“Əsərləri bu gün də qibtə hissi
oyadır”
Malayziya qəzetində Nizami
Gəncəvi haqqında məqalə
Malayziyanın “Utusan Malaysia” qəzetinin 20 aprel tarixli sayında dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş məqalə dərc edilib.
“Nizaminin əsərləri bu gün də qibtə hissi oyadır” sərlövhəli məqalədə dahi şairin 880 illiyi münasibətilə Azərbaycan Prezidenti tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edildiyi bildirilir. Şərq İntibahının qabaqcıl təmsilçisi olan Nizaminin Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Gəncə şəhərində dünyaya göz açdığı nəzərə çatdırılır.
Yazıda şairin dünya mədəni irsinə 5 poemadan ibarət bəxş etdiyi “Xəmsə”dən bəhs olunur. Bu poemalardan, xüsusilə “Leyli və Məcnun”un malayziyalı ədəbiyyatsevərlərə də tanış olduğu, sonrakı tarixlərdə bu poemanın təsiri ilə müxtəlif müəlliflər tərəfindən yeni əsərlərin qələmə alındığı, fransız kinematoqraflar tərəfindən istehsal edilmiş eyniadlı bədii filmin isə 1933-cü ildə Malayziyada nümayiş etdirildiyi qeyd edilir.
Məqalədə bildirilir ki, Nizami Gəncəvinin əksər dünya dillərinə tərcümə olunmuş əsərlərinin əlyazma nüsxələri bu gün Bakı, Moskva, Sankt-Peterburq, Daşkənd, Təbriz, Tehran, Qahirə, İstanbul, Yeni Dehli, London, Paris kimi şəhərlərin kitabxana və muzeylərində qorunur.
Məqalədə, həmçinin 2012-ci ildə təsis edilmiş Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə və onun fəaliyyətlərinə yer verilərək, təşkilatda beynəlxalq səviyyədə tanınmış bir sıra şəxslərin təmsil olunduğu, mərkəzin əsas missiya kimi təhsilin, tolerantlığın və dialoqun təşviq edilməsinə yönəlmiş layihələr həyata keçirdiyi qeyd edilir.
Mədəniyyət.- 2021.- 21
aprel.- S.2.