Əməkdar mədəniyyət işçisi Sidqi Mustafayev vəfat edib
“İrs”
ansamblının yaradıcılarından idi
Əməkdar mədəniyyət işçisi, “İrs” folklor ansamblının yaradıcılarından biri və uzun illər bədii rəhbəri olmuş Sidqi Mustafayev aprelin 12-də, 80 yaşında vəfat edib.
Sidqi Mustafayev 24 fevral 1941-ci ildə Bakının Balaxanı kəndində anadan olub. 1958-ci ildə 69 nömrəli orta ümumtəhsil məktəbini bitirib. Uşaq yaşlarından musiqiyə maraq göstərib, Sabunçu qəsəbəsində yerləşən musiqi məktəbində tar ifaçılığı üzrə təhsil alıb. 1959-1962-ci illərdə Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində (indiki Musiqi Kolleci), 1962-1968-ci illərdə isə Azərbaycan Dövlət Konservatoriyasında oxuyub.
1966-cı ildə “Təravət” ansamblını yaradan musiqiçi bir neçə il bu heyətlə müvəffəqiyyətlə çıxış edib. 1971-1974-cü illərdə Balaxanı Mədəniyyət evinə rəhbərlik edən S.Mustafayev burada “Arzular” ansamblını, ”Ayna” miniatür teatrını yaradıb.
1976-cı ildə mərhum bəstəkarımız Rəşid Nəsiboğlu ilə birlikdə “İrs” folklor ansamblını yaradıb. Qısa müddətdə dinləyicilərin diqqətini cəlb edən kollektiv ölkədə və xaricdə qastrollarda çıxış edir, festivallara qatılır. 1981-ci ildə respublika baxışında ansamblın fəaliyyəti yüksək qiymətləndirilib və ansambla dövlət statusu verilib. Ansambl 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun nəzdində fəaliyyət göstərir.
Sidqi Mustafayev uzunmüddətli yaradıcı fəaliyyətinə görə 14 sentyabr 2015-ci ildə “Əməkdar mədəniyyət işçisi” adına layiq görülmüşdü.
Allah rəhmət eləsin.
Mədəniyyət.- 2021.- 14
aprel.- S.5.