Qara niyyətlilərin “Qətl planı”

 

“Azərbaycan TeleviziyaRadio Verilişləri” QSC yeni film layihəsini təqdim edir. “Qətl planı” adlı televiziya layihəsi bədii-sənədli filmlər silsiləsindən ibarətdir. Layihənin ssenari müəllifi, yazıçı-dramaturq İlqar Fəhmi, quruluşçu rejissoru Ramil Ağasıyev, quruluşçu operatoru Fahir Səmədoğludur.

 

Artıq bu silsilədən üç film tamaşaçılara təqdim edilibmaraqla qarşılanıb. Bədii-sənədli filmlərin qəhrəmanları həm Orta əsrlərdə, həm də XIX-XX əsrlərdə yaşamış, faciəvi ölümləri ilə tarixə düşmüş ictimai-siyasi, mədəniyyət və elm xadimlərimizdir. Onların arasında ilk Cümhuriyyətimizin tanınmış simalarını, repressiya qurbanları olmuş məşhur ədib və ziyalıları görə bilərik. Ekran işləri bu tanınmış şəxsiyyətlərin ölüm səhnələri ilə başlayır və onların həyatının sonundan əvvəlinə doğru ekskurs edilir. Bəzi şəxsiyyətlərin müəmmalı ölümü  tarixi detektiv üslubda araşdırılır və müxtəlif fərziyyələr irəli sürülür.

 

Layihə ilə bağlı ilk olaraq İlqar Fəhminin fikirlərini öyrəndik. Dramaturq bildirdi ki, layihənin məğzində Azərbaycan tarixində baş vermiş müəmmalı ölüm hadisələri və yaxud başqa cinayətlərin müəyyən mənada yenidən araşdırılması dayanır və əlavə versiyalar ortaya qoyulur: “Həmin dövrdə ortaya çıxmayan və sonradan fərziyyə kimi irəli sürülən düşüncələr analiz edilir. Azərbaycan peşəkar teatr sənətinin banilərindən biri Hüseyn Ərəblinskinin ölümü, milli mesenat Hacı Zeynalabdin Tağıyevin kiçik oğlunun Lənkəranda qətli, milyonçu Murtuza Muxtarovun ölümü barədə  filmlərimiz təqdim edilib. Filmlərdə bu ölümlərin pərdəarxası araşdırılır”.

 

Ssenari müəllifi bu tipli layihənin Azərbaycanın televiziya məkanında ilk dəfə reallaşdığını dedi. Qeyd etdi ki, bədii-sənədli üslubda olduğu üçün filmlərdə əhvalatların bir hissəsi müsahiblər tərəfindən danışılır, müəyyən məqamlar isə bədii fonda təqdim olunur.

 

“Qətl planı”nın quruluşçu rejissoru Ramil Ağasıyev deyir ki, filmlərdə hər bir qətlin müxtəlif tarixi versiyaları, bu işdə maraqlı olan gizli siyasi qüvvələrin üzə çıxarılmasına cəhd edilir. Onun sözlərinə görə, növbəti film milyonçu Musa Nağıyevin müəmmalı oğurlanmasına həsr olunacaq: “İş prosesinin maraqlı anları olur. Həmin dövrün qəhrəmanını rejissor olaraq görməlisən, onun həyatının son dəqiqələrini düşünə bilməlisən. Çalışırıq seçdiyimiz aktyorların qəhrəmanlara oxşarlığı olsun. Yəni bədii-sənədli film qaydalarına uyğun bir prosesi ortaya qoyulur. Böyük zəhmət və məsuliyyətlə çalışan bütün heyətə təşəkkür edirəm”.

 

Sənədli kinonun əhəmiyyəti təkcə həyat hadisələrini birbaşa və müstəqil təhlil etməkdən ibarət deyil. O, konkret fakt və hadisələri tutuşdurmaq, təhlil etmək üçüngeniş imkanlara malikdir. Elə bu səbəbdən də təqdim olunan layihənin hər buraxılışı maraqla izlənilir.

 

LALƏ

 

Mədəniyyət.- 2021.- 16 aprel.- S.4.