Musiqili ömür

 

Oqtay Rəcəbov-80

 

Filmlərin emosional təsirini artıran musiqilərin ekran hadisələrini həyatın inikası kimi qəbul etməyimizdə rolu böyükdür. Epizodların mənasını, kadrların mahiyyətini musiqi dili ilə zənginləşdirən bəstəkarların kino sənətində xüsusi əməyi var. Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi, professor Oqtay Rəcəbovun sənədli, bədii, animasiya kinosuna yazdığı musiqilər də filmlərin bədii mahiyyətini, baxımlılığını artırıb. Musiqili ömür payının səksəninci ilini tamamlayan ustad sənətkara ən xoş arzularımızı çatdırır, çoxşaxəli yaradıcılığına nəzər salırıq.

 

 

 

Zirvəyə gedən yol

 

 

 

1941-ci il aprelin 5-də Bakıda müəllim ailəsində dünyaya göz açan gələcəyin bəstəkarının bəxti onda gətirir ki, anası Gülsaba xanım oğlunun musiqiyə həvəsini duyub onu musiqi məktəbinə qoyur. Orta məktəblə paralel olaraq musiqi təhsili də alan Oqtay Rəcəbov könlünün bağlı olduğu məkana üz tutduqca hər ötən gün bu sənətə daha çox bağlanır, həyatının məhz bu sahəyə aid olduğunu yəqinləşdirir. Hələ məktəb illərində musiqi yazmağa başlayır, iki il görkəmli bəstəkar Fikrət Əmirovun evində musiqi ilə məşğul olur. Orta məktəbi bitirdikdən sonra (atasının təkidi ilə) 1958-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Fizika və istehsalatın əsasları fakültəsinə daxil olur. Ali təhsilini bitirib, Elmi-Tədqiqat Fizika İnstitutunun aspiranturasına qəbul olur (1963). Amma musiqiyə bağlılığı onu bu sənətdən uzaqlaşmağa qoymur. Bir müddət sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) Bəstəkarlıq fakültəsinə, professor Cövdət Hacıyevin sinfinə daxil olur. 1970-ci ildən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışır.

 

Oqtay Rəcəbov 500-dək mahnı, 7 simfoniya, 3 oratoriya, kantata, bədii və animasiya filmlərinə musiqilər, simfonik orkestr üçün konsertlər, uşaq operaları, musiqili komediyalar və xor əsərlərinin müəllifidir. 1992-2001-ci illərdə Respublika İncəsənət Gimnaziyasına rəhbərlik edib, həmçinin gənc nəslin estetik tərbiyəsində böyük rol oynayan mahnı kitabları, dərsliklər yazıb. Mahnı janrı yaradıcılığında önəmli yer tutan bəstəkar uşaq mahnılarına daha çox yer ayırır. Bəstəkarın pedaqoji sahədə fəaliyyəti də layiqincə qiymətləndirilib, “Əməkdar müəllim” fəxri adına, həmçinin Prezidentin fərdi təqaüdünə layiq görülüb.

 

 

 

Kino və musiqi

 

 

 

Qeyd etdiyimiz kimi, Oqtay Rəcəbovun bəstəkarlıq fəaliyyəti sənədli (“Kəndimizin qəhrəmanı”, “Azərbaycan SSR” və s.), animasiya (“Sehrlənmiş küpə”, “Toplan və kölgəsi”, “Göyçək Fatma” və s.) və bədii (“Ağ atlı oğlan”, “Tərsinə çevrilən dünya”) filmləri əhatə edir. Daha çox animasiya kinosuna yazdığı mahnı və melodiyalar alleqorik personajların məqsədini aydın, əhatəli şəkildə izah edir. Mövzuya uyğunlaşdırılmış musiqilər kompozisiya tamlığı yaradır, tematik materiallara, illüstrasiyalara aydınlıq gətirir. Ədəbi mətn və kadr təsviri ilə vəhdətdə filmin ümumi dramaturgiyasının mahiyyətini açır. Azərbaycan animasiya kinosunda uşaq mahnısı ənənələrinin yaradıcılarından olan bəstəkarın bu əsərləri üslub zənginliyi, rəngarəngliyi, obrazlılığı baxımından diqqət çəkir. “Toplan və kölgəsi”, “Şahzadə-qara qızıl” və digər animasiya filmlərində mahnı janrına daha çox müraciət edən bəstəkar hadisələrin inkişafını, personajların münasibətini, epizodların təsvirini musiqi dili ilə şərh edir. “Şah və xidmətçi”, “Humayın yuxusu” və digər animasiya filmlərində musiqi parçaları təsvirlərin məntiqi mənasını dəqiqləşdirir. Yüksək mənəvi, estetik dəyərləri, insani keyfiyyətləri təlqin edən mövzulara bəstələnən bəzən kövrək, bəzənsə baməzə nəğmələr bilavasitə hisslərə təsir göstərir, hadisələrin məzmununun ciddiliyini yumşaq tonda balaca izləyicilərə təhlil edir. Aydın melodiyalar obrazların xarakterini izahlı şəkildə tanıdır, ciddi mövzular musiqinin müşayiəti ilə əyləncəli şəkildə təhlil olunur.  

 

Oqtay Rəcəbovun qəlbləri fəth edən mahnılarına müxtəlif nəslin nümayəndələrindən olan müğənnilərin müraciət etməsi, repertuarlarını zənginləşdirməsi faktdır. Bəstəkarın animasiya filmlərinə yazdığı mahnıları məşhur müğənnilərdən Yalçın Rzazadə, Flora Kərimova və başqalarının səsləndirməsi isə uşaq filmlərinin məntiqi mənasının ifadəli şəkildə çatdırılmasına və yaddaşlarda iz salmasına səbəb olub.  

 

Kinorejissor, Əməkdar incəsənət xadimi Ənvər Əbluc quruluş verdiyi iki filmdə (“Ağ atlı oğlan”, “Tərsinə çevrilən dünya”) Oqtay Rəcəbovla birgə çalışıb. Rejissor bəstəkarla işbirliyindən bəhs edərkən deyir: “Mən Oqtay Rəcəbovla işləmək qərarına gələndə o, artıq tanınmış bəstəkar idi. “Ağ atlı oğlan” filminin rejissor ssenarisini tamamlayıb oxumaq üçün ona verdim və bəstəkar kimi film üzərində işləməyi təklif etdim. Filmin mövzusu onu cəlb etdi və razılaşdı. Beləliklə, uğurlu işbirliyimiz yarandı. Bu işbirliyi həm də qarşılıqlı anlaşma ilə meydana gəldi. Çünki rejissor ssenarisinin sağ tərəfində epizodun təsir qüvvəsini artıra biləcək musiqidən istifadə ediləcəyi qeyd olunur. Oqtay Rəcəbov kimi istedadlı bəstəkarın həmin işin öhdəsindən gələcəyinə heç bir şübhəm yox idi. Əlbəttə, iş prosesində axtarışlar da olurdu. Görkəmli şair Ramiz Rövşənin film üçün yazdığı “Ey atlı igid, gəl” şeirinə bəstələnən mahnı çox güclü emosional təsir qüvvəsinə malik səviyyədə alınmışdı. Mənim fikrimcə, mahnı filmin qəhrəmanının arzusu, istəyi, çağırışı kimi səslənməli idi. Biz həmin mahnını bir neçə uşağın ifasında lentə aldıq. Təəssüf ki, bu zaman mahnı emosional təsir gücünü itirdi. Belə olan halda şairin, bəstəkarın və mənim razılığımla Xalq artisti Flora Kərimovanı dəvət etdik. Beləliklə, “Ağ atlı oğlan” filmində səslənən həmin o məşhur mahnı yarandı”.

 

Ənvər müəllimin sözlərinə əlavə olaraq qeyd edək ki, “Ağ atlı oğlan” filmində səslənən “Gəl ağlama” mahnısı da obrazların istək və niyyətini, həmçinin dövrün reallığına uyğun əhval-ruhiyyəsini ifadə edir. Bununla yanaşı, filmin ayrı-ayrı epizodları üçün yazılmış musiqilərdə cəmiyyətin narahatlığını, torpaq nisgilini göstərən, bütün bunlara baxmayaraq, daxilən sınmamağı, qırılmamağı tövsiyə edən mesajlar da var.

 

 

 

Sənət missiyası

 

 

 

Yaradıcılığında daha çox uşaq dünyasını, psixologiyasını xarakterizə edən Oqtay Rəcəbovun sənət missiyası məsuliyyətli olduğu qədər də çətindir. Animasiya filmlərində bəstəkarın musiqilərinin müşayiəti ilə həyat haqqındakı təsəvvürlərini dəqiqləşdirən, bilgilərini çoxaldan kiçikyaşlı tamaşaçılar üçün həmin nəğmələr onlara bəxş olunan ən gözəl hədiyyədir.

 

Uşaq yazıçısı Sevinc Nuruqızı Oqtay Rəcəbovla olan dostluq və yaradıcılıq  münasibətlərini onun müsbət cəhətləri, insani keyfiyyətləri ilə əlaqələndirir: “Oqtay Rəcəbovla 2007-ci ildən orta ümumtəhsil məktəbləri üçün “Musiqi” dərsliyi üzərində işləyirik. Onunla ilk görüşümüz “Təhsil” nəşriyyatında olub. O, musiqi dərsliyinin müəllifi idi. Mən isə dərsliyin redaktoru kimi onunla işləməyə başladım. Şən, səmimi, zarafatcıl olmağı diqqətimi çəkdi. Xırda narazılığı olanda da, xəstələnəndə də pozitivliyini qoruyub saxlayırdı. Bu kimi xüsusiyyətlərini görüncə öz-özümə fikirləşdim ki, yəqin belə gözəl cəhətlərə sahib olduğuna görə mahnıları şirin, duzlu, məzəli alınır. Hətta onun sevilən mahnılarından biri “Zəfəran” mahnısını dinləyəndə necə enerji, həyat dolu insan olduğunu, Azərbaycan mədəniyyətinə böyük diqqətlə yanaşdığını, ənənələrimizi hörmətlə tərənnüm etdiyini görürük. Uzun illər bir yerdə işlədiyimizə görə son illərdə mənim sözlərimə mahnılar yazır. Bunların içərisində, uşaq mahnıları ilə yanaşı, böyüklər üçün olanları da var. Məsələn, “Sevgi valsı”, “Toyunuz mübarək” və s. “Novruz gəldi”, “Qız qalası”, “İçərişəhər” mahnıları 5-6-7-ci sinif dərsliklərində yer alıb.

 

O, daim yenilik axtarışındadır. Bir dəfə mənə dedi: “Vurma cədvəlini uşaqlara öyrədəndə görürsən necə çətin olur. Gəl, onu asanlaşdıraq. Nəğməli, şəkilli riyaziyyat hazırlayaq və uşaqlara vurma cədvəlini əyləncəli şəkildə öyrədək”. Biz layihəni işlədik. Vurma cədvəli sırasını mən əyləncəli tərzdə, şeirlə yazdım, Oqtay Rəcəbov mahnı bəstələdi. Hazırladığımız kitab “Nəğməli, şəkilli riyaziyyat” adı altında “Təhsil” nəşriyyatında çapdan çıxdı. Kitabda hər bölümün sonunda tapmaca şəklində, baməzə xarakterli bir riyazi misal da vermişdik. Mən uşaqlarla görüşlərimdə bəzən həmin tapmaca-şeirləri deyirəm və görürəm ki, bu, uşaqların necə  xoşuna gəlir.

 

Oqtay müəllim uşaq dünyasının çox gözəl bələdçisidir. Musiqi əsərlərində milli notlar güclüdür. Vətəninə, torpağına çox bağlıdır. Onun hər yeni əsəri bunu bir daha sübut edir. Bir dəfə mənə “Gəl, baharın gəlişini, Novruz adət-ənənələrimizi incələyəcək əsər yazaq. Sən librettosunu, mən musiqisini… Bu da olsun xalqa Novruz töhfəsi...”, – dedi. Maraqlı süjeti olan əsər üzərində birlikdə işlədik. Əsərdə meydan oyunları, milli rəqslərimiz, adət-ənənələrimiz müxtəlif notlarla vurğulanıb. Novruzun yurda gəlişinin ən əlvan çalarları yer alıb. Librettosunu mən yazdığım əsərə Oqtay müəllim gözəl bir opera yazdı. Beləcə, hələ də tam səhnə həllini tapmamış “Bahar qız əfsanəsi” operası yarandı. İncəsənət Gimnaziyasının şagirdləri musiqi müsabiqəsinə təqdim etmək üçün operadan 20 dəqiqəlik parça hazırladılar, amma operanın tam səhnələşdirilməsi çox böyük əmək və vəsait tələb edir.

 

Oqtay Rəcəbov həm də uşaqlar üçün musiqi nəzəriyyəsinin əsasını qoyan sənətkarlardandır. Müxtəlif musiqi dərslikləri və orta ümumtəhsil məktəblərinin ikinci sinifdən başlayaraq “Musiqi” dərslikləri onun müəllifliyi və mənim redaktorluğum ilə hazırlanıb. Musiqi sahəsində araşdırmanı çox sevdiyinə görə hətta ona sənətşünas da demək olar. Oqtay müəllimin bu yaxınlarda başa çatdırdığı və redaktoru olduğum musiqi ensiklopediyasında Azərbaycan musiqisinin böyük bir dövrü əksini tapıb.

 

O, həmçinin uşaqlar üçün irihəcmli musiqi əsərlərinin müəllifidir. 6 operasının 5-i uşaqlar üçün yazılıb. Bunlardan Əjdər Ağayevin librettosu, Abdulla Şaiqin əsəri əsasında hazırlanan “Tıq-tıq xanım” operası xüsusi diqqət çəkir. Son illərdə ərsəyə gətirdiyi uşaq operalarından biri də mənim librettom əsasında yazdığı “Dınqır sazım (Sərçəcik)” operasıdır. Opera “Sərçə” xalq nağılı əsasında yazılıb. Bəstəkarlar İttifaqının səhnəsində göstərilib”.

 

Qeyd etdiyimiz kimi, Oqtay Rəcəbovun yazdığı 500-dən artıq mahnının böyük əksəriyyəti uşaqlar üçündür. Onun yaradıcılığı uşaqlar üçün böyük xəzinədir. Bu sənət xəzinəsinin mühüm bir qismi həm də animasiya filmlərimizdə yaşayaraq gələcək nəsillərə çatacaq...

 

Şəhla ƏMİRLİ

kinoşünas

Mədəniyyət.- 2021.- 7 aprel.- S.7.