Alim-pedaqoq ömrü
Valeh Hacılar-70
Bu il tanınmış alim, şair, pedaqoq və ictimai xadim, Gürcüstan Ədəbiyyatşünaslıq Akademiyasının həqiqi üzvü, İ.Çavçavadze adına Tbilisi Dövlət Universitetinin professoru Valeh Hacıların (1951-2010) anadan olmasının 70 illiyi tamam olur.
Valeh Hacılar (Valeh Alpaşa oğlu Hacıyev) 15 aprel 1951-ci ildə Gürcüstanın Bolnisi rayonunun Darvaz kəndində dünyaya göz açıb. 1973-cü ildə M.F.Axundzadə adına Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutunun Rus-Azərbaycan filologiyası fakültəsindən məzun olub. Həmin il Tbilisi Dövlət Pedaqoji İnstitutunda (TDPİ) pedaqoji fəaliyyətə başlayıb. 1989-cu ildə TDPİ-nin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri seçilib və 17 il bu vəzifədə çalışıb.
1984-cü ildə Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunda “Azərbaycan dilində şeir qoşan gürcü aşıqları” mövzusunda namizədlik (fəlsəfə doktoru), 1993-cü ildə isə “Azərbaycan folklorunun səciyyəvi xüsusiyyətləri (Gürcüstandakı türkdilli folklor örnəkləri əsasında)” mövzusunda doktorluq dissertasiyaları müdafiə edib. 2000-ci ildə Gürcüstan Ədəbiyyatşünaslıq Akademiyasının şərqşünaslıq üzrə həqiqi üzvü seçilib.
Ədəbi əlaqələr, özəlliklə folklor əlaqələri, Gürcüstanın türkdilli folklor örnəklərinin toplanılması, tədqiqi, nəşri sahəsində səmərəli fəaliyyət göstərən alim dəfələrlə xarici ölkələrdə keçirilən elmi konfrans və simpoziumlarda Gürcüstan azərbaycanlılarının ədəbiyyat və mədəniyyətini layiqincə təmsil edib.
O, şair-tərcüməçi və Azərbaycanca-gürcücə ikidilli lüğətlərin və danışıq kitabçalarının ilk müəllifi kimi də tanınırdı. Şeirlərinin bir qismi gürcü dilinə tərcümə olunub, gürcü, rus, Ukrayna və abxaz poeziyasından dilimizə çoxsaylı tərcümələr edib.
Alim həm də Borçalı elinin saz-söz bulağından su içmişdi, aşıqların, el şairlərinin nəfəsi ona da dəymişdi. Yeri gələndə sazı sinəsinə basar, könül dünyasının ozan yaddaşı ilə baş-başa qalardı. 2000-ci ildə Tbilisidə nəşr olunmuş “Hərşənin ocağı” adlı kitabında müəllifin müxtəlif illərdə qələmə aldığı şeirlərindən seçmələr və eyniadlı poeması daxil edilib. Aşıq Vəkilə həsr etdiyi “Şirindi” şeirində yazırdı:
Sazdan ötrü darıxmışam, qardaşım,
De, hardasan, yenə
sənin yerindi.
Ha səslədim, səsim sənə çatmadı,
Boylananda
qarlı dağlar göründü…
Valeh Hacılar
Gürcüstan arxivlərində
xalqımızın tarixi
ilə bağlı mühüm sənədlərin
üzə çıxarılmasında
müstəsna xidmətlər
göstərib. Əslən Borçalıdan olan XIX əsrdə rus müstəmləkəçiliyinə
qarşı mübarizə
aparan, Osmanlı-Rusiya
(1877-1878) savaşında türk
ordusu sıralarında
böyük igidliklər
göstərən Mehralı
bəy Darvazlı və Borçalı mahalında qaçaq hərəkatı barədə
araşdırmalar aparıb,
monoqrafiyalar çap etdirib. Ümumilikdə 30-dan çox kitabın
müəllifidir.
Valeh Hacılar
fəal ictimai xadim olub. Azərbaycan
Yazıçılar Birliyinin,
Gürcüstan Prezidenti
yanında Təhsil Şurasının, elmi adlar verən Professorlar Şurasının
üzvü, Gürcüstan
Azərbaycanlı Ziyalılar
Birliyinin ilk sədri, Tiflisdə “Prometey” və “Qarapapaqlar”, Bakıda AMEA-nın Folklor İnstitutunun “Dədə Qorqud”, Türkiyədə “Milli folklor”, “Atatürk Universitetinin türkiyat araşdırmaları” elmi
jurnallarının redaksiya
heyətlərinin üzvü
idi.
2001-ci ildə Bakıda
Dünya Azərbaycanlılarının
I Qurultayında Gürcüstan
nümayəndə heyətinin
rəhbəri kimi çıxış etmiş,
Dünya Azərbaycanlılarının
Əlaqələndirmə Şurasının
üzvü seçilmişdi.
Azərbaycan-gürcü ədəbi-mədəni əlaqələrinin
inkişafındakı xidmətlərinə
və səmərəli
elmi-pedaqoji fəaliyyətinə
görə 1998-ci ildə
Gürcüstan Prezidenti
tərəfindən “Şərəf”
ordeni ilə təltif edilib.
Professor Valeh
Hacılar 23 yanvar 2010-cu ildə, 59
yaşında vəfat edib, doğma kəndində dəfn olunub.
Hazırda Darvaz kənd Mədəniyyət
evi onun adını
daşıyır. 2010-cu ildə Valeh
Hacılar Elmi-Mədəni Araşdırmalar Vəqfi
yaradılıb.
Mədəniyyət.- 2021.- 14
aprel.- S.6.