Kitablara sevgi – müəlliflərə sayğı

 

 

23 aprel Dünya Kitab və Müəllif Hüquqları Günüdür

 

Kitab çapının meydana gəlməsindən əsrlər ötsə də, mənəvi və əqli sərvətlərimizin nəsildən-nəslə ötürülməsində kitablar əvəzsiz rol oynayır. Çağımızın az qala hər günü texnoloji yeniliklərlə müşayiət olunur, insanların informasiya almaq imkanları sürətlə genişlənir. Ancaq ənənəvi kitablara olan tələbat hələ də qalmaqdadır.

 

Kitabın meydana gəlməsi həm də müəlliflik anlayışının yaranması deməkdir. Kitab mədəniyyətinin geniş yayılması, nəşrlərin dövriyyəsinin artması müəlliflik hüququnun da yaranmasına səbəb olub.

 

Müəlliflik hüququ anlayışı ilk dəfə kitab çapının vətəni Almaniyada meydana gəlib. Əvvəllər yalnız ədəbiyyat sahəsinə, ədəbi əsərlərin müəllifliyinə aid edilən bu anlayış 1870-ci il iyunun 11-də Almaniyada qəbul edilən qanunla mülkiyyətin bütün formalarına şamil olunub.

 

XX əsrdə müəlliflik hüququ məsələsi xüsusilə kitab nəşri sahəsində daha da aktuallaşaraq beynəlxalq əhəmiyyət kəsb etməyə başlayıb. 1995-ci il noyabrın 15-də  UNESCO Baş Konfransını 28-ci sessiyasında “Dünya Kitab və Müəllif Hüquqları Gününün təsis olunması da bu məsələyə verilən beynəlxalq önəmin göstəricisi idi.

 

UNESCO-nun müvafiq qətnaməsində 23 aprelDünya Kitab və Müəllif Hüquqları Gününün (World Book and Copyright Day) tarixi dünya şöhrətli söz ustaları - ingilis şairidramaturqu Vilyam Şekspirin (1564-1616), görkəmli ispan yazıçısı Migel de Servantesin (1547-1616) və perulu məşhur tarixçi-yazar İnka Qarsilaso de la Veqanın (1539-1616) adları ilə bağlıdır. Onların hər üçü eyni ilin eyni günündə (23 aprel) vəfat ediblər. Dünya Kitab və Müəllif Hüquqları Günü bu yazıçıların xatirəsinə ehtiram olaraq məhz aprelin 23-də qeyd edilir.

 

Əlamətdar günün məqsədi hər kəsi, xüsusilə gəncləri kitab oxumaqdan həzz almağa və bəşəriyyətin sosial və mədəni tərəqqisinə xidmət edən insanların əməyinə sayğı, kitablara və müəlliflərə hörmətlə yanaşılmasıdır.

 

Dünya Kitab və Müəllif Hüquqları Günü Azərbaycanda 1997-ci ildən qeyd olunur. Bu münasibətlə hər il Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin təşəbbüsü ilə silsilə tədbirlər təşkil edilir. Eyni zamanda ölkəmizin bir sıra mədəniyyət ocaqlarında kitab sərgiləri, təqdimatlar gerçəkləşir, müəlliflərlə görüşlər keçirilir.

 

Mədəniyyət təqviminin digər əlamətdar günləri kimi, Dünya Kitab və Müəllif Hüquqları Günübu il pandemiyanın doğurduğu sosial məhdudiyyətlər çərçivəsində qeyd olunur. Lakin istənilən vəziyyət və şəraitdə kitab insanın ən sadiq dostudur. Elə UNESCO-nun builki Dünya Kitab və Müəllif Hüquqları Günü üçün devizibu yöndədir: “Oxu ki, heç vaxt özünü tənha hiss etməyəsən”.

 

NURƏDDİN

 

Mədəniyyət.- 2021.- 23 aprel.- S.2.