İki dahinin
işığında...
Bakıdakı Yunus
Əmrə İnstitutunun layihəsi
Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi münasibətilə ölkəmizdə “Nizami ili” elan edilən 2021-ci il qardaş Türkiyədə də böyük şair və mütəfəkkir Yunus Əmrənin vəfatının 700 illiyi münasibətilə “Bizim Yunus ili” elan olunub.
Bir müddət əvvəl Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıç bizimlə söhbət zamanı bu əlamətdar ildönümləri ilə bağlı Nizami Gəncəvi və Yunus Əmrəyə həsr olunan televiziya layihələri təqdim etməyi planlaşdırdıqlarını demişdi.
Səlçuk bəyin bəhs etdiyi, Yunus Əmrə İnstitutunun hazırladığı təqdimat-tamaşanın məşqini bu günlərdə Beynəlxalq Muğam Mərkəzinin səhnəsində izləmək imkanı qazandıq. İki hissədən ibarət tamaşanın birincisi Yunus Əmrəyə, ikincisi Nizamiyə həsr olunub.
Öncə Nizami dünyasına səyahət etdik. Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi, Şərqi və Qərbi əsrlər boyu məftun edən Nizami Gəncəvinin zəngin yaradıcılığında humanizm ideyaları xüsusi yer tutur.
Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının şagirdləri Nizami hikmətlərindən seçmələri səhnədən səsləndirdikcə dahi şairin əsrlərdir təravətini itirməyən fikirlərinin çağımızla necə səsləşdiyini görürsən. Əsərlərindəki yüksək idealların daha aydın anlaşılmasına xidmət edən hekayət və əxlaqi-didaktik məzmunlu təmsillərin gözəl nümunələrini yaradan mütəfəkkir şair ictimai-fəlsəfi düşüncələrini bəzən heyvanların dili ilə oxuculara çatdırır. Tamaşada Nizaminin səkkiz əsr öncə verdiyi mesajlar gənc aktyorların ifasında maraqlı formada təqdim olunur.
İkinci səhnədə isə Şərq aləminin daha bir mütəfəkkirinin işıqlı dünyasına qərq oluruq. Tanrıya üz tutan dərvişlər dərvişi Yunus Əmrə bütün yaradıcılığı boyu Yaradanı sevməkdən, onun qüdrətini tərənnüm etməkdən usanmayıb. Əksinə, Allaha olan sevgisini böyük zövqlə qələmə alaraq insanları ürfana səsləyib. İlahi sevgi ustadın dirilik adlandırdığı həyatın içindədir. Bütün tamaşa boyu biz həmin həyatın güzgüsünü görürük. O həyat ki, dünya adlanan fani nəsnənin ayrılmaz tərkibidir. Bu dünyanın bütün yolları axirətə aparır. Kimi bu uzun və keşməkeşli yollarda çirkaba bulaşır, kimi də ruhunu və ürəyini pak saxlayaraq Tanrının hüzuruna alnıaçıq, üzüağ çıxır. Bu təzadlar içində insan paklaşır, saflaşır, yaxud da başqa səmtə yönəlir...
Bütün bu fəlsəfi və işıqlı dünyanın ibrətamiz, hikmətli kəlamlarının təsirindən ayrılıb məşqi diqqətlə izləyən layihənin rəhbəri, tamaşanın ssenari müəllifi, Azərbaycanda və Türkiyədə tanınan rəssam Günay Zebicə (Mehdizadə) təqdimatla bağlı suallarımızı ünvanlayırıq.
Günay xanım bildirir ki, Yunus Əmrə İnstitutu ilə birgə hər iki dahinin əlamətdar ildönümlərinə töhfə olaraq belə bir layihəni hazırlamaq qərarına gəliblər: “Tamaşalarda hər iki dahinin yaradıcılığına toxunmuşam. Nizami Gəncəvinin “Xəmsə”si, Yunus Əmrənin “Divan”ı və şeirlərindən istifadə edilib. Tamaşanın aktyor heyəti İncəsənət Gimnaziyasının şagirdləridir. Bu qrupla artıq beş ildir çalışıram. Kollektivlə Türkiyə və Azərbaycanın qardaşlığına həsr olunan layihələr həyata keçirmişik. Bunlardan 2017-ci ildə Bursa şəhərində “Qardaş məktəb”, 2018-ci ildə yenə Bursada “Azərbaycan Cümhuriyyətinin 100 illiyi və Qafqaz İslam Ordusunun Bakıya gəlişi”, 2019-cu ildə Kayseri şəhərində “Nəsimi 650” layihələrini qeyd edə bilərəm. Ötən il Abşeron rayonundakı “Qobu park – 3” yaşayış kompleksindəki “Xarı bülbül” incəsənət mərkəzində COVİD-19 pandemiyası ilə mübarizəyə həsr olunmuş “Biz birlikdə güclüyük” tablomun təqdimatı olub və “Xarı bülbül” adlı kiçik tamaşamızı nümayiş etdirmişik. Təqdimatlarımız həmişə maraqla qarşılanıb. İnanıram ki, bu tamaşanı da uğurla təhvil verəcəyik”.
Layihənin rəhbəri Nizami Gəncəvi və Yunus Əmrə kimi böyük şairlərin şeir və poemalarını canlandırmaqdan qürur hissi keçirdiyini deyir: “Hazırda tamaşa üzərində işin əsas hissəsini görmüşük. May ayının əvvəllərində tamaşa İctimai Televiziya vasitəsilə sənətsevərlərə təqdim olunacaq”.
Məşq bitir, işıqlar sönür... İki qüdrətli söz ustadının yaşadığı dövrlərin zaman kəsiyi də əsrlərlə ölçülür və bir həqiqət bu qaranlıq zalda öz işığını saçmaqda davam edir. Bu işıq iki dahinin insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılıqlarının əbədi şöləsidir....
L.AZƏRİ
Mədəniyyət.- 2021.- 16
aprel.- S.4.