Bu da bir qismətdir...
Azərbaycan Televiziyasının veteran rejissoru, yarım əsrdən
artıq dostluq etdiyim
Məhərrəm Bədirzadə haqqında...
Altbaşlıqdakı cümlədə “vida sözü”nü qəsdən yazmadım. Çünki gənclik illərindən son gününə qədər həmişə ayaqda görməyə adət etdiyim Məhərrəm qardaşıma nə ”vida”, nə də “ölüm” sözünü yaraşdıra bilmirəm. Tanışlığımızın tarixi yarım əsrdən yuxarı olsa da, mənə elə gəlir ki, mən ömrüm boyu bu pozitiv insanı tanımışam.
Onunla saysız-hesabsız layihələrimiz olub. O, uşaqlıq illərindən son günlərinə qədər az qala hər bir ideyasını mənimlə müzakirə edərdi. Elə ölümündən bir gün qabaq da zəng vurmuşdu. Bəzən də özü dediyi kimi “elə-belə”, hal-əhval tutmaq üçün zəng edərdi. Onun zəngləri insana pozitiv əhval bəxş edərdi. Məhərrəm daim axtarışda olan, nəsə etmək istəyən və həmişə nəsə edən yaradıcı bir insan idi.
Nə etməli, insan ömrü başdan-başa müəmmadır. İnsan həyata gəldiyi andan olmasa da, onu dərk etdiyi andan, sanki hər an həyatdan köçməyini gözləyir. İnsanın həyata gəlişi də, gedişi də qismətdir. Tanrı birinə az, digərinə çox az həyat payı verir. Dahi Cəfər Cabbarlıya 35, Asəf Zeynallıya 23, Hüseyn Ərəblinskiyə 38, Mikayıl Müşfiqə 30, Bəhruz Kəngərliyə 30 yaş ömür payı qismət olub.
Lakin, bu
müxtəlif zaman kəsiyinə baxmayaraq, millətimizin bu dahi şəxsiyyətləri adlarını
tarixə yaza biliblər. Əsas olan da budur. Hər kəs
həyatın fani olduğunu bilir.
Həyata gəlmək insandan asılı olmadığı
kimi, həyatdan köçmək də ondan asılı deyil, qismətdir. Bəzən adama
elə gəlir ki, insanlar müxtəlif
zaman müddətinə
bu dünyaya ezam olunub, bu
müddət bitən
kimi dünyanı tərk edirlər.
Dostum, qardaşım
Məhərrəm Bədirzadəyə
ulu Tanrı 76 illik ömür payı qismət etdi. Əslində, az zaman deyil. Bu zaman kəsiyində xeyli iş görmək olar və Məhərrəm
kifayət qədər
iş görüb, adını Azərbaycan Televiziyası tarixinə yaza bildi.
Məhərrəm Əlisəftər oğlu
Bədirzadə 1945-ci il yanvar ayının 13-də Bakı
şəhərində ziyalı
ailəsində dünyaya
göz açıb.
O, gənclik illərindən
sənətə maraq
göstərib və bu maraq onu
əvvəl Gənc Tamaşaçılar Teatrının
(GTT) aktyoru Süleyman
Ələsgərovun dram dərnəyinə,
sonra isə M.Əliyev adına
Azərbaycan Dövlət
İncəsənət İnstitutunun
Rejissorluq fakültəsində
Mehdi Məmmədovun kursuna gətirib. Mən və qardaşım Cəfər GTT-nin aktyoru Məmmədağa Dadaşovun dram dərnəyinə
gedirdik. Bizim elə
bu illərdən başlanan tanışlığımız
möhkəm dostluğa
çevrilərək, son günlərə
qədər davam edib. O, bizim evin, mən və qardaşım Cəfər isə onun evinin üzvünə
çevrilmişdik.
Yaxşı yadımdadır, Məhərrəm
institutu bitirdikdən sonra bir müddət
radioda çalışdı. Müəllimi Mehdi Məmmədovun hazırladığı “Canlı
meyit” tamaşasında
assistent oldu. Məhərrəm radioda işləsə
də, rejissor assistenti kimi fəaliyyət göstərsə
də, onun arzu və istəyi,
əlbəttə ki, televiziya idi. O, tez-tez televiziya ilə bağlı arzularını danışar
və gələcək
planları ilə məni tanış
edərdi. Mən gec-tez onun televiziyada çalışacağına
inanır və onu da inandırmağa
çalışardım.
Nəhayət, 1971-ci ildə onun arzuları çin oldu və dostum
Azərbaycan Televiziyasında
işləməyə başladı. Məhərrəmin sevincinin həddi-hüdudu
yox idi. Saysız-hesabsız arzularının böyük hissəsi həyata keçdi. Azərbaycan Televiziyasında maraqla izlənilən neçə-neçə
populyar veriliş məhz onun adı ilə bağlı idi. “Səhər görüşləri”,
“Dalğa”, “Gəlin, birlikdə gülək”, “Gəzdim Azərbaycanı”,
“Günaydın”,
“Ocaq başı”
və sair verilişlər dostumu ölkə miqyasında məşhur etdi.
Dostum həm istedadlı, həm də zəhmətkeş bir insan idi. Daim çalışır,
axtarır və yeni-yeni yaradıcılıq
nümunələri ilə
tamaşaçıları sevindirirdi. “Mənim günahım”, “Qayınana
əməliyyatı”, “Bağdada
putyovka var”, “Gəl, qohum olaq”, “Mən sənin dayınam”, “Gəlinlər”, “Yol yoldaşları”, “Sonuncu şahid”, “Mənim üçün varsan”, “Təlatüm”, “Gürzə”, “Ünvansız
eşq”, “Səni axtarırıq”, “Dələduzlar”,
“Zirvə yolunun xoşbəxt adamı”, S.Ə.Şirvaninin həyatına
həsr olunmuş “Aləmdə səsim var”, N.Günün “Tanrı bəşər övladıdır” povesti
əsasında “Qırmızı
kərpicli evin Tanriısı” filmləri
dediklərimin bariz nümunəsidir. Bu televiziya filmləri onun son işləri idi. Son iki
filmin ssenarisi dostumuz, dramaturq Çingiz Ələsgərliyə
məxsusdur.
Məhərrəm 30 yaxın film və televiziya tamaşasının
müəllifi olub. O, “Humay”
və “Qızıl dərviş” mükafatları
laureatı idi. Məhərrəm Bədirzadə son illərdə “Yada düşər xatirələr”
adlı silsilə verilişlər hazırlayaraq,
həyatdan köçmüş
sənətkarları vaxtaşırı
tamaşaçıların yadına salırdı.
Sənətkarların unudulmasına biganə
qala bilmirdi.
O, 76 illik bir ömür
yaşadı. Azdır, çoxdur
bilmirəm. Tanrının qisməti belə idi. Hər zaman sənətdə
öz sözünü
deməyə çalışdı
və deməliyəm
ki, buna nail də oldu. İndi sənət aləmində
Məhərrəm Bədirzadə
adı çox söz deyir.
Məhərrəm çalışdı, ev qurdu,
ailə sahibi oldu. Xuraman xanım kimi
sədaqətli və
qayğıkeş bir
ömür-gün yoldaşı
ilə bütöv bir ömür yaşadı. Xuraman xanım
onun ömrünün
bəzəyi, iki qız övladının
anası, nəvələrinin
nənəsi oldu.
Dostum qızları üçün
sevimli ata, nəvələri üçün
əziz baba oldu. O, ancaq övladlarına və nəvələrinə deyil,
hamıya, hər kəsə mehriban bir insan oldu.
Mehribanlıq qanında və
canında idi.
Onu teatr, kino, mədəniyyət və incəsənət aləmində tanımayan
yox idi. O da hamını tanıyırdı.
Məhərrəmin bir
çox arzuları çin olsa da, həyata keçməyən arzuları
da az
olmadı. Mən və qardaşım
onun bir çox tamaşalarında
müxtəlif səpkili
obrazlar oynadıq.
Məhərrəm mənim
və qardaşım Cəfər Namiq Kamalın iştirakı ilə N.Vəzirovun “Hacı Qəmbər” və bəstəkar dostumuz Eldar Mansurovla Georgi Xuqayevin “Sevgilimin anası” əsərlərinin
televiziya tamaşalarını
hazırlamaq istəyirdi.
Nə etməli, insan hansı yaşda olmağından asılı
olmayaraq, həmişə
arzularla yaşayır.
İnsanı yaşadan arzulardır.
Bəlkə elə Məhərrəmin
bu yaşa çatmağına və
həmişə ayaqda
olmağına da səbəb elə bitib-tükənməyən arzuları
idi? Lakin insan, təəssüf
ki, heç də həmişə istək və arzusuna çata bilmir. Qismət olanla kifayətlənməli
olursan. Qədim bir məsəl
var. Deyirlər ki, qismət olsa gələr Yəməndən,
qismət olmasa düşər dəhəndən.
Məhərrəm peşəkar səviyyəli
televiziya rejissoru olmaqla yanaşı, həm də maraqlı bir aktyor idi. Onun M.F.Axundzadənin
“Mürafiə vəkilləri”ndə
yaratdığı obraz
(Ağa Kərim) dediyimin bariz nümunəsidir. Onun yaratdığı
obraz plastikası, rəngarəngliyi və zənginliyi baxımından
diqqətəlayiq idi.
Mən dostum Məhərrəmin nişanından
başlayaraq, övladlarının
və nəvələrinin
bütün xeyir işlərində iştirak
etmişəm. O, mənim və qardaşımın
haqqında “Sənətkar
ömrü” verilişlərinin
müəllifi olub. Məhərrəm istedadlı və
peşəkar səviyyəli
insan olaraq istedada və peşəkarlığa həmişə
yüksək qiymət
verib. Görkəmli sənətkarımız Nəsibə xanım Zeynalovanın son günlərini
belə tarix üçün çəkməyə
çalışırdı.
O, bir çox xasiyyətlərinə görə
başqalarından seçilirdi.
Çatışmazlığı şax üzə
deməyi bacaran bir insan idi.
Hətta
səlahiyyətli şəxsə
belə səhvini üzünə deməkdən
çəkinməzdi. O, teatr tarixini yaddaşında saxlayan nadir bir insan idi. İstənilən tamaşa haqqında ondan dəqiq məlumat almaq olardı. Dostların əhatəsində olmaqdan xüsusi zövq alardı. Gənclik dostu rejissor Mərahim Fərzəlibəyovu,
dramaturq Çingiz Ələsgərlini və
başqalarını çay
süfrəsində başına
toplayıb, teatr və sənət söhbətləri etməkdən
xüsusi həzz alardı. Bəzən mən də
qardaşım Cəfərlə
belə söhbətlərdə
iştirak edir və dostumuzun şirin söhbətlərinin
şahidi olurduq.
Bu gün o görüşlər
və söhbətlər
üçün çox
darıxıram. Kaş zamanı geri
qaytara biləydik.
Son dövrlərdə nə qədər sənətkarlarımızı itirdik. Kaş Məhərrəm Bədirzadə sağ olaydı, yenə dostlar bir yerdə
çay süfrəsinə
toplaşıb, onun şirin söhbətlərinə
qulaq asıb, yenə onun teatr yaddaşına heyran qalaydıq. Yenə dostumuz gözlənilmədən
ayağa qalxıb, evinə tələsəydi.
Ancaq nə etməli, bizim istəyimiz ayrı, qismət isə tamam ayrıdır. İstəməsək də, tale yazısı ilə, qismətlə barışmaq məcburiyyətindəyik.
Əziz dostum, mehriban insan, Məhərrəm qardaşım, sən cismən bizimlə olmasan da, xatirən daim bizimlədir. Səni unutmaq mümkünsüzdür. Çünki sən əbədi olaraq mənim və dostlarının qəlbində, xatirəsində və yaddaşındasan. Bizlər yaşadıqca sən də yaşayacaqsan, əziz, mehriban, yerində sərt, yerində kövrək, sözü üzə deyən Məhərrəm Bədirzadə. Nə etməli, bu da bir qismətdir...
İlham Namiq KAMAL
Xalq artisti,
professor
Mədəniyyət.- 2021.- 16
aprel.- S.6.