Gənclər Kitabxanası “Cəfər
Cabbarlı. Biblioqrafiya” nəşrini təqdim
edib
2019-cu ildə – XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, şair, ssenarist, tərcüməçi, incəsənət xadimi Cəfər Cabbarlının 120 illiyi tamam oldu. Bu münasibətlə ölməz sənətkarın adını daşıyan Respublika Gənclər Kitabxanası Cəfər Cabbarlının biblioqrafiyasını yenidən işləmək qərarına gəlib və bu istiqamətdə araşdırmalar iki ilə yaxın davam edib. Gərgin zəhmət və axtarışlar nəticəsində ərsəyə gələn biblioqrafiya onun yaradıcılığını və haqqında yazılmış materialların 1907-2020-ci illərini əhatə edir.
Dörd mindən yuxarı mənbəni əhatə edən, ümumi və 4 xüsusi hissədən ibarət olan biblioqrafiyanın layihə rəhbəri Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev, elmi redaktoru və ön sözün müəllifi filologiya elmləri doktoru, professor İslam Qəribli, elmi məsləhətçi tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Kazımi, tərtibçilər kitabxananın əməkdaşları Tamella Məmmədova və Yeganə Sadıqlıdır.
Biblioqrafiyanın ümumi hissəsində ölkə başçısının Cəfər Cabbarlının 120 illiyi haqqında sərəncamı, göstərici haqqında qısa məlumat, “Əbədiyaşar sənətkar” adlı ön söz, Cəfər Cabbarlının həyat və yaradıcılığının əsas tarixləri, ədibin seçilmiş fikirləri görkəmli şəxsiyyətlərin Cəfər Cabbarlı haqqında söylədikləri fikirlər təqdim olunur.
Biblioqrafiyanın 9 yarımbölmədən ibarət olan I hissəsi C.Cabbarlının Azərbaycan dilində çap olunmuş əsərlərini əhatə edir. Burada sənətkarın kitabları, kitablarda, dərsliklərdə, məcmuələrdə və dövri mətbuatda dərc edilmiş əsərləri, məqalələri, çıxışları, məktubları, müsahibələri, xatirələri və tərcümələrinin çap olunduğu mənbələr xronoloji ardıcıllıqla verilib.
“Cəfər Cabbarlının həyat və yaradıcılığı haqqında” adlı ikinci hissədə 12 yarımbölmədə ədibin irsi haqqında yazılan kitab, məqalə, monoqrafiya, dissertasiya, sözlərinə yazılmış mahnılar və s. haqqında biblioqrafik təsvirlər qruplaşdırılaraq təqdim olunub.
Vəsaitin “Əlavələr” bölməsində “Elektron kitablar”, “Filmoqrafiya”, “Arxiv materialları”, “İzomateriallar”, “İnternet resursları” və “Cəfər Cabbarlının gizli imzaları” yarımbölmələri də verilib.
Biblioqrafiyanın III hissəsini sənətkarın əsərləri, həyatı və yaradıcılığı haqqında rus və digər dillərdə olan materialların siyahısı təşkil edir.
Biblioqrafik göstəricidə ədəbiyyat bölmələr daxilində xronoloji prinsip əsasında, əlifba sırası ilə təqdim edilib. Vəsaitdə ilk dəfə “Cəfər Cabbarlı dünya kitabxanalarında” bölməsi də verilib.
Nəşrdən istifadəni asanlaşdırmaq məqsədilə tərtib edilən “Köməkçi göstəricilər” adlı IV hissə Azərbaycan və rus dilində olmaqla iki bölmədən ibarətdir.
Biblioqrafiyanın tərtibçiləri
Cəfər Cabbarlı adına Respublika Gənclər
Kitabxanası, M.F.Axundzadə adına Milli
Kitabxana, AMEA Mərkəzi Elmi
Kitabxanası, Nizami adına Ədəbiyyat
İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu,
BDU, ADPU və ADMİU-nun kitabxana
fondlarından, internet resurslarından, C.Cabbarlının Ev-Muzeyi, C.Cabbarlı adına Dövlət
Teatr Muzeyi, M.Füzuli adına Əlyazmalar İnstitutunun, S.Mümtaz
adına Dövlət Ədəbiyyat və İncəsənət
Arxivinin sənədlərindən istifadə
ediblər.
Mədəniyyət.- 2021.- 16
aprel.- S.6.