“Azərbaycanfilm”in
texniki bazası yenidən qurulub
“Eyni vaxtda iki bədii,
iki sənədli filmi çəkməyə imkan verən ən
müasir avadanlıqlarımız var”
Azərbaycanın kino sənayesində yeni addımlar
atılır.
Müasir kino infrastrukturunun yaradılması, maddi-texniki
bazanın qurulması, hüquqi bazanın təkmilləşdirilməsi
və s. istiqamətlərdə işlərə
başlanılıb. Məqsəd kino sənayesində
müasir tələblərə cavab verən iş şəraiti
yaratmaq, bu sahəyə investorları cəlb etmək, özəl
sektorla əməkdaşlıq qurmaqla Azərbaycan kinosunun
inkişafına nail olmaqdır.
Müsahibimiz
C.Cabbarlı adına “Azərbaycanfilm”
Kinostudiyasının direktoru Fariz Əhmədovdur.
– Fariz
müəllim, bir ildən çoxdur pandemiya kino sənayesini
də, demək olar ki, iflic vəziyyətə salıb. Təbii
ki, bizim ölkədə də eyni vəziyyətdir...
– Pandemiya
kino istehsalına mane olan səbəblərdən biridir. Sərt karantin rejimində, təbii ki, Nazirlər
Kabinetinin qərarları əsasında işimizi qurmuşduq
və bu səbəbdən ötən ilin çox hissəsində
çəkilişləri təxirə salmalı olduq.
2021-ci il nikbin başlayıb. Sərt karantin rejimindən sonra kinostudiyada işlər
tədricən normal vəziyyətə qayıdır.
Digər sahələrdə olduğu kimi, bizdə də
iş müəyyən qaydalara əməl olunmaqla davam edir. Filmlərin bir qismi istehsalda, bir çoxu çəkilişdə,
bir hissəsi hazırlıq mərhələsindədir.
İnanırıq ki, pandemiya tezliklə həyatımızdan
çıxacaq və biz daha kütləvi səhnələri
olan filmlərin istehsalı ilə məşğul
olacağıq. “Azərbaycanfilm” ölkənin ən böyük
kino istehsalçısıdır və istehsal prosesinin getməyi
o deməkdir ki, yüzlərlə insan öz
yaradıcılığı ilə məşğuldur.
30 ildən artıq idi ki, kinostudiyanın texniki bazası
yenilənmirdi.
İlk dəfə “Mədəniyyət” qəzetinə
açıqlama verirəm ki, artıq kinostudiyanın texniki
bazası yenidən qurulub. Eyni vaxtda iki bədii,
iki sənədli filmi çəkməyə imkan verən ən
müasir avadanlıqlarımız var.
– İstehsalda olan layihələr hansılardır?
– Həm Vətən müharibəsinə həsr
olunmuş layihələrdir, həm də digər sahələrlə
bağlıdır. Misal olaraq qeyd edim ki, Mirsadıq Ağazadə
“Eviniz abad” adlı bədii film çəkmişdi. Bu filmin çəkiliş materiallarından
“Köşk” adlı 5 seriyadan ibarət mini-serial
hazırlayırıq. Film noyabr ayına qədər
yekunlaşacaq. Artıq serial səsləndirmə
mərhələsindədir. Daha bir layihəmiz
Bakı Media Mərkəzi ilə birgə
hazırladığımız “Biz” adlı sənədli
filmdir. Bu filmin layihəsi 44 günlük Vətən
müharibəsi dönəmində öz telefonlarında
videoçəkilişləri ilə trendə
düşmüş insanlardır. Layihənin
çəkilişləri sona çatıb. Rejissoru Orman Əliyev olan sənədli film montaj
prosesindədir və noyabr ayınadək təhvil verməyi
düşünürük. Elçin
Musaoğlunun “Məryəm” filmi də istehsaldadır. İlin sonuna qədər bu film də təhvil veriləcək.
Bundan əlavə, rejissor Vaqif Mustafayevə “Fəryad
– 2” filminin ssenarisini sifariş etmişik və həmin filmin də
istehsalı ilə bağlı Mədəniyyət Nazirliyi ilə
danışıqlar gedir.
– İctimai Televiziya ilə birgə layihəniz də
maraqla qarşılanır.
– İctimai Televiziya ilə həftəlik birgə layihəmiz
yayımlanır. İctimai Televiziya bizim yayım dəstəkçimiz
olmaqla 24 buraxılışdan ibarət “Bizim kino” adlı
verilişi tamaşaçılara təqdim edir. 6 ay efirdə olacaq layihənin artıq 4 verilişi
yayımlanıb. Bu layihə 15-20 dəqiqə
olmaqla sənədli film formasında kinonun 24 müxtəlif
sahəsinə həsr olunmuş silsilə verilişlərdir.
Həmçinin 17 klassik Azərbaycan filminin
subtitrlərinin hazırlanması ilə məşğuluq.
Bu prosesdən sonra ingilisdilli
tamaşaçılar filmlərimizi rahat şəkildə izləyə
biləcəklər.
–
Televiziyalarla layihələriniz davam edəcəkmi?
– Ötən
il İctimai Televiziya ilə “Anamın
kitabı” layihəsini reallaşdırdıq. Bu il “Nizami ili” ilə əlaqədar artıq bir
müqaviləni imzalamaq üzrəyik. Bu 12
seriyadan ibarət film olacaq. Seriallarla
bağlı hazırda AzTV ilə
danışıqlarımız davam edir. Biz
istənilən əməkdaşlığa
açığıq. Təklif olunan
yaradıcılıq məsələlərində həm dəstək
olmağa, həm də müştərək istehsala hər
zaman hazırıq.
– “Böyük qayıdış” müsabiqəsinin birinci
mərhələsi başa çatdı. Bu barədə
fikrinizi bilmək istərdik.
–
Bilirsiniz ki, Mədəniyyət Nazirliyi tərəfindən Vətən
müharibəsində qazanılmış böyük Zəfərə
kino vasitəsilə töhfə vermək üçün
“Böyük qayıdış” qısametrajlı bədii, sənədli
və animasiya film layihələri müsabiqəsi elan
olunmuşdu. Məqsəd bu sahədə
çalışan insanların milli vətənpərvərlik
ruhunda olan filmlər ərsəyə gətirməsi və cəmiyyətə
təbliğ edilməsidir. Bu müsabiqədə
həm dövlət, həm də özəl studiyalara veriləcək
maliyyə dəstəyindən söhbət gedir. “Azərbaycanfilm” bu müsabiqəyə 3 layihə təqdim
edib. Nəticələri gözləyirik.
– Kino
Agentliyinin yaradılmasını necə
görürsünüz?
– Bu haqda
Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsi
daha ətraflı məlumat verə bilər. Bir
çox ölkələrdə kinonun fəaliyyəti fondlar və
agentliklər çərçivəsində qurulub.
Əgər istəyiriksə, Azərbaycan kinosu inkişaf edib
dünya standartlarına cavab verən bir mərhələyə gəlsin,
bu zaman biz də çoxfunksiyalı və hərəkət
istiqaməti daha çevik olan bir qurum yaratmalıyıq. Bu qurum kinonun təbliği ilə bağlı daha
çevik işlərin aparılmasına xidmət edəcək.
– Mədəniyyət
nazirinin rəhbərliyi ilə nümayəndə heyətinin
Türkiyəyə səfərində kino sahəsində əməkdaşlıqla
bağlı görüşlər keçirildi. Gözləntiləriniz nədir?
– Həmin
görüşlərdə Türkiyənin qabaqcıl
studiyalarının rəhbərləri iştirak ediblər. Bundan əvvəl biz müxtəlif layihələrlə
bağlı təkliflər alırdıq. Düşünürəm ki, bundan sonra əlaqələrimiz
daha da sıx olacaq. Türkiyə
kinematoqrafiyası hazırda dünyada ön sıralardadır.
İstər serial, istər film sahəsini götürsək,
dünyanın A kateqoriyalı
festivallarında hər il türk filmlərinə rast gəlirik,
seriallar isə Afrikadan tutmuş ərəb ölkələrinədək
yayımlanır. İnanıram ki, yaxın gələcəkdə
biz bu əməkdaşlığın müsbət nəticələrini
görə biləcəyik.
–
Kinostudiyanın yenidən qurulması hansı mərhələdədir?
– Bu
istiqamətdə müəyyən işlər gedir. Mədəniyyət
naziri Anar Kərimov hazırkı vəziyyət ilə tanış olub. İlkin
ekspertiza işləri aparılıb. Bina
1969-cu ildə istifadəyə verilib və bu günə kimi
binada heç bir əsaslı təmir işi
aparılmayıb. Binada normal istilik və
elektrik sistemi belə yoxdur. “Azərbaycanfilm”in
təmiri bilavasitə cənab nazirin diqqətindədir. İlkin layihələndirmə işlərini həyata
keçirmişik.
– Kadr məsələləri
hər zaman gündəmdə duran mövzudur. Hazırda
kinostudiyada bu sahədə vəziyyət necədir?
–
Ümumiyyətlə, ən əsas problemlərdən biri həmişə
kadr çatışmazlığı olub. Kadrların
yetişməsi üçün daimi istehsal lazımdır.
Tutaq ki, bir qrimçinin gedib xaricdə oxuyub gəlib
ildə bir, yaxud iki filmdə işlədikdən sonra boş
oturması onun ixtisasını dəyişməsinə səbəb
olur. Praktiki sahələr var. Bu gün bizim ən
böyük problemlərimizdən biri kinoda ikinci heyətin
olmaması, yaxud az olmasıdır. Bunlar işıqçı, qrimçi,
dekoratorlardır. Biz artıq bu problemləri
rəssamlarla, geyim üzrə rəssamlarla
yaşayırıq. Bir çox yaradıcılıq sahələrində
çatışmazlıq var. Bu da ondan irəli gəlir ki,
bizim sahə daha çox əziyyət tələb edir,
qarşılığında da daha az
maliyyə var, eyni zamanda daimi işin olmamasıdır. Təhsilə gəlincə, mən özüm Mədəniyyət
Nazirliyinin dəstəyi ilə 2010-2012-ci illərdə
Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetində təhsil
almışam. Mənimlə yanaşı,
onlarla tələbə o dövrdə müxtəlif sahələrdə
təhsil alırdı. Nazirlik bu sahədə
hər zaman gənclərə dəstək verir.
Bu gün kino hansı kamera ilə çəkilirsə,
həmin kameranın ən son modeli bizdə var. Bu texnikanı
işlətməyi bacaran mütəxəssislər də
işə cəlb olunub. Ümumiyyətlə, son aylarda
kinostudiyanın strukturu yenilənib. 20-yə
yaxın gənc mütəxəssis dəvət etmişik.
Qrafik dizaynerlərdən mühasibatlığa
qədər müasir tələblərə cavab verən
kadrlar çalışır.
–
Yaxın gələcəkdə vətənpərvərlik
mövzusunda bədii filmlərin çəkilişi ilə
bağlı hər hansı xüsusi layihə gözlənilirmi?
–
Hazırda biz həm qocaman, həm də gənc rejissorlarla
mütəmadi olaraq bu mövzuda söhbət aparırıq. Yaxın gələcəkdə bununla bağlı
bir müsabiqə gözlənilir. Ümumiyyətlə,
müharibədən dərhal sonra vətənpərvərlik
mövzusunda daha keyfiyyətli və maraqlı film ərsəyə
gətirmək çətindir. Ssenari yazılmalı,
heyət yığılmalı və keyfiyyətli bir iş
ortaya qoyulmalıdır.
–
Kinostudiyanın dublyaj studiyası necə, fəaliyyət
göstərirmi?
– Bəli, biz artıq dublyajı bərpa etmişik. Dublyaja 15-ə yaxın mütəxəssis cəlb edilib. Səs rejissoru, redaktor, aktyorlar və s. Hazırda İctimai Televiziyanın ayda 4-5 filmini dublyaj edib təhvil veririk. Burada hələlik heç bir qazancdan söhbət getmir, əsas məqsəd sahəni dirçəltməkdir. Biz həm də çalışırıq “Azərbaycanfilm”in imicini qoruyaq. Bilirsiniz ki, bu sahə, demək olar ki, məhv olmaq üzrə idi. Bəzən bir filmin hazırlanmasına 10 gündən artıq vaxt sərf olunur. Əsas keyfiyyəti qorumağa çalışırıq.
– Qarşıda hansı planlarınız var?
– Yaxın bir neçə il ərzində yəqin ki, Vətən müharibəsi ilə bağlı mövzulara müraciət edəcəyik. Artıq mövzunun seçimi və filmlərin çəkilməsi ilə bağlı ssenaristlərə lazım olan informasiyanın yığılması ilə məşğuluq. Burada söhbət ondan gedir ki, Müdafiə Nazirliyi bizə şərait yaratdı və biz bu döyüşlərdə iştirak edən insanlarla ünsiyyətdə oluruq, onları lentə alırıq və Vətən müharibəsi ilə bağlı gələn il üçün nəzərdə tutulan möhtəşəm bir filmdə bunlar öz əksini tapacaq. Düzdür, sual oluna bilər ki, biz niyə bu filmi Qələbənin birilliyinə hazır edə bilmirik? Qeyd edim ki, materialın yığılması ən çox vaxt aparan məqamlardan biridir və hazırda biz döyüşdə iştirak etmiş müxtəlif qoşun növlərinin zabit və əsgər heyəti ilə görüşlərimizi davam etdiririk. Artilleriya heyəti ilə 100-dən artıq görüş keçirib çəkilişlər etmişik. Həmçinin Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlıları ilə də görüşlərimiz olub və digər qoşun növləri ilə yaxın 3-4 ayda çəkilişlər davam edəcək. Planda eyni zamanda bu da var ki, materiallar noyabr ayına qədər sənədli film şəklində tamaşaçılara təqdim olunsun.
Bu ilin sonuna qədər maraqlı 3-4 layihə də təqdim edəcəyik. 2023-cü ildə “Azərbaycanfilm”in 100 illik yubileyidir. Bununla bağlı artıq müəyyən layihələr üzərində işləyirik, bitirib nazirliyə təqdim edəcəyik.
L.AZƏRİ
Mədəniyyət.- 2021.- 9 aprel.-
S.1;5.