Mədəniyyət naziri Mərakeşin ölkəmizdəki səfiri ilə görüşüb

 

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov martın 30-da Mərakeş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş ilə görüşüb.

 

Görüşdə Anar Kərimov səfir Adil Embarşın diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində inkişafından məmnunluğunu ifadə edib. İkitərəfli mədəni əlaqələrin genişləndirilməsi üçün imkanların olduğunu deyən nazir ölkəmizin bu əlaqələri genişləndirməkdə maraqlı olduğunu vurğulayıb.

 

Azərbaycan və Mərakeşin beynəlxalq təşkilatlar çərçivəsində daim yaxından əməkdaşlıq etdiyini, bir-birini dəstəklədiklərini bildirən Anar Kərimov bunun artıq yaxşı bir ənənəyə çevrildiyini qeyd edib. İki ölkə arasında imzalanan sənədlərə toxunan Anar Kərimov mədəniyyət sahəsində münasibətlərin möhkəmləndirilməsinin zəruriliyini və bu zəmində layihə yönümlü fəaliyyətə üstünlük verilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

 

Qəbula görə təşəkkürünü bildirən səfir Adil Embarş öz növbəsində Mərakeşlə Azərbaycan arasında mədəni əlaqələrin çox yaxşı səviyyədə olduğunu qeyd edib və ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə çatdırılmasının əhəmiyyətindən bəhs edib.

 

Görüş zamanı nazir Anar Kərimov Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə və mədəni irsimizə qarşı təcavüzkar siyasətinin ağır nəticələri barədə məlumat verib. Ermənistanın Azərbaycana qarşı otuz ilə yaxın davam etmiş və 2020-ci ildə Vətən müharibəsində tarixi Zəfərlə son qoyulmuş işğalçılıq siyasətinə münasibətdə Mərakeşin tutduğu ədalətli mövqeyinin yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb.

 

Görüşdə Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün birgə layihələrin reallaşdırılması, mədəniyyət tədbirlərinin təşkili, həmçinin gələcək inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Mədəniyyət.- 2021.- 2 aprel.- S.4.