlarına söz verdiyi “Əmim başda olmaqla bütün şəhidlərimizin qisasını alana qədər vuruşacağam” vədinə sadiq oldu. Cəsur döyüşçü yoldaşları ilə birlikdə düşmənin yeddi postunu ələ keçirib, onlarla canlı qüvvəsini məhv etdi.

 

Oktyabrın 8-də Füzuli uğrunda döyüşlərdə qəhrəmanlıq göstərərək şəhadətə yüksəldi.

 

Bu cür əvəzsiz səadəti dadan Sabirimizin də xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirildi. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və  “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edildi.

 

Beləcə, qısa və şərəfli ömrünə Vətəni sevməyi də, onun uğrunda sevə-sevə ölməyi də sığışdıra bildi. Onu sevənləri və yoxluğu ilə barışmayanlara, ələlxüsus da anasına əbədi yaşayacaq ad bağışlayıb getdi...

 

Anası Mehparə xanım indioğlunun itkisi ilə barışmır. Onun Sumqayıtdakı Şəhidlər xiyabanında qərar tutan məzarını hər gün al-əlvan qızılgüllərlə bəzəyir. Oğlunun sevdiyi, tikanları əlini dalasa da, anası üçün qucaq-qucaq yığıb gətirdiyi qızılgüllərlə...

 

Sabir güclü idi, qorxmaz idi, mümkün deyil, o, ölə bilməz” deyib onun məğrur baxışlarının, təbəssüm qonmuş üzünün əks olunduğu qara daşa baxıb köks ötürür...

 

Haqlıdır, şəhidlər ölmür, hər zaman yaşayır. Axı, Vətən dediyimiz bu qara torpaq igidlərin qanı ilə suvarılıb...

 

Həmidə NİZAMİQIZI

 

 

Mədəniyyət.- 2021.- 2 aprel.- S.6.