Qarabağın təhlükəsizliyi və bərpası İslam dünyasının ortaq vəzifəsi olmalıdır

 

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr Qarabağ məsələsində Azərbaycanın mövqeyini daim müdafiə edib. Bu, təkcə din birliyi ilə bağlı deyil, eyni zamanda Azərbaycanın haqlı mövqeyindən irəli gəlir. Azərbaycana dəstəyimiz bundan sonra da davam edəcək.

 

Azərbaycanın işğaldan azad olunmuş bölgələrinə səfərin yekunlarına dair aprelin 8-də keçirilən mətbuat konfransında İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Baş katibinin iqtisadi məsələlər üzrə köməkçisi Əhməd Kavrsa Sengendo belə deyib.

 

O, işğaldan azad olunan ərazilərə səfər zamanı erməni vandalizminin şahidi olduqlarını vurğulayıb: “Onlar bütün yaşayış məskənlərini yer üzündən silməyə çalışıblar. Bu, çox kədərlidir. Oradakı məscidlərdə donuz saxlanılıb, məzarlıqlar dağıdılıb. Çox şadıq ki, hazırda Qarabağ işğaldan azad edilib, Azərbaycan hökuməti o bölgələrdə yenidənqurma işləri aparacaq, keçmiş məcburi köçkünlər öz torpaqlarına qayıda biləcəklər”.

 

Xatırladaq ki, İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı yaradılmış Təmas Qrupuna daxil olan dövlətlərin daimi nümayəndələri işğaldan azad olunmuş Ağdamda, həmçinin Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin raket hücumlarına məruz qalmış Gəncə şəhərində olublar.

 

Cibutinin Səudiyyə Ərəbistanındakı səfiri və İƏT yanında daimi nümayəndəsi Dya-Eddine Said Bamakhrama deyib ki, Ağdama səfərləri zamanı şəhərin tamamilə dağıdıldığının şahidi olduq, Gəncədə isə müxtəlif raket atəşləri nəticəsində şəhərə dəymiş ziyanı gördük. İƏT olaraq işğaldan azad edilmiş bölgələrdə normal həyatın bərpası üçün Azərbaycana dəstəklərini davam etdirəcəklərini deyən daimi nümayəndə bildirib: “İslam sülh dinidir. Bu baxımdan, biz dünyada sülhün bərqərar olması üçün əlimizdən gələni əsirgəməməliyik. Biz dünyada sülhün, barışın tərəfdarı olduğumuzu bir daha bəyan edirik”.

 

Türkiyənin İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi Mehmet Metin Eker vurğulayıb ki, Azərbaycanın işğaldan azad olunan bölgələrində bu gün azan sədaları ucalır. Bu, bütün İslam dünyasının qələbəsidir. Çünki Qarabağ, eyni zamanda İslam dünyasının bir parçasıdır. O qeyd edib ki, Qarabağda təhlükəsizliyin təmin edilməsi, burada aparılacaq yenidənqurma işləri və bu yerlərdən məcburi köçkünlərin öz torpaqlarına qaytarılması Azərbaycan dövləti ilə bərabər, bütün İslam dünyasının ortaq vəzifəsi olmalıdır: Bu istiqamətdə qarşımızda böyük işlər var. Əminik ki, Azərbaycan dövləti bu vəzifələrin öhdəsindən uğurla gələcək. İslam Əməkdaşlıq Təşkilatı bütün bu fəaliyyətlərdə Azərbaycan dövlətinin və xalqının yanında olacaq”.

 

Pakistanın İƏT-də və digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəliyinin rəhbəri, səfir Rizvan Səid Şeyx bildirib ki, Qarabağda qazanılan Zəfər Azərbaycanın nailiyyətlərinin bariz nümunəsidir. Eyni zamanda, bu Zəfər bizim üçünçox əhəmiyyətlidir. Çünki İƏT 30 ilə yaxındır ki, bu məsələyə hər zaman xüsusi diqqət yetirib. O, həmçinin diqqətə çatdırıb ki, Pakistan İƏT Xarici İşlər Nazirləri Şurasının növbəti zirvə toplantısına ev sahibliyi edəcək: “Biz sülhün daimi olması üçün təşkilatın həyata keçirə biləcəyi tədbirlər barədə müzakirələr aparacağıq. Pakistanda bir araya gələcək XİN rəhbərləri səylərin səfərbər edilməsi üçün konkret tədbirlər planını işləyib hazırlamalıdırlar”.

 

Rizvan Səid Şeyx İƏT Təmas Qrupunun səfərin yekunları ilə bağlı hesabat tərtib edəcəyini də bildirib.

 

Səfər çərçivəsində yalnız işğaldan azad olunan ərazilərə deyil, münaqişə zonasından kənarda yerləşən yaşayış məntəqələrinin də müharibənin təsirlərinə məruz qaldığının şahidi olduqlarını deyən Malayziyanın Azərbaycandakı səfiri Dato Yubazian Bin Yusof bildirib ki, bütün bunlar insanlığa qarşı cinayətlərdir. “Bizi narahat edən məsələlərdən biribaş çəkdiyimiz bütün ərazilərdə ibadət yerlərinin dağıdılmasıdır. Biz Azərbaycanla həmrəylik nümayiş etdirmişik. Bərpa prosesində də Azərbaycana dəstəyimizi nümayiş etdirəcəyik. Bu prosesdə Azərbaycan xalqına, həmçinin mənəvi dəstək də lazımdır”, - deyə səfir vurğulayıb.

 

Biz işğaldan azad edilən ərazilərin təbiətinin necə gözəl olduğunu gördük. Bununla yanaşı, hər yerin dağıdıldığının şahidi olduq. Biz Azərbaycanın bu tarixi torpaqlarının bərpasını gözləyəcəyik. Ümid edirik ki, bir neçə il sonra burada firavan həyatın şahidi olacağıq”.

 

Bu sözləri isə Qambiyanın İƏT yanında daimi nümayəndəsinin müavini Jah Abu Bakir söyləyib. O deyib: “Buradakı vandallıq digər münaqişə bölgələrindəki təcavüzkar və işğalçılara nümunə olmalıdır ki, sadəcə, vəhşilik törədərək canlarını qurtara bilməyəcəklər. Qambiya Azərbaycandan uzaq olmasına baxmayaraq, ölkəniz daim bizim qəlbimizdədir. Azərbaycanın mövqeyini bundan sonra da dəstəkləyəcəyik”.

 

Mədəniyyət.- 2021.- 9 aprel.- S.2.