Kuklalara qırx il ömür vermiş
dekorativ-tətbiqi sənət ustası
Uşaqlıqdan plastilindən heyvanlar, kuklalar, nağıl qəhrəmanları düzəldərək kibrit çöplərini tutacaq kimi keçirib onları oynadan balaca Lətifə ilk kukla tamaşasını uşaq bağçasında görmüşdü. O zamanlar kimin ağlına gələrdi ki, bu istedadlı uşaq orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olaraq dekorativ-tətbiqi sənət rəssamı ixtisasına yiyələnəcək, uzun illər Azərbaycan Dövlət Kukla Teatrında çalışacaq...
Əslində, heykəltəraşlığa, keramikaya böyük marağı olan Lətifə xanım Kukla Teatrına təsadüfən gəlmişdi. Bir rəssam tanışının tövsiyəsi ilə bu teatra gəlir və hər şey bundan sonra başlayır. Bir neçə tamaşanın hazırlanmasında iştirak edir və bu iş ona o qədər xoş gəlir ki, ömrünün təxminən qırx ilini bu teatra bağlayır.
Lətifə Nəsir qızı Quluzadə 29 avqust 1946-cı ildə Bakı şəhərində anadan olub. O, 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 1978-ci ildən isə Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.
Lətifə Quluzadə Azərbaycan Dövlət Kukla Teatrında işlədiyi müddət (1976-2015) ərzində Telman Qarabağlının “Du-du, yol verin”, Rada Moskovanın “Hara qaçırsan, dayça?”, Yuri Oleşanın “Üç gombul”, Reno Pilonun “Bizim evdə”, Mirzə Cəlilin “Pırpız Sona”, Bertold Brextin “Kuraj ana və onun uşaqları”, Aleksandr Ostrovskinin “Qar qız” və başqa tamaşaların rəssamı olub.
Yaradıcılığının ən parlaq dövrü Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında keçsə də, o, Akademik Milli Dram Teatrında Əli Əmirlinin “Ağqoyunlular və Qaraqoyunlular”, Opera və Balet Teatrında Fikrət Əmirovun “Sevil” (geyim üzrə), Dövlət Rus Dram Teatrında G.Koktonun “Müqəddəs vəhşi”, həmçinin Gənc Tamaşaçılar Teatrında “Quyu”, “Mağara”, “Dəlinin qeydləri”, Musiqili Komediya Teatrında “Məlikməmməd”, “Bazar günü gəzinti” və başqa səhnə əsərlərinə bədii tərtibat verib.
Kukla teatrı – aktyorun kuklaları idarə etdiyi və ya onlarla birgə oynadığı xüsusi səhnə sənəti olaraq tamaşaçılarını real dünyadan qoparıb nağıllar dünyasına səyahətə aparmaq gücünə sahib spesifik xüsusiyyətə malik, özünəməxsus estetikası olan bir sahədir. Burada rəssamın kuklalara öz yanaşması var. Lətifə Quluzadə bu teatrda ilk dəfə aktyorları tamaşaçılardan “gizlədən” pərdədən tamaşanın iştirakçı obrazı kimi istifadə etməklə böyük uğura imza atıb.
Kuklaların hazırlanması prosesində ilk növbədə rejissorla rəssamın ortaq məxrəcə gəlməsi çox vacibdir. Rejissor nə qədər mükəmməl işləsə belə, tamaşada rəssam işi, rəssam baxışı mütləq olmalıdır. Rəssam rejissor fikrinə tabe olmaqla yanaşı, həm də rejissor fikrini tamamlamalıdır. Əgər rəssamın ideyası maraqlıdırsa, rejissor bundan yalnız uğur əldə edər. Tükənməz enerjiyə və maraqlı düşüncəyə malik Lətifə Quluzadənin eskizləri teatr səhnəsində həmişə maraqla izlənilir. Personajı canlandıran və aktyor tərəfindən idarə olunan kuklanın hazırlanmasında istənilən predmetdən – məişət əşyasından tutmuş xüsusi hazırlanmış materiala qədər uzun və yaradıcı bir proses gedir. Rəssam elə etməlidir ki, bir ştrixlə tamaşaçını əvvəldən əhvalata kökləməyi bacarsın. Məhz Lətifə Quluzadə yaradıcılığında bu məsuliyyət duyulmaqdadır.
O, eyni zamanda Azərbaycan dekorativ-tətbiqi sənətinin müxtəlif janrlarında yüksək sənətkarlığı ilə fərqlənən rəssamlardan biridir. 2016-cı ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində rəssamın “Nağıllardan süzülən rənglər” adlı fərdi sərgisi keçirilmişdi. Sənətkarın əfsanəvi nağıl qəhrəmanlarına həsr etdiyi eskizlər sənətsevərlər tərəfdən çox maraqla qarşılanmışdı. O, dekorativ-tətbiqi sənətin müxtəlif janrlarında, o cümlədən keramika sahəsində rəngarəng obrazlar qalereyası yaradıb.
Rəssamın yaradıcılığı yüksək qiymətləndirilib, 2011-ci ildə Prezident mükafatına, 2013-cü ildə “Əməkdar rəssam” fəxri adına layiq görülüb. 2008-ci ildə Gənc Tamaşaçılar Teatrında tərtibat verdiyi “Pəri cadu” tamaşasına görə Mədəniyyət Nazirliyinin “Zirvə” mükafatı ilə təltif olunub.
Əməkdar rəssam Lətifə Quluzadənin 7 əsəri Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasında qorunub saxlanılır.
Könül VƏLİYEVA
Azərbaycan Dövlət Rəsm
Qalereyasının əməkdaşı
Mədəniyyət.- 2021.- 7 aprel.-
S.6.