“Can Azərbaycan”
yaradıcılıq müsabiqəsinin
yekun virtual sərgisi
Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqının
dəstəyi, Azərbaycan
Dövlət Rəsm Qalereyası, “İWS Azerbaijan” (İWS Globe – Beynəlxalq Sulu boya Cəmiyyətinin Azərbaycandakı
nümayəndəliyi) və
Xətai Sənət Mərkəzinin təşkilatçılığı
ilə keçirilən
“Can Azərbaycan” Respublika
yaradıcılıq müsabiqəsinə
yekun vurulub.
Aprelin 20-də yaradıcılıq müsabiqəsinin yekun virtual sərgisi təşkil olunub. Sənətsevərlər Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin sosial media hesabları vasitəsilə sərgini izləmək imkanı qazanıblar.
Qrafika texnikası üzrə 30-a yaxın, akvarel üzrə 40-dan çox vətənpərvərlik mövzusunda əsərin nümayiş etdirildiyi virtual sərgi dahi bəstəkar Fikrət Əmirovun “Kürd ovşarı” simfonik muğamının sədaları ilə müşayiət olunub.
Qeyd edək ki, ötən ilin noyabrında elan olunan müsabiqənin məqsədi akvarel və qrafika texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, rəssamların yaradıcılığında ölkəmizin tərənnümü, habelə Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi rəşadəti və milli birliyimizi təsviri sənətdə əks etdirmək idi.
Azərbaycan və xarici ölkələrdən olan qrafika və akvarel ustaları əsərlərini bu ilin 5 mart tarixinədək Xətai Sənət Mərkəzinin “Facebook” sosial şəbəkə səhifəsində müəllif və əsər haqqında müvafiq məlumatları qeyd etməklə yerləşdirmişdilər.
Müsabiqədə qrafika nominasiyası üzrə Elmir Məmmədovun “Qarabağ - Cıdır düzü” əsəri I, Günel Quliyevanın “Şuşa fatehi” rəsmi II, Əbülfəz Fərəcoğlunun “Xarı bülbülün xilası” əsəri isə III yerə layiq görülüb.
Akvarel nominasiyası üzrə Hafiz Kərimovun “Şahbuzda ilk bahar” rəsmi I, Fatma Kılıçın “Can Azərbaycanın yanındayıq” əsəri II, Feyzi Məmmədovun “Sübh çağı” əl işi isə III yeri qazanıb.
LALƏ
Mədəniyyət.- 2021.- 23
aprel.- S.3.