Görkəmli ekslibris ustası

 

Ötən əsrdə bəzi yerli tədqiqatçıların ölkəmizdə ekslibrislərin (kitab nişanlarının) tarixini sovet dönəmi ilə bağlaması barədə əsassız fikirlərinin qarşılığında qeyd etmək lazımdır ki, həm də kitab mədəniyyətinin ayrılmaz hissəsi olan bu nümunələr dünyada ilk dəfə məhz Azərbaycanda yaradılıb.

 

Məlumat üçün bildirək ki, yaranma tarixi Orta əsrlərə gedib çıxan ekslibrislərin meydana gəlməsi ilk növbədə Şərqdə kitab mədəniyyətinin inkişafının yeni mərhələyə daxil olması ilə bağlı olub. Belə ki, əgər əvvəllər əlyazmaların üzərindəki hər hansı yazı ilə onun kimə məxsusluğu bildirilirdisə, sonralar tərtibatçılar bu qeydə bədii forma verməklə, Qərbdə “ekslibris” adlandıralacaq bu nişan-elementi kitabın ayrılmaz hissəsinə çevirmiş oldular.

 

Əlavə edək ki, Avropanın elmi ədəbiyyatında həmin məkanda XV əsrdən məlum olan kitab nişanlarının adına bir termin kimieklibris” formasında XVI-XVII əsrlərdən rast gəlmək mümkündür. Ekslibris barədə yazılan və bizim günlərə gəlib çatmış bütün Avropa-rus məlumatlarında qrafikanın bu növünün səhv olaraq bilavasitə Avropada yarandığı iddia olunur. Təəssüf ki, bu xoşagəlməz tendensiya, bu məsələyə yanlış “elmi yanaşmabu günə kimidavam etməkdədir. Faktlar isə başqadaha inandırıcı həqiqətlərin mövcud olduğunu təsdiqləyir.

 

Hələ XIII əsrdə Nəsirəddin Tusinin Marağa rəsədxanası kitabxanasının, XVI əsrdə Şah İsmayıl Xətainin saray kitabxanasının, XIX əsrdə Abbasqulu ağa Bakıxanovun, Mirzə Fətəli Axundzadənin zəngin kitabxanalarının olması Azərbaycan kitab nişanı tarixinin lap qədimlərə gedib çıxma ehtimalını təsdiqləyir. Basma möhürlərlə yanaşı, tuğralarla nişanlanmış əlyazmaları və digər yazı nümunələri bu mənada böyük əhəmiyyət kəsb edir. Qiymətli metallardan, daşlardan hazırlanmış üzük-möhürlər, təsbeh-möhürlər və s. hələ İslamın yarandığı dövrlərdən mövcud olub. Onların bizim dövrə gəlib çatan qədim nümunələri də çoxdur. Ayrı-ayrı adamlara məxsus olan bu nişanların əksəriyyəti zövqoxşayan gözəl xəttatlıq nümunələrindən və naxışlardan ibarətdir.

 

Bizim dövrə gəlib çatmış ən qədim Azərbaycan kitab nişanları təxminən XIII-XV əsrlərə aiddir. Marağada azərbaycanlı sənətkarlar tərəfindən üzü köçürülmüş “Mənafi əl-heyvan” (XIII əsr, Nyu-Yorkda Morqanın kitabxanasındadır) kitabındakı nişan (burada onun sifarişçisi Şəmsəddin ibn Ziyəddin Zuşəkinin adı yazılıb) bənzərsiz sənətkarlıq nümunəsi sayıla bilər. On iki guşəli ulduz formasında olan bəzəkli xonçanın içərisində gözəl xətlə kitab sahibinin adı yazılıb.

 

Vaxtilə Baysunqur Mirzənin kitabxanasında saxlanılan (XV əsr, indi Dublində Çester Bittinin kitabxanasındadır) Sədinin “Gülüstan” əsərinin təbrizli xəttat tərəfindən üzü köçürülmüş nüsxəsinin, NizamininXosrovŞirin” əsərinin XV əsrdə üzü köçürülmüş nüsxəsinin (Vaşinqtonda Frir qalereyasında saxlanılır), “Qurani-Kərim”in XIV əsrdə Marağada yazılmış nüsxəsinin (Dublində Çester Bittinin kitabxanasındadır) ilk səhifələrindəki sənətkarlıqla yaradılmış müxtəlif formalı nişanlar da əski nümunələrdən sayılır...

 

Tədqiqatlar göstərir ki, Azərbaycanda kitab nişanlarına maraq sonralar da davam edib. Bu mənada həm XIX, həm də XIX əsrin sonu – XX əsrin əvvəllərində də yeni-yeni ekslibrislərin yaradıldığını qeyd edə bilərik. Onların bədii cəhətdən əvvəlkilərdən fərqləndiyini – yenidaha sadə formalar aldıqlarını vurğulamaqla, bu sahənin davamlı inkişafının məhz sovet dönəmində – SSRİ məkanındakı təhsil ocaqlarında qrafika  sahəsində mütəxəssislərin hazırlanması (orada tələbələrə qrafikanın bu janrı tədris olunurdu) ilə bağlı olduğunu etiraf etməliyik. XX əsr Azərbaycan qrafikasında ekslibris sahəsində çalışanların çoxluğunu qeyd etməklə, o vaxtlar gənc olan Rəşid Mirişlinin (1930-1975) hamıdan daha çox – davamlı şəkildə məşğul olduğunu deməliyik.

 

Rəşid Mirişlinin eklibrisləri ilə tanışlıq göstərir ki, o, qrafika sənətinin digər janrlarında olduğu kimi, kitab nişanı yaratmaq sahəsində də yüksək bədii-estetik məziyyəti, mövzu rəngarəngliyi, müasirlik duyumu ilə seçilən əsərlər yaradıb. Bu da onun yaradıcılığının milli təsviri sənətimizdə özünəməxsus yer tutduğunu söyləməyə əsas verir...

 

Naxçıvanda tanınmış Mirişlilər nəslindən olan aktyor Mir Həsənin ailəsində dünyaya göz açan Rəşid, əvvəlcə musiqi sahəsinə meyilli olub bu sahədə orta təhsil alsa da, sonradan ecazkar rənglər aləmi onu daha çox özünə cəlb edib. Əvvəlcə Bakıdakı məşhur “Əzimzadə məktəbi”ndə (1945-1950) ixtisas alıb. Bundan sonra əmək fəaliyyətinə başlamaqla  təhsilini M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində (1961-1966) qiyabi olaraq davam etdirib. Gənc rəssamın həmin illərdən başlayan yaradıcılıq yolu qısa, lakin çox məhsuldar olmuşdur.

 

Başqa sözlə desək, o, ürəyində gəzdirdiyi arzularını həm rəngkarlıq, həm də qrafika sahəsində yaratdığı çoxlu sayda əsərlərlə ifadə edib. Həmin əsərlərin onun 1968-ci ildə Naxçıvanda, 1971-ci ildə isə Bakıda təşkil olunmuş fərdi sərgisində sənətsevərlərlə yanaşı, ən tələbkar sənət xiridarlarını da heyrətləndirməsi də, arxada qalan yaradıcılıq yolunun səmərəli olmasından xəbər verirdi.

 

Əlavə edək ki, “Əzimzadə məktəbi”ni bitirəndən sonra əvvəlcə orta məktəbdə rəsm dərslərini tədris edən Rəşid Mirişli, bir qədər sonra – 1955-ci ildən “Azərbaycan qadını” jurnalının bədii redaktoru vəzifəsində çalışmağa başlayıb. Jurnal qrafikasına yaxınlıq həm də onun kitab nişanlarına maraq göstərməsinə zəmin olub.

 

Altmışıncı illərdə Azərbaycan SSR Maarif Nazirliyində yaradılan “Uşaqların estetik tərbiyəsi üzrə metodik kabineti”ndəki fəaliyyəti isə onun təşkilatçı və təbliğatçı istedadının üzə çıxmasına imkan verib. Bütün bunlarla yanaşı, o, yaradıcılıq işlərini də davam etdirib, rəngkarlıq və qrafika sahəsində bir-birindən maraqlı əsərlər ərsəyə gətirib. Onların arasında rəssamın yaratdığı ekslibrislər özünəməxsus estetikası ilə seçilir.

 

Qeyd etmək lazımdır ki, ötən əsrin altmışıncı illərində Azərbaycanda ekslibrisin duyulası inkişafı baş verib. Bunun başlıca səbəblərindən biri bu janra Respublika Kitabsevərlər Cəmiyyətinin xüsusi diqqət yetirməsi ilə yanaşı, Bakı ekslibrisçilər klubunun fəaliyyət göstərməsi olub. Respublikanın tanınmış fırça ustalarından Ə.Rzaquliyev, C.Müfidzadə, M.Vlasov, A.Pestun-Dibrovski, V.Xruslov və Y.Şalıgina ilə yanaşı gənc R.Mirişlinin həmin dövrdə ekslibrisə ciddi maraq göstərməsi də dediklərimizi təsdiqləyir.

 

Rəşid Mirişlinin bədii-estetik tutumuna görə bu gün də əhəmiyyətini qoruyub saxlayan kitab nişanları Azərbaycan qrafika sənətinin yaddaqalan uğurlarından sayılmağa layiqdir. Bu mənada onun Azərbaycanın görkəmli şəxsiyyətlərinə, ədəbiyyat və incəsənət xadimlərinə həsr etdiyi ekslibrislər xüsusilə əhəmiyyət kəsb edir. Rəssamın mütəfəkkir şairimiz İ.Nəsimi (1973), görkəmli söz xiridarları M.P.Vaqif (1967) və H.Cavid (1972), müğənni Bülbül (1972) ilə bağlı kitab nişanları bu qəbildəndir.

 

Onun tanınmış fırça ustası Mikayıl Abdullayev (1974), Altay Hacıyev (1968), Arif Hüseynov (1971), Arif İbrahimov (1970), nəşriyyatçı Şəddat Cəfərov (1973), şairlər İslam Səfərli (1973), Nəbi Xəzri (1972), Hikmət Ziya (1974),  Məmməd Araz (1973), Zeynal Vəfa (1975), bəstəkar Ramiz Mirişli (1971), jurnalist Rövşən Mirişli (1972), geoloq Qriqori Kizel (1973), həkim Adil Mirişli (1975), yazıçı Anar (1975), aktyor Məmmədrza Şeyxzamanov (1975) və müğənni Şövkət Ələkbərovaya (1965) ünvanlanmış kitab nişanlarında forma-biçimlə məna-məzmunun sıx əlaqəsi duyulmaqdadır.

 

Rəssamın bilavasitə özünə həsr etdiyi çoxsaylı ekslibrislərdə, eləcə də doğmaları Nisəxanım, Lalə və Fuada həsr edilmiş müxtəlif kitab nişanlarında da müəllifin yığcam kompozisiyaları həmin şəxsləri səciyyələndirə biləcək bədii ayrıntılardan tərtib etmək bacarığı qabarıq duyulmaqdadır.

 

Bütün yaradıcılığı boyu əldə etdiyi bədii-texniki vərdişləri və ruhunda daşıdığı yaradıcı potensialı incəliklə kitab nişanlarında ifadə etməyi bacaran Rəşid Mirişli bunun sayəsində əl içinə yerləşə biləcək ekslibris kompozisiyalarının həm də düşündürücülüyünə nail ola bilib. Onların ümumi tutumunun bənzərsizliyini şərtləndirən başlıca bədii xüsusiyyət müəllifin yığcam təsvirlərdən və şərti-rəmzi ayrıntılardan uğurla istifadə edə bilməsidir. Ağ-qara cizgilərin axıcı ritminə və ahəngdarlığına tapınan müəllif bununla qrafik tutumun cəlbediciliyini əldə edib.

 

İmadəddin Nəsimini şam və kitablı rəhillə, Molla Pənah Vaqifi onun vəsf etdiyi durnalarla, Hüseyn Cavidi buludlu səma, Bülbülü ürəkaçan təbiət motivi, Mir Həsən Mirişlini teatr maskaları ilə, Arif İbrahimovu salxım söyüdlərlə, Məmməd Arazı Naxçıvan mənzərəsi, Ramiz Mirişlini İlandağa bağlı musiqi açarı ilə, gənc Rövşən Mirişlini uçan qağayılarla, Altay Hacıyevi qrafika alətləri, Mikayıl Abdullayevi palitra və fırçalarla, Məmmədrza Şeyxzamanovu teatr binası və maskalarla qovuşuqda təqdim edən rəssam bununla da obrazına müraciət etdiyi insanların peşəsinə və maraq dairəsinə inandırıcı və yaddaqalan bədii aydınlıq gətirə bilib. Elə bunun nəticəsidir ki, zamanında görkəmli fırça ustası M.Abdullayev Rəşid Mirişlini kitab nişanının böyük ustası adlandırmışdı. Tanınmış sənətşünas Paşa Hacıyevin onun yaratdıqlarını səmimiyyət və lirizm dolu mənəvi qaynaq adlandırmasını da elə M.Abdullayevin verdiyi yüksək qiymətin təsdiqi saymaq olar...

 

Ziyadxan ƏLİYEV

Əməkdar incəsənət xadimi, professor

 

Mədəniyyət.- 2021.- 21 aprel.- S.7.