15 aprel Dünya
İncəsənət Günüdür
15 aprel vizual sənətlərin inkişafını və yayılmasını təşviq etmək məqsədilə Dünya İncəsənət Günü kimi qeyd edilir. Bu gün 2019-cu ildə UNESCO Baş Konfransının 40-cı sessiyasında təsis edilib.
Dünya İncəsənət Gününün qeyd olunması bədii yaradıcılıq ilə cəmiyyət arasında əlaqələrin möhkəmlənməsini, bədii ifadə müxtəlifliyinin önəmini və sənət adamlarının davamlı inkişafa verdiyi töhfələri vurğulamaq məqsədi daşıyır.
UNESCO-nun Baş direktoru Odre Azule bildirib ki, pandemiya zamanında Dünya İncəsənət Gününün qeyd edilməsi incəsənətin cəmiyyəti bir araya gətirmək, ilham vermək, birgə fəaliyyətə təkan vermək qabiliyyətini daha aydın nümayiş etdirmək baxımından xüsusilə önəmlidir.
Baş direktorun Dünya İncəsənət Günü haqqında ilk mesajında (2020) o da diqqətə çatdırılmışdı ki, 15 aprelin seçilməsi həm də bu tarixin dünya şöhrətli rəssam Leonardo da Vinçinin doğum günü (1452) olması ilə bağlıdır.
“Yüz minlərlə insanın təcrid olunmuş və ya pandemiya ilə mübarizədə olduğu bir vaxtda, böhran dövründə sənət insanları birləşdirə və aralarındakı əlaqələrin möhkəmlənməsinə təkan verə bilər. Böhrana baxmayaraq, sənət bu gün canlılığını nümayiş etdirir. Bir çox sənətçi və ifaçı tamaşaçıları ilə ünsiyyət qurmağa davam etməyə imkan verən yenilikçi və yaradıcı həll yolları tapır”, – deyə o bildirmişdi.
Baş direktorun sözlərinə görə, pandemiyanın məcburi təcrid dövrünü biz mədəniyyətə açıqlıq dövrü, cəmiyyətlə bədii yaradıcılıq arasındakı əlaqəni gücləndirmə dövrü kimi də dəyərləndirə bilərik. Muzeylərin, teatrların və konsert salonlarının bağlanması, konsert və festivalların ləğvi qeyri-müəyyən vəziyyətlə nəticələnib. Pandemiya səbəbindən görülən tədbirlər əhalinin mədəni xidmətlərdən istifadə imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Bu baxımdan günümüzün çətin dövrlərində və gələcəkdə sənətin qorunub saxlanmasını təmin etmək üçün mədəniyyətə dəstəyi və sənətin universal əlçatanlığını təşviq etməliyik: “İnsanın yaşaması üçün incəsənət də oksigen qədər əhəmiyyətli və vacibdir. Mədəniyyəti dəstəkləyən hərəkatdakı iştirakımızla sübut edək ki, bu sosial uzaqlaşma dövründə sənət bizi yaxınlaşdıra bilər”.
Qeyd edək ki, UNESCO 2020-ci ildə pandemiya başlayandan sonra incəsənətin gələcək inkişafına töhfə vermək üçün “ResiliArt” (“Davamlı İncəsənət”) adlı sənəti dəstəkləyən bir hərəkat elan etmişdi. Bu təşəbbüs çərçivəsində ötən dövrdə incəsənətin davamlılığını dəstəkləmək, kollektiv zəkanı səfərbər etmək üçün bu sahədə tanınmış şəxsiyyətlər və mütəxəssislərlə bir sıra qlobal virtual müzakirələr gerçəkləşib.
Onu da xatırladaq ki, UNESCO-nun 2019-cu ildə qəbul etdiyi qərara qədər 15 aprel dünyada qeyri-rəsmi olaraq “Beynəlxalq mədəniyyət günü” kimi qeyd olunurdu. Bu tarix isə 1935-ci il aprelin 15-də rus rəssamı, arxeoloq və yazıçı Nikolay Rerixin təşəbbüsü ilə Vaşinqtonda “Bədii, elmi müəssisisə və tarixi abidələrin qorunması haqqında” müqavilənin (“Vaşinqton paktı” və ya “Rerix paktı” adlanır) imzalanması ilə bağlı idi. “Vaşinqton paktı” mədəni irsin qorunması ilə bağlı ilk beynəlxalq sənəd sayılır. Sənədi 20-yə yaxın ölkə imzalamışdı. Sonradan bu paktın bir sıra müddəaları BMT və UNESCO-nun mədəni irslə bağlı sənədlərində əksini tapdı və inkişaf etdirildi.
Hazırladı: Lalə AZƏRİ
Mədəniyyət.- 2021.- 14
aprel.- S.1;2.