Avropa Renessansını bir neçə əsr qabaqlayan dahi

 

“Nizami bu gün də bir müasirimiz kimi ədəbiyyat və mədəniyyətimizə öndərlik edir”

 

“Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın əqli mülkiyyəti və bəşəriyyətin mədəni sərvətidir” mövzusunda vebinar

 

Nizami dühası uzun illərdir dünya şərqşünaslığının, humanitar elminin diqqət mərkəzindədir. Qüdrətli söz ustadının xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri təkcə qoca Şərqin deyil, ümumilikdə dünyanın misilsiz mədəni sərvətlər xəzinəsində möhtəşəm yerini qorumaqdadır.

 

Dünya mədəniyyətinin yeni səhifəsini açmış Avropa Renessansından əsrlər öncə Nizami dühası Şərq Renessansının əsasını qoymuşdu. Nizaminin əsərlərində təbliğ və tərənnüm etdiyi bəşəri dəyərlər ondan əsrlər sonra Avropa ədəbi-fəlsəfi fikrində, Avropa humanistlərinin ideyalarında meydana çıxdı. Nizami Gəncəvinin anadan olmasının 880 illiyi mütəfəkkir şairin əsrlərə hökm edən irsinin dünyada daha geniş təbliği və tanıdılması üçün daha bir tarixi fürsətdir.

 

Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə elan edilən “Nizami Gəncəvi İli” çərçivəsində keçirilən silsilə tədbirlərin mühüm bir qismi Nizami dühasına böyük dəyər verən dünyanın nüfuzlu elm, mədəniyyət xadimlərinin iştirakı ilə gerçəkləşir.

 

Aprelin 5-də Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın əqli mülkiyyəti və bəşəriyyətin mədəni sərvətidir” mövzusunda vebinar da belə tədbirlərdən biri idi.

 

Onlayn seminarı giriş sözü ilə Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov açaraq tədbir iştirakçılarını salamladı, 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsinin dövlətimizin və dövlətçilik tariximizin şanlı səhifəsi olan Vətən müharibəsindəki parlaq Zəfərimizin davamı olaraq hər bir azərbaycanlı üçün önəmli hadisəyə çevrildiyini bildirdi. Qeyd etdi ki, bu əlamətdar il eyni zamanda klassik ədəbi irsimizin görkəmli nümayəndələrinin həyat və yaradıcılığına dövlət tərəfindən göstərilən diqqətin növbəti nümunəsidir.

 

Kamran İmanov Nizaminin öz dövrünün əsas elmlərini dərindən bildiyini, yeri gəldikcə əsərlərində məharətlə istifadə etdiyini diqqətə çatdırdı. Dedi ki, Nizami “Yeddi gözəl” poemasında bəşəriyyətin birliyinin, dünyanın tamlığının həm də say (cəbr), həndəsə və musiqi ilə bağlı olması ideyasını irəli sürüb: “Rəqəmlər isə kainatın qarşılıqlı əlaqəsindəki açarlardır. Rəqəmlər vasitəsilə çoxluq birliyə, ziddiyyətlər isə harmoniyaya çevrilir. Odur ki, Nizami “yeddi” rəqəmini, yəni Şərqdə xüsusi qüvvəyə malik olan ədədi istifadə edərək bu rəqəmin mükəmməlliyini dünya mükəmməlliyinə yönəldirdi. Elə bu səbəbdən araşdırmaçıların böyük qismi poemanı astrologiyanın şeirli traktatı kimi səciyyələndirir”.

 

 

 

Söz sənətinin əlçatmaz zirvəsi

 

 

 

Vebinarda çıxış edən mədəniyyət naziri Anar Kərimov qeyd etdi ki, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması ilə bağlı dövlət başçısının sərəncamı təkcə Azərbaycan üçün deyil, türk dünyası, Şərq və geniş mənada, dünya ədəbiyyatı ilə bağlı mühüm hadisədir. Nizaminin dərin zəkasının və heyrətamiz ilhamının məhsulu olan bədii irsi milli ədəbiyyatımızı dünya bədii fikrinin ön sıralarına çıxarıb, türk-islam intibahını özünün ən uca zirvələrinə qaldırıb.

 

Dahi şairin lirik şeirlərdən ibarət “Divan”ı və ölməz “Xəmsə”si Yaxın və Orta Şərq xalqları ədəbiyyatının çoxəsrlik prioritet istiqamətlərini müəyyən edib, onu yeni forma, dərin məzmun, mütərəqqi ideyalarla zənginləşdirib, öz orijinal düşüncə və novator üslubu ilə nəhəng poeziya məktəbinin əsasını qoyub: “Əsrlər boyu davam edən Nizami poeziya məktəbinin Türkiyədə Mövlanə Cəlaləddin Rumi, İranda Sədi Şirazi, Hindistanda Əmir Xosrov Dəhləvi, Tacikistanda Əbdürrəhman Cami, Özbəkistanda Əlişir Nəvai, Azərbaycanda İzzəddin Həsənoğlu, Əssar Təbrizi, Marağalı Əvhədi, İmadəddin Nəsimi, Arif Ərdəbili, Məhəmməd Füzuli, Məsihi kimi böyük nümayəndələri yetişib. Şairin yalnız “Leyli və Məcnun” poemasına 140-dan artıq cavab-nəzirə yazılıb. Nizaminin təsiri ilə Şərq ədəbiyyatında “Xəmsə” yazmaq ənənəsi yaranıb və bu, əsrlər boyu şairlər üçün böyük bir sınağa, çətin və şərəfli sənət imtahanına, möhtəşəm poeziya müsabiqəsinə çevrilib. Lakin, XIX əsr görkəmli türk şairi Ziya Paşanın dediyi kimi, bu “Xəmsə”lərin heç biri Nizami “Xəmsə”sinə bərabər olmayıb, Azərbaycan şairi şeirin, sənətin əlçatmaz zirvəsi, dəyişməz ölçüsü kimi toxunulmazlıq statusunu qoruyub saxlayıb. Tərəddüdsüz deyə bilərik ki, ötən minillik Yaxın və Orta Şərq xalqları ədəbiyyatı tarixinə Nizami erası, Nizami epoxası kimi daxil olub”.

 

Nazir vurğuladı ki, Nizami yaradıcılığının təsir dairəsi Şərq xalqları ədəbiyyatı ilə məhdudlaşmır: “Dahi şair doğulduğu Gəncə şəhərindən ömrü boyu kənara çıxmasa da, özünün işğalçı müharibələrə etiraz, elmə-maarifə çağırış, ədalətli cəmiyyət quruculuğu, insan şəxsiyyətinin toxunulmazlığı, azad və qarşılıqlı sevgi əsasında qurulan bərabərhüquqlu ailə, qadın hüququna hörmət və s. bu kimi aktual ideyalarla dünyaya səs salıb, bununla da Avropa humanistlərini bir neçə əsr qabaqlayıb. Hammer, Ripka, Marr, Bartold, Bertels, Krımski, Makovelski və digər Qərb və rus ədəbiyyatşünasları onun adını Homer, Vergili, Dante, Şekspir kimi dühalarla bir sırada çəkib, dahi alman şairi Höte isə Nizamini “Poeziya Tanrısı” adlandırıb. Bokkaço, Qotsi, Şiller və digər Avropa ədibləri Nizaminin təsiri ilə əsərlər qələmə alıblar. Təbriz miniatür ustalarından tutmuş Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Qəzənfər Xalıqov, Mikayıl Abdullayev, Nazim Hikmət, Səməd Vurğun, Məmməd Səid Ordubadi, İsa Muğanna kimi bəstəkar, rəssam, şair və yazıçılara qədər ədəbiyyat və incəsənət xadimlərinin ən çox üz tutduğu ünvanlardan biri məhz Nizami yaradıcılığı olub. Bu da onu göstərir ki, dahi şairin özündən sonrakı bədii fikrə təsiri yalnız poeziya ilə məhdudlaşmayıb, təsviri sənət, musiqi, teatr, bədii nəsr, kino və digər sənət sahələrini də özündə ehtiva edir”.

 

Anar Kərimov çıxışının sonunda qeyd etdi ki, Nizami bu gün də bir müasirimiz kimi ədəbiyyat və mədəniyyətimizə öndərlik edir, yüzilləri keçib gələn ölməz ideyaları ilə yolumuza işıq salır. Təsadüfi deyil ki, Nizaminin 850 illik yubileyi şərəfinə 1991-ci il UNESCO tərəfindən “Nizami ili” elan olunaraq yubileyi beynəlxalq səviyyədə qeyd olunub. Heydər Əliyev Fondunun dəstəyi ilə bir sıra ölkələrdə şairin abidələri ucaldılıb, Beynəlxalq Nizami Mərkəzi yaradılıb.

 

 

 

Əsrlərə sığmayan zəngin ədəbi irs

 

 

 

Vebinarda sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, professor İsmail Serageldinin videoçıxışı dinlənildi. Dahi şairin nəinki Azərbaycan ədəbiyyatı tarixində, ümumiyyətlə, dünya mədəniyyətində  misilsiz söz ustadı kimi tanındığını deyən İsmail Serageldin vurğuladı ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi mütəfəkkir şairin ədəbi irsi ilə yanaşı, humanizm, tolerantlıq kimi bəşəri ideyalarını da daim təbliğ edir. Nizami yaradıcılığı islam dünyasını dərindən bilənlər üçün gözəl bir nümunədir. Onun “Xəmsə”si dünya ədəbiyyatının zirvəsi sayılır.

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Nizami əsərlərinin bu gün də aktual olduğunu bildirdi. Vurğuladı ki, dahi mütəfəkkir 68 il yaşasa da, onun irsi əsrlərə sığmır: “Bu gün də nizamişünaslıqda yeni fikirlər söylənilir, şairin yaradıcılığı yeni estetik baxışlar tələb edir. Nizaminin yaradıcılığı bütün türk dünyasının, bütövlükdə bəşəriyyətin sərvətidir”.

 

Günay Əfəndiyeva həmçinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Nizami irsinə həsr edilən layihələr həyata keçirildiyini diqqətə çatdırdı.

 

İCESCO-nun sabiq baş direktoru Əbdüləziz Osman əl-Tuveycri bildirdi ki, Nizaminin doğulduğu yer Gəncə şəhəri, Vətəni isə Azərbaycandır. O, Azərbaycanın dünyaya açıq olan bir ölkə olduğunu, sülhə töhfə verdiyini qeyd edərək vurğuladı ki, şairin əsərlərində təbliğ edilən tolerantlıq, sülh, sevgi hər zaman aktualdır.

 

Əbdüləziz Osman əl-Tuveycri Nizami irsi ilə bağlı beynəlxalq tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd etdi, eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək dəyərləndirdi.

 

Təhsil nazirinin müavini Firudin Qurbanov Nizami yaradıcılığının səkkiz əsrdən çoxdur xalqımızın mənəvi mədəniyyətinin əhəmiyyətli hissəsinə çevrildiyini qeyd etdi: “Vətənə və xalqa xidmət nümunələrini Nizaminin əsərlərindən öyrənmək olar. Bu gün şairin əsərlərindəki milli və bəşəri ideyalar öyrənilir və öyrədilir”.

 

 

 

Şərq Renessansının yaradıcısı

 

 

 

AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli bildirdi ki, Nizami Gəncəvi Şərq Renessansının yaradıcısıdır. Ölkəmizdə nizamişünaslığın inkişafı üçün geniş şərait yaradıldığını vurğulayan akademik Nizaminin yubileyi ilə bağlı təşkil olunacaq silsilə tədbirlərdən, “Nizami Gəncəvi Ensiklopediyası” ilə bağlı görülən işlərdən danışdı, payızda beynəlxalq konfransın keçiriləcəyini dedi.

 

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov söylədi ki, əlamətdar il ərzində xarici ölkələrdə, həmçinin UNESCO-nun qərargahında Nizaminin yubileyi ilə bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulub. O, şairin irsinin təbliği istiqamətində görülən işlərdən söz açdı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələri qeyd etdi.

 

Sonra Kembric Universitetinin tədqiqatçısı, professor Kristina van Ruyemberkin videoçıxışı dinlənildi.

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı çıxışında Nizami yaradıcılığında iqtisadi fikirlər mövzusuna toxundu. O, həmçinin şairin elmə, insana yüksək dəyər verdiyini bildirərək qeyd etdi ki, şair insanı cəmiyyətlə, təbiətlə vəhdətdə verib ki, bu məsələlər bu gün də önəmlidir.

 

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli vurğuladı ki, Nizami dünya ədəbiyyatında sənəti ilə cığır açmış dahi şəxsiyyətlərdəndir.

 

Daha sonra vebinar məruzələrlə davam etdi. Nizami adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva və Əqli Mülkiyyət Agentliyi sədrinin müavini, İdarə Heyətinin üzvü Sənan Tapdıqovun məruzələri dinlənildi.

 

Tədbirin sonunda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı vebinarın təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.

 

Nurəddin MƏMMƏDLİ

 

Mədəniyyət.- 2021.- 7 aprel.- S.1;3.