Dahi azərbaycanlı musiqiçinin sənət
işığında
Moskvada Vokalçıların Müslüm Maqomayev
adına VI Beynəlxalq Müsabiqəsi keçirilir
23-24 aprel tarixlərində Moskvada Vokalçıların Müslüm Maqomayev adına VI Beynəlxalq Müsabiqəsi keçiriləcək. Müsabiqənin təşkilatçısı Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondudur. Müsabiqənin birinci turu “Vegas City Hall”, ikinci turu (final) isə “Crocus City Hall” səhnəsində təşkil olunacaq.
Bu il mötəbər müsabiqədə Azərbaycanı gənc vokalçılar İslamə Abdullayeva və Mahir Tağızadə təmsil edəcək. Artıq iştirakçıların çıxış sırası ilə bağlı püşklər atılıb. Sıralamada İslamə Abdullayeva 3-cü, Mahir Tağızadə isə 5-ci nömrə ilə çıxış edəcək.
Müsabiqəyə Rusiya, Ukrayna, Belarus, Monqolustan və digər ölkələrdən iştirakçılar qatılıb.
Bu müsabiqə qabiliyyət, istedad və sənətkarlığını həm klassik, həm də estrada repertuarında göstərmək imkanı olan vokalçıların yaradıcılığına baxışdır. Müsabiqədə 20-35 yaş arasında olan xüsusi musiqi təhsilinə malik ifaçılar, yaxud ali musiqi məktəblərinin və kolleclərinin tələbələri iştirak edə bilərlər. Münsiflər heyətinə aparıcı opera solistləri, populyar musiqi ulduzları, dirijorlar, musiqili teatrların rejissorları, beynəlxalq prodüser şirkətlərinin nümayəndələri dəvət olunurlar. Münsiflər heyətinin sədri Müslüm Maqomayevin həyat yoldaşı, SSRİ Xalq artisti Tamara Sinyavskayadır.
Müsabiqənin əsasnaməsinə görə, I, II və III yerlər üçün müvafiq olaraq qızıl, gümüş, bürünc medallar, eləcə də 15 min, 10 min, 5 min ABŞ dolları məbləğində pul mükafatı və laureat adları nəzərdə tutulur.
Xatırladaq ki, 2016-cı ildə keçirilən IV müsabiqədə Azərbaycandan İlham Nəzərov (kontratenor) 1-ci, Məhərəm Hüseynli (bariton) 2-ci yeri tutmuşdu.
Vokalçıların Müslüm Maqomayev adına Beynəlxalq Müsabiqəsi iki ildən bir keçirilir. Sayca 6-cı müsabiqə 2020-ci ilin oktyabrına nəzərdə tutulsa da, pandemiya səbəbindən ertələnmişdi.
LALƏ
Mədəniyyət.- 2021.- 23
aprel.- S.2.