Şimşək nərəli...
“dəli”-dolu yağımlı, zərif
misralı, haqq sevdalı, “vağzalı”
dualı Tofiq Bayram!
Bu sözlərin onun hələ sağ çağdaşları tərəfindən yüzə-yüz dəstəklənəcəyinə əmin, bu qeyri-poetik dövrdə vaxt tapıb mütaliə edən müasirlərininsə, düzə-düz hesab edəcəklərinə arxayınam. Bəlkə “köhnə” oxucuları arasında, ona məxsus bu sayaq epitetləri az işlətdiyimə görə, məni qınayanlar da olacaq...
Həmin o özünəməxsusluqlardan biri – Azərbaycan Radiosunun 50 illiyi münasibətilə yazdığı “Mehdi Hüseyn küçəsi - 1” şeirini ekranda necə gurlaması, biri – “Gərək elə yanım!”, “Ay gecikən məhəbbətim!” kimi ülfət-xiffətlərini “ikili” (pıçıltılı və hayqırtılı) tonda nə sayaq bəyanı, “qiraət-atomluğu, təkrarsız tribunluğu...
Hə, əfəndilər, bu şairin sir-sifət eləyə-eləyə, əl-qol ata-ata, qeyri-adi yanımla söylədiyi şeirləri sükutla oxuyanda başqa anımlar yaranır...
O, bir çox sovet tərənnümçülərinə nisbətdə xeyli “naxələf vətəndaş” kimi tanınırdı. Kremldə vaxtaşırı dəyişən hər növbəti rəhbərə, tez-tez “yeni redaksiyada” meydana çıxan ideologiyalara “qələm-rəncbərlik” etmir, “Leninin kitablarına baxmaq” yarışmalarında “dəstədən geri” qalırdı. Qol qoyduğu, könül verdiyi mövzuların təqdim orijinallığında isə...
Məsələn; hər soydaşımızın həyatında (əsasən) bircə kərə çalınan məlum havanın əkiztayını (mətn gəlin-bacısını) yaratdığı “Vağzalı çalınır”. Yaxud hamını (“Dərsə gedən bir uşaq”dan tutmuş, görüşə yürüyən cavanlara, kommunizmə tələsən böyüklərə qədər) yıxan buz üstdə “əsl kişi oyunu” adlandırdığı xokkey (“Əsrin oyunu”). Hələ... əksəriyyətin etiraf etməyə utandığı (ömrü boyu öz ürəyində qövr etdirdiyi) “retro”-sevgini bütün duyğu nüansları ilə ərz etdiyi “Ay gecikən məhəbbətim!”...
Bu nümunələri xeyli artırmaq olardı – əgər bu şairlə bağlı digər həyati nəsnə-nümunələr olmasaydı.
Onlarsa o
qədər çox ki...
Bu fani dünyaya sıradanbir gəlimdən,
fərqli yaşayıb-seçmə
gedimə yol çox uzun, çox yüklü...
Bu “yük”də 26 yaşında
“Ana təbəssümü” adıyla çap etdirdiyi otuz altı səhifəlik ilk
kitabından ölümündən
az əvvəl nəşr edilmiş “Ay gecikən məhəbbətim”
adlı son (12-ci) kitabınadək
bir dastanlıq fəaliyyət aləmi var şairin. Ovaxtların “qardaş xalqlar poeziyası” silsiləsindən A.Tvardovskidən,
R.Həmzətovdan dilimizə
çevirdiyi (dostlarının
təbirincə) “Tofiqləngər
tərcümələr” var. Bu məqamda qeyd etməli ki, onun Rəsul Həmzətovdan tərcümələri
o illərin hadisəsi
kimi qiymətləndirilərdi.
Həmin o Həmzətov
isə... sonralar (Qarabağ hadisələrinin
başlanğıcında) Azərbaycan həqiqətini
erməni yalan-yamanlarına
satmaq cəhdləri etdi...
O dövrdə “partiya və hökumətin” (bütün düşüncələrində
azad, hərəkətlərində
sərbəst) Tofiq Bayramdan kəsdiyi qədir-qiyməti xalq, qələm dostları verirdi: “sözü üzədeyən”, “qəlbi
dilində”...
Kağız-qələm aləmindən əlavə,
ömür-gün yolu,
yaşam-qoşam tərzi
də ərz edir ki, həyatın
reallıq zəlzələ-vəlvələləri
onu nəsil-şəcərə
ənənələrindən yayındıra bilməyib.
Bu şair sovetin “qan-qan” vaxtlarında deyib:
Qalxıb
Şahdağına söz
istəyirəm,
Çatsın hay-harayım dinləyənlərə,
Mən
“nankor” deyirəm,“nacins” deyirəm –
Öz ana dilini bilməyənlərə!
Şair
var – elə bil əl toğlusudur,
Vicdanı keyiyir tumar görəndə.
Mən vətənə, “Füzuli,
Abbas Səhhət” deyirəm!
Mən vətənə, “Sabiri
Doğan
qeyrət”, deyirəm!
1934-cü ilin son ayında
Əmircanda doğulub,
1991-ci ilin aprelində
elə o yurdun məzarlığında dəfn
olunmuş bu şairin sinəsində hər digər görəvlilərdən daha
həssas, daha kövrək bir qəlb daşıması
azmış kimi, “...yaddançıxmaz Qarabağ”
onu daha da kövrəldib kükrətmişdi. Bu dərd haqda “xısın-xısın”la
danışan bəzi
həmkarlarına öz
xarakter “orijinal”ındakından
bir az
da artıq, daha zildən gurlayırdı hərdən.
“Kremlin valı, Bakının yalı ilə üstümüzə
hürənlərin zibilinə
düşmüşük”, “Qızlarının gözü
həmişə başıpapaqlılarımızda,
dığalarının nəfsi
torpaqlarımızda!” kimi
poetik-replik sözlər
işlədərdi ermənilərin
ünvanına.
Bu poetik-replik acıqnamələr
onun malik olduğu dərin, dəqiq məlumatlardan doğurdu. APİ-nin
Tarix fakültəsini
bitirmiş, əmək
fəaliyyətinə “Azərbaycan
müəllimi” qəzetində
şöbə müdiri
kimi başlamışdı.
Sonra Radio-Televiziya Verilişləri Komitəsində
redaktor, Opera və Balet Teatrında ədəbi hissə, “Ulduz”da, “Ədəbiyyat və incəsənət”də
şöbə müdiri,
“Yazıçı” nəşriyyatında
baş redaktor müavini. Ömürsonları
isə yaradıcılıq
“vəzifə”ləri...
Bu adamın “poetik konstitusiyası”na görə, şair “...Elin qəzəbiylə qabarmalıdır, O, ana bətnindən məzar evinə Ürəyi tərtəmiz aparmalıdır...”
Əlli altı illik ömrünün otuzdan çoxu yazıb-yaratmaqda
keçib. Ancaq, sözə o qədər
məsuliyyətlə yanaşıb
ki, vur-tut on iki kitablıq yaza bilib. Dostlarının dediyi kimi, hər an, hər gün şeir haqda düşünüb-daşınsa
da, qələmə hələm-hələm yaxınlaşıb.
Lap bir mahnıda deyildiyi kimi; “üç gündən bir, beş gündən
bir”. Görünür, elə buna
görədir ki, hər ay bir kitab “göbələkləyənlərə”
nisbətdə daha oxunaqlıdır bu şair. Şeirləri ürəklərə işləyəndir.
“Ürək” dedim, yaranmışların ən
müqəddəslərinə həsr etdiyi bir şeiri yadıma düşdü:
–
“Qadın ürəyi”
Şairin gur-gur poetik gurultuyla (əslində, döyüntülərlə) nəzmə
çəkdiyi bu ürəyi qısaca və xəfifcə (“tıp-tıp”ı) və
üstüncə bir nəsranəliklə təqdim
etmək istər könül. Nədən ki, bu ürək sahibləri dünya əhalisinin yarıdan çoxunu təşkil edir (azlıq çoxluğa tabe!). Bu ürəyin
daşıyıcıları kitabxana, təlim-tərbiyəxana
yaraşıqları, hamının
həyat yolu gərəyi, bütün
dahilərin ilham mələyi...
Necə
rəhmlidir, necə amansız,
Necə
mehribandır qadın
ürəyi!
Sən onu sındırsan, bil ki, a qansız,
Ağlayan kamandır qadın ürəyi.
“Qansız”! İstənilən hakim-məhkəmə hökmündən daha sərt, daha pərt səslənmirmi?
Bəs sonra?
...Güldürsən, ömürlük
səadətindir,
Söndürsən, yanmağı bir də çətindir.
O, əsl qayğının,
məhəbbətindir,
Sevgisiz zindandır
qadın ürəyi.
“Ömürlük səadət”...
Və bunu qazanmaqçün heç bir fiziki əməyə, zəhmətə, var-dövlətə,
zər-zibaya ehtiyac yox. Sadəcə, “güldürsən”...
Tofiq Bayram yaradıcılığından
yazmaq bir çətindir, onu oxumaq isə beş asan,
on beş xoş!
Bu şairin bir beyti var ki,
ortasından beş-üç
kəlməni götürsən,
qarğış kimi səslənər; - “dünyada
hər ana... ağlayaydı kaş”.
Elə ki fikrin “təkcə toy günündə” əlavəsində
cəmlənir, işıqlı
bir alqışa çevrilir bu qarğış!...
Bir evdən bir evə səadət gedir,
Biri yola salır, biri səsləyir.
Bir ana qızını burda ləngidir,
Bir ana həsrətlə gəlin
gözləyir.
...Gedirsən, ən şirin arzu-kam kimi,
“Vağzalı” çalınsın,
get yavaş- yavaş.
Dünyada hər ana öz anam kimi
Bircə
toy günündə ağlayaydı
kaş...
Bu şair bu qəbil
“vağzalı”dan əbədi
nakam bir sevgi haqda da
gözəl misralar yazıb:
İllər boyu səni gəzdim,
Ay gecikən məhəbbətim!
Sən yubandın, mən tələsdim,
Getdi gənclik təravətim,
Ay gecikən məhəbbətim!
Saç
ağartdım bu yollarda,
Harda idin, söylə, harda?
Bir yarpağam, son baharda
Saralıram yetim-yetim,
Ay gecikən məhəbbətim!...
Sözümün sonunda buraqədərki xiffətli bəhslərə bir əlçim –
Təbəssüm...
Dil-ağızlarda “çox mehriban”, “safqəlb”, “zarafatcıl” kimi hallandırılan bu şair haqda belə bir söz də gəzirdi: “içən idi”... Amma, deyirlər, bunun özündə də bir poetiklik varmış. Bunu bir kərə bədahətən söylədiyi beş bəndlik bir şeirinin sonuncu misrası: “Kaş göydən yağış yox, araq yağaydı” və dostlarından birinin həyətində qaçışan “inkubator” cücələrini görərkən qəfləti xitabı da təsdiq edir: “Hara qaçırsınız, ay tər balalar, Səyyar “zakuska”lar, kəhər atlılar!”
Tahir ABBASLI
Mədəniyyət.- 2021.- 21
aprel.- S.6.