Murovdağ zirvəsi uğrunda
Şəhidlər vətən daşı, yurdun vətəndaşıdır,
Şəhidlər azadlığın uca heykəl daşıdır.
Şəhidlər məmləkətin, xalqın qan yaddaşıdır...
Şair Oqtay Zəngilanlının bir şeirindən seçdiyimiz bu misralar şəhid adının müqəddəsliyini necə də dəqiq ifadə edir. Vətən uğrunda gözünü qırpmadan düşmən üzərinə atılan, həyatını fəda edən qəhrəmanlarımızı yad etmək, xatirəsini əziz tutmaq hər birimizin borcudur. Bu dəfə 44 günlük Vətən müharibəsi şəhidi Nurlan Mürvət oğlu Əfəndiyev haqqında söz açacağıq.
Nurlan Əfəndiyev 8 oktyabr 1995-ci ildə Oğuz rayonunun Xalxalqışlaq kəndində anadan olub. İlk təhsilini kənd tam orta məktəbində alan Nurlan 2012-ci ildə şəhid İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbini bitirib. 2014-2015-ci illərdə Gəncə şəhərindəki N saylı hərbi hissədə xidmət keçib. Xidmətdə olduğu müddətdə dəfələrlə komandanlıq tərəfindən təşəkkürnamələr alıb, iki dəfə məzuniyyətə buraxılıb.
2020-ci ilin 27 sentyabrında Vətən müharibəsi başlayanda Nurlan da ön cəbhəyə yollanır. Onun da daxil olduğu hərbi birləşməyə ən çətin tapşırıq verilmişdi. Onlar Murovdağ silsiləsini düşməndən təmizləməli idilər. Nurlan da döyüşçü yoldaşları ilə bu çətin tapşırığın öhdəsindən layiqincə gəlirdi. Ancaq o, oktyabrın 6-da gərgin döyüşlərin birində qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucaldı.
Nurlan uşaqlıqdan zəhmətə bağlı böyüyüb. Bütün təsərrüfat işlərində ailəsinə kömək edib. Arzusu Fövqəladə Hallar Nazirliyində işləmək olub. O, həmçinin idmanın qaçış növü ilə məşğul olub, bir çox rayon səviyyəli yarışlarda iştirak edib.
Şəhidin qardaşı Tehran Əfəndiyev deyir ki, Nurlanın sadə, mülayim xasiyyəti vardı və onu tanıyan hər kəsin hörmətini qazanmışdı: “Onun qəlbi uşaqlıqdan Vətən sevgisi ilə döyünürdü. Torpaqlarımızın düşmən əsarətində qalması ilə heç vaxt barışmırdı. Deyirdi ki, gün gələcək torpaqlarımızı düşməndən azad edəcəyik. Vətən müharibəsinə də sevinclə, gülə-gülə yola düşdü”.
Tehran qardaşı ilə sonuncu dəfə sentyabrın 30-da əlaqə saxladıqlarını bildirir: “Həmin gün atamla danışdı. Dedi ki, narahat olmayın, hər şey yaxşıdı. Nə bilərdik ki, həmin gün Nurlanın evə sonuncu zəngi idi. O gündən sonra əlaqə saxlaya bilmədik. Oktyabrın 6-sı isə şəhid olduğunu eşitdik”.
Şanlı Azərbaycan Ordusu 44 gün ərzində düşməni yurdumuzdan qovdu. Nurlan kimi oğulların cəsurluğu ilə ölkəmiz bu haqq savaşından qalib çıxdı. İndi şanlı üçrəngli bayrağımız işğaldan azad olunan torpaqlarda, Şuşada dalğalanır.
Nurlan Əfəndiyev oktyabrın 7-də doğulduğu Xalxalqışlaq kəndində torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Ruhu şad olsun.
Nurəddin MƏMMƏDLİ
Mədəniyyət.- 2021.- 14
aprel.- S.6.