Kinomuzun səhifələri – sosial şəbəkələrdə
Mədəniyyət və incəsənətin bir çox sahələrinin inkişafı üçün müvafiq dövlət proqramları, layihələr həyata keçirilir. Bununla belə, kütləvi tamaşaçı və dinləyici auditoriyası olan sənət növlərinin daha geniş platformada təbliği və təşviqinə ehtiyac var. Bir ildən artıqdır yaşadığımız pandemiya, hər nə qədər mədəniyyət sektoruna zərər vursa da, virtual reallıq, incəsənətin onlayn şəkildə təqdim edilməsi bu sahədə həm böyük potensialın olduğunu göstərdi, həm də müəyyən irəliləyişə səbəb oldu.
Sosial şəbəkələr üzərində mədəniyyətin müxtəlif sahələrini təbliğ edən qrup və səhifələrin çoxsaylı izləyiciləri bu sahə üzrə ən müxtəlif informasiyanı əldə etmək imkanı qazanırlar. Nəzərə alsaq ki, bu gün insanların vaxtının önəmli hissəsi sosial şəbəkələrdə keçir, bu zaman effektivliyi də təxmin etmək mümkündür.
Bu yazıda kinonun sosial şəbəkələrdə təbliğindən qısa söz açmaq istərdik. Bu xüsusda sosial platformalara nəzər salarkən, “Facebook”, “Youtube” və “İnstagram” şəbəkələrində “KinoBiz” , “FilmAç”, “KinoKitab” kimi səhifə və qruplar diqqətimizi çəkdi.
“KinoBiz” səhifəsinin yaradıcısı, rejissor Ramil Ələkbərov deyir ki, 2018-ci ildə ilk olaraq bu işə “Facebook” üzərindən başlayıb. Məqsəd isə Azərbaycan kinosunun 120 illiyinə bir töhfə olaraq Kinozal.az saytında yığılan geniş məlumat bazasını bu səhifədə təbliğ etmək idi: “Kinomuzun yubileyi ərəfəsində təbliğat platforması kimi bu səhifəni yaratdım. “Facebook”dan sonra “İnstagram” səhifəmiz fəaliyyətə başladı. Lakin ən çox paylaşımlar yenə “Facebook” üzərindən həyata keçirilir. Məqsədimiz odur ki, kino xəbərlərini yayaq, kinomuzu təbliğ edək, kinomuzda baş verən yeniliklərlə bağlı mütəmadi olaraq paylaşımlar edək. Hazırda kino sahəsində uğur qazanan mütəxəssislərlə yanaşı, vaxtilə bu sahədə çalışmış insanlar haqqında da məlumatlar veririk”.
Həmsöhbətim bildirir ki, “KinoBiz” qrupu kinonun təbliği, tənqidi, reklamı, müzakirəsi, ümumiyyətlə, kino sənəti sənayesi və kino əyləncəsi üçün nəzərdə tutulub: “Azərbaycan və dünya kinosunda baş verən hadisələr bu səhifədə əksini tapır. Səhifə sosial şəbəkə izləyiciləri tərəfindən rəğbətlə qarşılanıb və böyük dəstək alır. Son dövrdə sosial şəbəkələrdə kino səhifələri çoxalıb. “Azərbaycan kinosu və teatrı”, “FilmAç”, “Filmfiction” səhifələrini mən özüm də izləyirəm. Arzu edirəm ki, təkcə sosial şəbəkə deyil, klassik media formatında da kinomuzu təbliğ edən nəşrlər, qəzet və jurnallar işıq üzü görsün. Kino sahəsindəki yeniliklərimiz təkcə istehsalda deyil, mediada da özünü göstərməlidir. Hazırda KinoBiz.az saytı üzərində çalışırıq və bu böyük bir platforma olacaq. Nəzərdə tutmuşuq ki, 2021-ci ilin 2 avqustunda – Azərbaycan Kinosu Günündə bu saytı ictimaiyyətə təqdim edək”.
“FilmAç” səhifəsi isə eyniadlı “Youtube” kanalının davamıdır və hər gün yeni xəbərlər, maraqlı faktlar və vacib hadisələr barədə məlumatlar paylaşır. Səhifənin yaradıcısı İstanbulda türk dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan Hacı Səfərovdur. O deyir ki, təhsil aldığı illərdə kino ilə yaxından maraqlanmağa başlayıb və 2019-cu ildə belə bir səhifə yaradıb. İlk dəfə “Youtube” kanalı olaraq işə başlayıb, daha sonra sosial medialarda aktivləşiblər. Hazırda səhifəyə böyük maraq var.
“Azərbaycan kinosu və teatrı” səhifəsinin 15 minə yaxın izləyicisi var. Adından da göründüyü kimi, səhifə kino və teatrla bağlı maraqlı paylaşmalarla izləyicilərin diqqətini çəkə bilib.
Mədəniyyətin sosial platformalarda paylaşılması həm də milli mədəni irsin təbliğinə yönələn addımlardır. Çağdaş dünyada informasiya sadəcə informasiya olmaqdan çox geniş anlam kəsb edir. Bu dünya yarışı meydanıdır. Mədəniyyətimizin müxtəlif sahələrinin sosial platforma üzərindən təbliğinə yönələn hər bir fərdi təşəbbüs də təqdirəlayiqdir.
Lalə AZƏRİ
Mədəniyyət.- 2021.- 7 aprel.-
S.6.